Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya
Komitəsinin prezidenti Patrik Hikkiyə “Şərəf” ordeni təqdim edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı
ilə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki “Şərəf”
ordeni ilə təltif olunub.
Dövlətimizin
başçısı iyunun 17-də yüksək
mükafatı Patrik Hikkiyə təqdim edib.
Prezident
İlham ƏLİYEV dedi:
- Cənab
prezident, ilk növbədə Sizi yubileyiniz münasibətilə
təbrik etmək istərdim. Çox şadam ki, Siz ad
gününüzü Bakıda, əminəm, Sizə
çox yaxın olan bir ölkənin paytaxtında qeyd
edirsiniz. Fürsətdən istifadə edərək Avropada
idmanın, Olimpiya hərəkatının inkişafı naminə
həyata keçirdiyiniz işlərə görə Sizə
təşəkkürümü bildirmək istərdim.
İyirmi
ilə yaxındır Avropa Olimpiya ailəsinin üzvü
olaraq mən Sizin qitəmizdə idmanın inkişafına
sadiqliyinizə, fəaliyyətinizə və fədakarlığınıza
çox yaxşı bələdəm. Mən Avropa Olimpiya
Komitəsinin iclaslarında bizim birgə iştirak etdiyimiz
vaxtları xatırlayıram. Təəssüf ki, hazırda mən
işimlə əlaqədar iclaslarda iştirak edə bilmirəm,
lakin Sizin fəaliyyətinizi yaxından izləyirəm. Mən
Sizi dünyada Avropa idmanının təbliği ilə
bağlı əldə etdiyiniz böyük nailiyyətlər
münasibətilə təbrik etmək istəyirəm.
Əlbəttə
ki, ilk Avropa Oyunlarının təşkili ilə bağlı
Avropa Olimpiya ailəsinin dəstəklədiyi qərar tarixi qərar
idi. Biz ilk Oyunları Bakıda keçirməkdən qürur
duyuruq. Bu, bizə ölkəmizi təqdim etmək,
imkanlarımızı nümayiş etdirmək və möhtəşəm
tədbiri təşkil etmək imkanı verir. Biz ictimaiyyətin
bu tədbirə böyük maraq göstərdiyini
görürük. Əminəm ki, Oyunlar sona çatandan sonra
biz minlərlə insanın, xüsusilə uşaqların
idmana marağının artmasının, çempion
olmağa çalışmasının şahidi
olacağıq. Bu, Azərbaycanda idmanın gələcək
inkişafında olduqca müsbət rol oynayacaq.
Avropada,
Azərbaycanda idmanın və Olimpiya hərəkatının
inkişafındakı böyük nailiyyətləri nəzərə
alaraq mən Sizin Azərbaycanın ən ali
mükafatlarından biri olan “Şərəf” ordeni ilə təltif
edilməyinizlə bağlı Sərəncam
imzalamışam və onu Sizə təqdim etmək istəyirəm.
Prezident
İlham Əliyev “Şərəf” ordenini Patrik Hikkiyə təqdim
etdi.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik HİKKİ
dedi:
- Cənab Prezident, bu, mənim üçün şərəfdir.
Bu yüksək mükafata görə Sizə təşəkkür
edirəm. Biz birlikdə uzun yol qət etmişik.
Mən Sizi şəxsən uzun illərdir tanıyıram. İndi mən
Azərbaycanı və
Azərbaycan vətəndaşlarını
yaxından tanımaq imkanını əldə
etmişəm. Bura mənim
ikinci evim kimidir. Mən burada özümü çox rahat hiss edirəm, hər kəsdən ehtiram görürəm. Bütün Avropadan
mənə Oyunların
təşkili, keçirildiyi
yerlər, buradakı rəqabətlilik, qonaqpərvərliklə
bağlı fikirlər
bildirirlər. İndiyədək mən heç bir şikayət almamışam - nə nəqliyyat, nə qida, nə də
başqa məsələlərlə
bağlı.
Patrik Hikki birinci Avropa Oyunlarının ilk günlərində
Azərbaycan idmançılarının
qazandıqları böyük
uğurlar münasibətilə
Prezident İlham Əliyevi və xalqımızı təbrik
etdi.
Azərbaycan.-2015.-
18 iyun.- S.3.