Milli Məclisdə Azərbaycan-Macarıstan
əlaqələri ilə bağlı fikir
mübadiləsi aparılıb
İyunun
17-də Azərbaycan Respublikası Milli Məclisinin sədri
Oqtay Əsədov ölkəmizdə səfərdə olan
Macarıstan Respublikası Milli Assambleyasının sədri
Laszlo Köverin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb.
AZƏRTAC
xəbər verir ki, Oqtay Əsədov Bakıda birinci Avropa
Oyunlarının keçirildiyi vaxta təsadüf edən bu səfərin
ölkələrimiz arasında əlaqələrin
inkişafına təkan verəcəyini bildirib.
Milli
Məclisin sədri qonağa “Bakı-2015” birinci Avropa
Oyunları barədə məlumat verib. O, Oyunlarda geniş
nümayəndə heyəti ilə iştirak edən
Macarıstan idmançılarının böyük nailiyyətlər
qazandıqlarına diqqəti cəlb edib.
Azərbaycan-Macarıstan
əlaqələrindən danışan Milli Məclisin sədri
bu əlaqələrin yüksək səviyyədə
olduğunu qeyd edərək deyib: “Dövlət
başçılarının qarşılıqlı səfərləri
münasibətlərin inkişafında mühüm rol
oynayır. Bu cür səfərlər iki ölkə
arasında hüquqi bazanı daha da möhkəmləndirəcək.
İndiyədək Azərbaycan ilə Macarıstan arasında
40 sənəd imzalanıb”.
Milli
Məclisin sədri iqtisadi əməkdaşlığın da
genişləndirilməsinin vacibliyini vurğulayıb: “Ölkələrimizin
iqtisadi sahədə böyük potensialı var. Son dövrlər
bu sahədə artım müşahidə olunur”.
Qanunverici
orqanlarımızın münasibətlərindən bəhs
edən Oqtay Əsədov bildirib: “Parlamentlərarası əlaqələrimiz
yüksək səviyyədədir. Hər iki parlamentdə
dostluq qrupları fəaliyyət göstərir. Beynəlxalq
parlament təşkilatlarında bir-birimizi dəstəkləyirik”.
Milli
Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsindən də söhbət
açıb. Bildirib ki, bu münaqişə nəticəsində
Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri
tərəfindən işğal edilib, bir milyondan artıq azərbaycanlı
öz ölkəsində qaçqın və məcburi
köçkünə çevrilib. Azərbaycan
münaqişənin sülh yolu ilə həllində
maraqlıdır. BMT, ATƏT, Avropa Şurası, İslam
Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq
qurumlar Ermənistanın işğal altında
saxladığı torpaqları geri qaytarması barədə
qərar və qətnamələr qəbul etməsinə
baxmayaraq, rəsmi Yerevan bu gün də təcavüzkar siyasətini
davam etdirir. Azərbaycan münaqişənin beynəlxalq
hüququn norma və prinsipləri çərçivəsində,
sülh yolu ilə həllinə tərəfdardır.
Milli
Məclisin sədri Macarıstan-Azərbaycan parlamentlərarası
dostluq qrupunun Ermənistanın Azərbaycan torpaqlarını
işğal etməsi ilə bağlı qətnamə
hazırladığını və yaxın zamanlarda həmin
qətnaməyə baxılacağını xatırladaq
deyib: “İstərdik ki, Macarıstan parlamenti Xocalı faciəsinə
də münasibət bildirsin”.
Macarıstan
Milli Assambleyasının sədri Laszlo Köver Azərbaycanda
gedən inkişaf proseslərindən məmnunluğunu ifadə
edib.
Birinci
Avropa Oyunlarından danışan Laszlo Köver bu Oyunların
yüksək səviyyədə keçirildiyini söyləyib.
O, Azərbaycan idmançılarına uğurlar arzulayıb,
onların daha çox medal qazanacağına
inandığını deyib.
Laszlo
Köver bildirib ki, iki ölkə arasında əlaqələr
sürətlə inkişaf edir. Yüksək səviyyəli
qarşılıqlı səfərlər münasibətlərin
inkişafında mühüm rol oynayır. Parlamentlərarası
əlaqələrin də inkişafı məmnunluq
doğurur.
Görüşdə
bildirilib ki, Macarıstan Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir və
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həllinin tərəfdarıdır. Problemin həll edilməsi
üçün beynəlxalq ictimaiyyət ciddi səy göstərməlidir.
Münaqişə ilə bağlı qəbul edilən
bütün sənədlər mütləq yerinə yetirilməlidir.
Azərbaycan.-2015.- 18 iyun.- S. 3.