Rusiya bədii gimnastika üzrə qrup çoxnövçülüyü yarışlarında qalib gəldi

 

Dünən I Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə qrup çoxnövçülüyü yarışları keçirilib. Ukrayna, Bolqarıstan, Finlandiya, Belarus, İspaniya, İtaliya, İsrail, Azərbaycan, Almaniya, Yunanıstan, İsveçrə, Rusiya və Fransa gimnastları medallar uğrunda mübarizə aparıblar. Nəticədə Rusiya komandası 35,300 xalla yarışların qalibi olub.

İsrail komandası gümüş  (35.050), Belarus  millisi isə  bürünc medala (34.850)  layiq görülüblər.

Bədii gimnastların mübarizəsində sonrakı yerləri İspaniya (34.250), Bolqarıstan (34.150), Ukrayna (34.150), İtaliya (34.000), Almaniya (33.050), Azərbaycan (32.150), Fransa (31.250), Finlandiya (31.250), Yunanıstan (30.850) və  İsveçrə (30.450) idmançıları tutublar.

Xatırladaq ki, Rusiya Federasiyasının gimnastları lent ilə qrup çıxışlarını birinci pillədə başa vurublar (18.000). Komandalar arasında digər yerlər bu ardıcıllıqla sıralanıb: İspaniya (17.350), İsrail (17.350), Ukrayna (17.050), İtaliya (17.000), Almaniya (16.950), Belarus (16.950), Azərbaycan (16.700), Bolqarıstan (16.650), Fransa (16.300), İsveçrə (15.500), Yunanıstan (15.150), Finlandiya (14.900).

Üç cüt gürz və iki halqa ilə çıxışlarda isə Belarus (17.900) qrupu fərqlənib. Sonrakı yerlərdə İsrail (17.700), Bolqarıstan (17.500), Rusiya Federasiyası (17.300), Ukrayna (17.100), İtaliya (17.000), İspaniya (16.900), Finlandiya (16.350), Almaniya (16.100), Yunanıstan (15.700), Azərbaycan (15.450), İsveçrə (14.950) və Fransa (14.950) qrupları qərarlaşıblar.

Lent ilə yarışlar başa çatdıqdan sonra komandamızın baş məşqçisi Mariana Vasileva demişdir: “Belə hakimlik haqqında nə demək olar? Artıq bunlara adət etməliyəm, lakin hər dəfə ağlayıram”. Digər fikirlərimi Avropa Oyunları başa çatdıqdan sonra bildirəcəm. İndi heç nəyə şərh vermək istəmirəm. Təkcə onu qeyd edim ki, hər bir idmançımız üçün mübarizə aparacam”.

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov da hakimlərdən narazı qalmışdır: “Bizə qarşı hakimlik növbəti dəfə son dərəcə ədalətsiz idi. Bəzi komandalar kobud səhvlər etsə belə, yekun nəticədə bizdən üstün olmuşlar. Anlamıram axı bu necə mümkün ola bilər. Bu ədalətsizliyə son qoymaq üçün həm Avropa, həm də Beynəlxalq Gimnastika Federasiyasına  müraciət edəcəyik”. 

 

Azərbaycan.-2015.- 18 iyun.- S. 4.