Güllə atıcılığı
üzrə yarışlarda serbiyalı idmançılar birinci olublar
Dünən Bakı Atıcılıq Mərkəzində qadınlar və kişilər arasında 10 metr məsafəyə güllə atıcılığı üzrə yarışlar başa çatmışdır. Milli Komandamızın veteranı 373 xal toplayaraq 26-cı yerdə qərarlaşmışdır. Digər təmsilçimiz Nərminə Səmədova isə 35-ci yeri tutmuşdur (360 xal). Beləliklə hər iki idmançımız mübarizəni dayandırıblar. Səkkiz ölkədən idmançıların mübarizə apardıqları final mərhələsində serbiyalı Zorana Arunoviç 199.5 xal qazanaraq qızıl medala sahib olub. Beləliklə o, “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıb.
Yarışda gümüş medalı ispaniyalı Sonya Franquet, bürünc mükafata isə belaruslu Viktoriya Çayka layiq görülüb.
Təəssüf ki, Azərbaycan idmançıları Rəsul Məmmədov və Ruslan Lunyov da kişilər arasında 10 metr məsafədən hava tapançası ilə atəşaçma yarışının təsnifat mərhələsində mübarizəni dayandırmalı olublar. Ruslan 574 xalla 19-cu, Rəsul isə 559 xalla 32-ci yeri tutublar.
Kişilər arasında 10 metr məsafəyə hava tapançası ilə atəşaçma yarışının finalında qızıl medal uğrunda Ukrayna, İtaliya, Portuqaliya, Polşa, Slovakiya, Serbiya və Türkiyədən 8 idmançı mübarizə aparıb.
Nəticədə bu yarışın qalibi Serbiya idmançısı Damir Mikeç olub. O, qızıl medal uğrunda mübarizədə rəqiblərindən üstün sərrastlıq nümayiş etdirərək 201.8 xalla birinciliyi təmin edib və gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. İkinci yerə portuqaliyalı Joao Kosta, üçüncü yerə isə slovakiyalı Juraj Tuzinski çıxıblar.
İdmançılarımızdan Elvin İsmayılov və Əlimirzə Quliyev isə kişilər arasında səngər stendi yarışının ikinci təsnifat günündə uğursuz nəticə göstəriblər.
Yarışların qızıl medalını Rusiya idmançısı Aleksey Alipov qazanıb. 2004-cü il Afina və 2008-ci il Pekin Olimpiadalarının çempionu olan rusiyalı idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.
Gümüş medalı slovakiyalı Erik Varqa, bürünc medalı isə italiyalı Covanni Pellielo qazanıblar.
Yarışlar başa
çatdıqdan sonra bolqarıstanlı
idmançı Mariya Qrozdeva
KİV-ə müsahibəsində deyib:
“Mən ilk Avropa
Oyunlarının açılış mərasimində
Bolqarıstan nümayəndə heyətinin bayraqdarı idim. Hər şey möhtəşəm
idi. 6 Olimpiadada iştirak etmişəm və deyə bilərəm
ki, burada hər şey Olimpiya
Oyunlarındakı kimidir.
Yarışların təşkili çox
xoşuma gəlir. Bəlkə
də növbəti Avropa Oyunları Azərbaycandakı
kimi yüksək səviyyədə təşkil
edilməyəcək... Ötən il Qəbələdə
olmuşam. İndi isə
Bakıdayam. Şəhər çox xoşuma gəldi. İçərişəhərdə,
dənizkənarı Parkda gəzintiyə
çıxmışam. Burada hər
şey çox
gözəldir.
Azərbaycan.-2015.- 18 iyun.- S. 5.