Dünən I Avropa Oyunlarında 12 idman növü üzrə yarışlar keçirildi

 

Bakı Kristal Zalında azərbaycanlı boksçular mübarizəyə qoşuldu. İlk olaraq rinqə 81 kq çəki dərəcəsində çıxış edən azərbaycanlı Teymur Məmmədov və Böyük Britaniya təmsilçisi Coşua Buatsi dəvət edildilər. Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov rəqibi üzərində inamlı qələbə qazandı - 3:0. Növbəti mərhələdə o, Polşa boksçusu Yordan Kulinski ilə qarşılaşacaq.

Digər təmsilçimiz Lorenso Sotomayor da ilk döyüşündə sloveniyalı Eydin Seydinoviç üzərində 3:0 hesabı ilə qələbə qazanmışdır. Növbəti mərhələdə onu Moldova boksçusu Dmitri Qalaqot gözləyir.

Döyüş bitdikdən sonra idmançımız jurnalistlərə bildirib ki, məqsədi Avropa Oyunlarının qalibi olmaqdır.

***

Bakı Atıcılıq Mərkəzində qarışıq komandaların səngər stendi və kişilər arasında 50 metr məsafədən uzanaraq tüfənglə atəşaçma üzrə yarışlar keçirilib. Qarışıq komandaların səngər stendi yarışlarında ölkəmizi təmsil edən Alina Rəfixanova və Elvin İsmayılov mübarizəni erkən dayandırıblar. Belə ki, Alina təsnifat mərhələsində 33, Elvin isə 41 hədəfi vurub. Bu nəticələr finalda mübarizə aparmaq üçün kifayət etməyib. Yekunda Slovakiya komandası 1-ci, Rusiya 2-ci, San Marino millisi isə 3-cü yeri tutublar.

Kişilər arasında 50 metr məsafədən uzanaraq tüfənglə atəşaçma yarışında almaniyalı Henri Yunqayenel qalib gəlib gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

2-ci yeri italiyalı Marko di Nikolo tutub. 3-cü yerdə isə Belarus idmançısı Sergey Martınov qərarlaşıb.

***

Tofiq Bəhramov adına Respublika Stadionunda qadınlar kişilər arasında kamandan oxatma yarışları başa çatıb. Qadınların turnirində İtaliya komandası

I Avropa Oyunlarının qalibi olub. Finalda italyanlara uduzan Belarus yığması gümüş medalla kifayətlənib. 3-cü yeri isə Ukrayna komandası tutub. Bu yarışlarda Azərbaycan komandası start görüşündə Almaniya millisinə məğlub olaraq mübarizəni dayandırmışdır.

Kişilərin yarışında isə finalda İspaniya millisinə qalib gələn Ukrayna komandası qızıl medala yiyələnmişdir. Hollandiya komandası bürünc medala sahib çıxmışdır.

Xatırladaq ki, Azərbaycan komandası İtaliya millisinə məğlub olduqdan sonra medallar uğrunda mübarizədən kənarda qalmışdır.

***

Dünən Bilgəh çimərliyində şosse velosipedi idmanının qadınlar arasında zamana qarşı fərdi yarışları keçirilmişdir. 30 iştirakçının mübarizə apardığı yarışda ölkəmiz idmançı ilə təmsil olunmamışdır. Yekunda hollandiyalı Van Dyuk 32:26,87 dəqiqə nəticə ilə I Avropa Oyunlarının qalibi olmuşdur. Gümüş medala ukraynalı Janna Solovey (33:03,37 dəqiqə) layiq görülmüşdür. Bürünc medal isə Dyukun yerlisi Van Vleutenə nəsib olmuşdur (33:33,56 dəqiqə).

Kişilərin yarışında 41 idmançı iştirak etmişdir. Təəssüf ki, təmsilçimiz Elçin Əsədov finiş xəttinə çata bilməmişdir. Bu yarışda Belarus velosipedçisi Vasil Kiriyenko 59:36,03 dəqiqə nəticə göstərərək qızıl medala yiyələnmişdir. 2-ci yeri hollandiyalı Stef Klement tutmuşdur (1:00:46,08 saat). 3-cü yerdə isə 1:01:08,90 saat nəticə ilə İspaniya velosipedçisi Luis Leon Sançes Gil qərarlaşmışdır.

***

Dünən Bakı İdman Zalında stolüstü tennis yarışlarında üçüncü dövrə başa çatmışdır. Qadınların yarışında hollandiyalı Jie Li almaniyalı Yinq Hanı, slovakiyalı Yeva Odorova ukraynalı Marqarita Pesotskanı, türkiyəli Melek Hu, Polşalı Gian Lini, hollandiyalı Jiao Li isə almaniyalı Petrissa Soljanini məğlub edərək yarımfinal mərhələsinə adlamışlar.

Kişilərin mübarizəsində isə almaniyalı Dmitri Ovçarov xorvat Andrey Qaçinadan, Böyük Britaniya təmsilçisi Paul Drinxall portuqaliyalı Markos Fretaşdan, belaruslu Vladimir Samsonov daha bir portuqaliyalı Tyaqo Apoloniadan, ukraynalı Lei Kou isə Britaniya təmsilçisi Lian Pitçfortdan güclü olmuşlar yarımfinala vəsiqə qazanmışlar.

Həm kişi, həm qadın stolüstü tennisçilərin yarımfinal yarışları bu gün keçiriləcək.

***

Suya tullanma yarışlarında kişilər arasında bir metr tramplindən tullanma turniri Azərbaycan idmançısı Artyom Danilov üçün uğurlu başlamışdır. O, 427,70 bal toplayaraq final mərhələsinə vəsiqə qazanmışdır. Lakin həlledici mərhələdə təmsilçimiz 455,15 xal nəticə ilə 8-ci yerdə qərarlaşmışdır. Rusiyalı Nikita Şleher idmanın bu növündə Avropa Oyunlarının qalibi olmuşdur. Digər rusiyalı İlya Molçanov gümüş, Böyük Britaniya təmsilçisi Ceyms Hitli isə bürünc medala layiq görülmüşlər.

Qadınlar arasında platformadan suya tullanma yarışlarında ölkəmizi təmsil edən Olqa Bıkovskaya da təsnifat mərhələsində 323,30 xal qazanaraq finala adlamışdır. Həlledici mərhələdə isə o, 11-ci yerlə kifayətlənmişdir. Böyük Britaniya təmsilçisi Lois Tulson qızıl, rusiyalı Anna Çujnişina gümüş, almaniyalı Yelena Vassen isə bürünc medal qazanmışlar.

***

Dünən Su İdmanı Mərkəzində keçirilmiş vaterpol üzrə yarışlarda qadınlar finala vəsiqə uğrunda mübarizə aparıb.

Yarımfinalda Rusiya millisi İtaliya komandasını böyük üstünlüklə məğlub edib - 17:7. Beləliklə, Rusiya komandası finala vəsiqə qazanıb. Digər finalçı isə İspaniya Yunanıstan yığmalarının qarşılaşmasından sonra müəyyənləşib. İspaniya millisi 9:6 hesabı ilə Yunanıstan komandasına qalib gələrək həlledici görüşə vəsiqə qazanıb.

Avropa Oyunlarının qalibi sabah keçiriləcək final görüşündən sonra məlum olacaq.

11-12-ci yerlər uğrunda görüşdə Böyük Britaniya komandası İsrailə 10:5, 7-10-cu yerlər uğrunda qarşılaşmalarda Slovakiya millisi Serbiyaya 10:6, Almaniya yığması isə Fransa komandasına 10:8 hesabı ilə qalib gəlib.

***

Kişi voleybolçuların yarışında qruplar çərçivəsində növbəti görüşlər keçirilib. A qrupunda qərarlaşmış Türkiyə millisi Finlandiya komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Digər görüşdə Fransa Azərbaycan komandaları qarşılaşıb. Oyun 3:0 hesabı ilə fransızların xeyrinə başa çatıb. Məğlubiyyətə baxmayaraq komandamızın baş məşqçisi Bülənt Qarslıoğlu növbəti mərhələyə vəsiqə şanslarının tükənmədiyini söyləyib: “Bu gün biz heyətində güclü oyunçuların cəmləşdiyi daha təcrübəli komandaya məğlub olduq. Həm zədə ucbatından Fərid Cəlilov görüşdə iştirak edə bilmədi. Komandamız gəncdir, lakin mən bəraət axtarmaq istəmirəm. Hələ yarımfinal mərhələsinə adlamaq şansımız var biz hər oyunda qələbə uğrunda mübarizə aparacağıq”.

B qrupunda Almaniya millisi Bolqarıstan komandasını (3:0), Rusiya yığması isə Slovakiya millisini 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

***

Qadınlar arasında çimərlik voleybolu üzrə yarışlarda pley-off səkkizdəbir final mərhələsinin oyunları keçirilib. Bu yarışlarda Azərbaycanı təmsil edən iki cütlük iştirak edir. Pley-off mərhələsinin birinci raundunda V.Kunya - Z.Lyubimova cütlüyü Finlandiya komandasına (Erika Emiliya Nistryom bacıları) 2:0 hesabı ilə qalib gəlmişdir. Digər oyunda isə Y.Kərimova - İ.Fereyra cütlüyü Çexiya təmsilçiləri Zolneriçkova Yakubovaya 2:0 hesabı ilə məğlub olmuşdur.

Kişi voleybolçuların yarışında da Azərbaycan iki cütlüklə təmsil olunur. Dünən N.Santos-Y.Rudıx cütlüyü Fransa komandasını (Di Cantommaso-Tyersi) 2:1 hesabı ilə məğlubiyyətə uğratmışdır. Bu qələbədən sonra komandamız qrupda ikinci yerdə qərarlaşıb. Pley-off mərhələsinə vəsiqə qazanmaq üçün yaxşı imkan əldə etmiş komandamızın üzvü Yaroslav Rudıx jurnalistlərə demişdir: “Oyun çox gərgin alındı. Birinci hissədə uduzsaq da toparlanmağı bacardıq və qələbə qazandıq. Bu cür qələbələr əhval-ruhiyyəmizi qaldırır. Məqsədimiz Avropa Oyunlarında qalib gəlməkdir”.

 

Azərbaycan.- 2015.- 19 iyun.- S. 5.