İtaliya mətbuatı: Azərbaycan Olimpiya Oyunlarına evsahibliyi
etmək potensialına malikdir
İtaliya mediası Bakıda keçirilən ilk Avropa Oyunlarını geniş işıqlandırır.
AZƏRTAC xəbər verir ki, bu ölkənin www.italpress.com saytında verilən məqalədə Azərbaycanın idman infrastrukturunun yüksək səviyyədə olduğu qeyd edilir. Bildirilir ki, Bakı ilk Avropa Oyunları kimi mötəbər idman tədbirini uğurla təşkil edə bilən şəhər statusunu qazanıb: “Bu, Azərbaycanın olimpiya oyunlarına namizədlikdə mövqeyini möhkəmləndirəcək”.
Məqalədə İtaliya Futbol Federasiyasının prezidenti Luka Pankallinin də fikirlərinə yer verilib. L.Pankalli deyib: “Bakıda əhəmiyyətli idman infrastrukturu formalaşıb və Azərbaycan olimpiya oyunlarını keçirməyə qadir ölkələr sırasındadır”.
Daha bir İtaliya saytı (www.ilpost.it) isə yazır ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın gələcəkdə olimpiya oyunlarına evsahibliyi etmək şanslarını artırır: “İyunun 12-də start götürən və hazırda davam edən Oyunlar praktiki olaraq olimpiya oyunları səviyyəsində keçirilir. Sadəcə olaraq, bu, Avropanın olimpiadasıdır. İtaliya da daxil olmaqla, Avropanın 50 ölkəsindən olan 6 min atlet Bakıda qələbə uğrunda mübarizə aparır. Hazırda liderlik siyahısında Rusiya, Azərbaycan və Macarıstan ilk pillələri bölüşür. İtaliya dörd gümüş, bir bürünc medalla hələlik 19-cu yerdədir. Avropa Oyunları da, olimpiya oyunları kimi, hər dörd ildən bir keçiriləcək və növbəti Oyunlar 2019-cu ildə baş tutacaq”.
Məqalədə qeyd olunur: “Müsəlman çoxluğuna
malik olan bu ölkə Avropanın idman
ailəsinə də inteqrasiyanı sürətləndirib. Bir çox şərhçilərin
fikirlərinə görə, Avropa
Oyunlarına evsahibliyi edən Azərbaycan
gələcəkdə olimpiya
oyunlarını da keçirmək
potensialına malikdir. Azərbaycan zəngin
dövlətdir. Avropa Oyunları yüksək
səviyyədə və əla idman
obyektlərində keçirilir”.
Azərbaycan.- 2015.- 19 iyun.- S. 6.