Almaniyanın “Neues-Deutschland” saytı Mingəçevir şəhəri haqqında yazır

 

Almaniyanın “Neues-Deutschland” saytında ilk Avropa Oyunları çərçivəsində avarçəkmə yarışlarının keçirildiyi Mingəçevir şəhəri haqqında məqalə yayılıb.

Məqalədə deyilir ki, Azərbaycanın paytaxtı Bakıdan 300 kilometr qərbdə yerləşən Mingəçevir gözəl şəhərdir. Onun idman infrastrukturu diqqət çəkir. Buradakı “KürOlimpiya Mərkəzi müasir standartlara uyğun şəkildə qurulub. Kür çayının sahili boyunca uzanan şəhər buraya gələnlərin böyük marağına səbəb olur.

2004-cü il Olimpiadasının qızıl, 2008-ci il Olimpiadasının isə gümüş medalçısı Tim Vieskötter bildirir ki, Mingəçevir öz infrastrukturu ilə diqqəti cəlb edir. Burada avarçəkmə üçün yaradılan şərait də əladır.

Məqalədə qeyd edilir ki, Mingəçevirdə olarkən şəhərdəki böyük su anbarını mütləq görmək lazımdır. Almanlar üçün bu anbar tarixi baxımdan maraqlıdır. Çünki almanlar vaxtilə həmin anbarın tikintisində iştirak ediblər. Müəllif Mingəçevirdə avarçəkmə yarışlarının yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğulayır.

 

Azərbaycan.- 2015.- 19 iyun.- S. 6.