Sevinc sevincə qarışanda...
İdmançılarımız bir-birinin ardınca parlaq qələbələr qazanırlar. Qızıl medala yiyələnən kim, gümüşü qazanan kim... Hələlik gücü bürüncə çatıb gələcək mötəbər idman oyunlarında, olimpiadalarda onu gümüşə, qızıla çevirməyi vəd edən kim.
Uğur qazanan idmançılarımızın sevincinin həddi-hüdudu yoxdur. Fərəhdən, onlara bəslənən ümidi, etimadı doğrultduqlarından bəzən gözləri yaşarır, bəzən meydan boyu qaçırlar, bir nəfər hətta rəqs etdi.
Bir sözlə, qaliblərin ürəkləri köksünə sığmır. Təkcə onlarınmı? Bu günlərdə hər bir azarkeşin sevinci aşıb-daşır. İstər idman arenalarında canlı yarışları izləyənlər olsun, istərsə də televiziya ekranları qarşısında əyləşənlər. İndi bütün ölkə başdan-başa ilk Avropa Oyunlarının əhval-ruhiyyəsi ilə köklənib. Evdə, küçədə, müəssisə və təşkilatlarda günün başlıca mövzusu budur, qazandığımız qələbələrdir, yaşadığımız sevincdir.
Prezident İlham Əliyev və ailə üzvləri yarışları maraqla izləyirlər. Bu günlərdə olduqca əyani görünən və bir daha təsdiqlənən məlum həqiqət nəzərdən qaçmır: dövlət başçısı və xalq birlikdədirlər, sevincləri, fərəhləri, qürurları birdir. Qaliblərə qızıl medalları təqdim edəndə dövlət başçısının da, təbriki qəbul edən idmançının da keçirdiyi hissləri görmək, duymaq çətin deyil. Bir-birinin boynunu qucaqlayırlar, sevinc sevincə, qürur qürura qarışır.
Əlbəttə, heç bir qələbə, heç bir medal göydən yerə zənbillə endirilmir. Bütün bunlar idmana dövlət qayğısından, Milli Olimpiya Komitəsinin həyata keçirdiyi ardıcıl tədbirlərdən, idmançılarımızın və məşqçilərimizin zəhmətsevərliyindən, yorulmazlığından, özlərinə inamından və əlbəttə ki, Vətən eşqindən, dövlət başçısının etimadını doğrultmaq istəyindən qaynaqlanır.
İdman arenalarına tamaşa etdikcə bir hiss də keçir ürəyimizdən: burada yarışan pəhləvanlar hələ igidlərimizin hamısı deyil. Belə gücə malik övladları olan xalq isə yenilməz və məğlubedilməzdir. Avropa Oyunlarının qəlbimizdə oyatdığı xoş ovqatın biri də məhz budur!
Deyirlər, sevinc bölüşdürüləndə azalmır, əksinə, ikiqat artır. Bu gün dünyadakı bütün dostlarımızın qəlbi, xoş niyyəti, mənəvi dəstəyi ilə bizimlə olması da sevincimizə sevinc əlavə edir. Və bu, təkcə idmançılarımızın qazandığı qələbələrdən doğan sevinc deyil. Bu həm də belə bir genişmiqyaslı, mötəbər idman tədbirinin necə yüksək səviyyədə təşkil edildiyindən, necə mütəşəkkilliklə, səmimiyyət, mehribanlıq, əmin-amanlıq şəraitində keçirildiyindən doğan fərəhdir.
Xaricdən gələn hər bir idmançı ona göstərilən qayğıdan məmnundur. Yarışları izləmək üçün ölkəmizdə qonaq olan əcnəbi azarkeşlərin, idman oyunlarını işıqlandıran jurnalistlərin, adi turistlərin hamısı bir ağızdan insansevərliyimizə, xoş xasiyyətimizə heyranlıqlarını söyləyirlər. İnsanlarımızla yanaşı təbiətimizi də, qurub-yaratdıqlarımızı da, açıq və səxavətli süfrəmizi də bəyəndiklərini deyirlər. Bax, bu da bir sevinc, böyük sevincdir!
Qısaca desək, “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı bütün olaylar bizə sevinc bəxş edir. Bunlar adi olaylar deyil. Onların hər birinin arxasında müstəqil Azərbaycanın inkişafı dayanır. Yaşadığımız sevinc, fərəh dolu hisslər, qürurlu duyğular da bugünkü növrağımızın, xoş güzəranımızın, saf niyyətlərimizin təcəssümüdür.
Flora SADIQLI,
Azərbaycan.- 2015.- 19 iyun.- S. 7.