Heydər
Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin
ailəsinə başsağlığı məktubu göndərib
Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyə
Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin vəfatı
ilə əlaqədar mərhumun ailə üzvlərinə,
qohumlarına və yaxınlarına
başsağlığı məktubu göndərib.
Mehriban Əliyeva qardaş Türkiyənin görkəmli siyasi xadimi, Azərbaycan xalqının böyük dostu Süleyman Dəmirəlin bütün həyat yolunun, Türkiyə Respublikasının firavanlığı naminə yüksək dövləti fəaliyyətinin ona dünyada nüfuz, dərin hörmət və ehtiram qazandırdığını bildirib və bu böyük insanın vəfatı xəbərinin dərin kədər hissi ilə qarşılandığını qeyd edib.
“Azərbaycan və türk
xalqları arasında çoxəsrlik dostluq,
mehriban qonşuluq və
qarşılıqlı dəstək ənənələrinin
qorunub saxlanmasına, inkişafına və
möhkəmləndirilməsinə Süleyman
Dəmirəlin şəxsi töhfəsi əvəzsizdir. Qardaş
ölkələrimizin yeni dövlətlərarası
münasibətlərinin, strateji tərəfdaşlığının
təşəkkülünün və inkişafının əsası
bir-birini dost və qardaş hesab edən Azərbaycanın
ümummilli lideri Heydər
Əliyev və Süleyman Dəmirəl tərəfindən
qoyulub. Təsadüfi deyil ki, Türkiyə ilə
Azərbaycan arasında dostluq əlaqələrinin
möhkəmləndirilməsində xüsusi
xidmətlərinə görə Süleyman
Dəmirəl Azərbaycanın “Şərəf” ordeni ilə təltif edilib.
Xalqlarımızın iki dahi
oğlunun - Heydər Əliyevin və Süleyman Dəmirəlin böyük
dostluğu bizə örnək olaraq xatirimizdə həmişəlik qalacaq.
Əminik ki, bu böyük insan, yüksək nüfuz
sahibi, bütün fəaliyyəti
ilə xalqına hədsiz sədaqət nümunəsi
göstərmiş müdrik və
uzaqgörən siyasətçi öz vətənində
olduğu kimi, Azərbaycanda
da heç zaman unudulmayacaq”, - deyə
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qeyd edib.
AZƏRTAC
Azərbaycan.- 2015.- 19 iyun.- S. 2.