Boksçularımızın uğuru davam edir

 

İyunun 19-da “Baku Cristal Hallda kişi və qadın boksçuların yarışları davam etdi. Yarışların beşinci günündə 48-51, 69-75 kq çəki dərəcələrində qadınlar, 46-49, 56, 81 və +91 kq çəki dərəcələrində isə kişilər səkkizdəbir final mərhələsində mübarizəyə qoşuldular. Bu mərhələdə  Azərbaycanın 5 boksçusu rinqə çıxaraq dörddəbir final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə apardı.

Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri iyunun 19-da 91 kiloqram çəki dərəcəsində ölkəmizi “Bakı-2015”-də təmsil edən Məhəmmədrəsul Məcidovun çıxışını izləyiblər.

Xatırladaq ki, Azərbaycan boksçuları I Avropa Oyunları çərçivəsində ilk dəfə iyunun 18-də rinqə çıxmışdılar. 64 kiloqram çəki dərəcəsində çıxış edən Lorenso Sotomayor və 81 kiloqram çəki dərəcəsində Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov onaltıdabir final mərhələsində qələbə qazanmışdılar.

Azərbaycan bokçularından dünən rinqə ilk olaraq qadınlar arasında  48-51 kq çəki dərəcəsində mübarizə aparan Anaxanım Ağayeva çıxdı. İdmançımızın rəqibi Polşa təmsilçisi Sandra Drabik idi. Gərgin mübarizə şəraitində keçən görüş Polşa boksçusunun qələbəsi ilə başa çatdı.

Daha sonra boksçularımızdan Avropa çempionatının gümüş mükafatçısı Tayfur Əliyev rinqə çıxdı. 56 kq çəki dərəcəsində səkkizdəbir final mərhələsində Rumıniya idmançısı Nikolae Andreiana ilə görüşən idmançımız rəqibinə heç bir şans vermədi -  3:0. İdmançımız dördəbir final mərhələsində danimarkalı Fredrik Jensenlə görüşəcək. Görüş iyunun 22-də baş tutacaq.

Daha bir qadın boksçumuz Leyla Cavadova isə 69-75 kq çəki dərəcəsində mübarizə aparırdı. İdmançımız dünən səkkizdəbir finalda Rusiya təmsilçisi Yaroslava Yakuşina ilə döyüşdü. Lakin bu görüşdə də qadın boksçumuz uğur qazana bilmədi.

İlk görüşündə inamla döyüşərək qələbə qazanan təmsilçimiz Teymur Məmmədov yarışların bu mərhələsində də rəqibi - polşalı Jordan Kulinski üzərində qələbə qazanaraq dörddəbir final mərhələsinə çıxdı.

Azərbaycan boksçularından rinqə son olaraq +91 kq çəki dərəcəsində çıxış edən ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov çıxdı. İdmançımızın rəqibi Gürcüstan təmsilçisi Mixeil Baxtidze idi. Döyüş Azərbaycan idmançısınn tam qələbəsi ilə başa çatdı - 3:0.

Beləliklə, iyunun 19-da keçirilən görüşlərdə üç boksçumuz dördəbir final mərhələsinə vəsiqə qazandı.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2015.- 20 iyun.- S. 2.