Nə qürurla dalğalanır
“Bakı-2015” ilk Avropa Oyunlarında qızıl medal qazanan idmançılarımızın sayı gündən-günə artır. Hər qələbədən sonra yarışın getdiyi idman arenasında Azərbaycan bayrağı qaldırılır, Azərbaycanın himni səslənir.
Bunlar olduqca sevincli və həyəcanlı anlardır. Azərbaycan
himninin sədaları qəlblərimizi
dönə-dönə riqqətə
gətirir. Yüksələn üçrəngli bayrağımız isə
bizə qürur, fəxarət, fərəh
bəxş edir.
Ümumiyyətlə, istənilən ölkənin
elçisinin qələbəsindən
sonra idman arenasında tamaşaçıları
qalibin təmsil etdiyi dövlətin bayrağına və himninə ehtiram bəsləməyi, yəni,
salondakılara ayağa
durmağı xatırladan
sözlər səslənir. Lakin cəmi
tamaşaçılar yüksələn
bayrağımızın, səslənən
himnimizin timsalında Azərbaycanı həmin çağırışsız da salamlayırlar. Azərbaycan vətəndaşları ilə
birlikdə dünyanın
müxtəlif yerlərindən
gələn qonaqlarımız
bütün Azərbaycanı
alqışlayırlar. Çünki Azərbaycan bu
alqışlara layiqdir.
Azərbaycan bayrağı həmişə
yüksəklərdə dalğalanır. Bayrağımız da başımız kimi ucadır. Ucadır ona görə ki, tikirik, yaradırıq,
qururuq. Xəzərdən
Qara dənizə, Aralıq dənizinə, Adriatik dənizinədək
od-ocaq körpüləri
salır, işıq,
hərarət dəhlizləri yaradırıq.
Biz heç kəsi
isti yurd-yuvasından məhrum etmirik. Əksinə,
torpağımızda yaşayan
bir çox digər xalqların nümayəndələrinə hörmət və məhəbbətlə yanaşırıq.
Yurdumuza gələn qonağı təmiz ürəklə,
açıq süfrə
ilə qarşılayırıq.
Hər sahədə nailiyyətlər
qazanırıq. Hazırda idman
arenalarında əldə
olunan uğurlarımız
şərəfinə yüksəklərə
qalxan bayrağımız
da bütün bu işlərin bir qolunu təcəssüm
etdirir. Bəlkə də elə
əslində, bütün
uğurlarımızın rəmzinə
çevrilir.
Bu günlərdə Azərbaycan
bayrağı təkcə
qələbə qazanan
idmançılarımızın başları üzərində
dalğalanmır, onu hər tərəfdə yüksəklərdə görürük. Sevinci aşıb-daşan
azarkeşlər üçrəngli
bayrağımızı boylarından
yuxarı qaldıraraq
əllərindən yerə
qoymurlar. Bizi özünə dost, qardaş
bilən hər kəs belə hərəkət edir. Məsələn, elə Türkiyə
idmançılarının əllərində öz bayraqları ilə yanaşı Azərbaycan bayrağını da daşıdığını dönə-dönə görürük.
Azərbaycan bayrağı paytaxtımızda
düzənlənən bu
nəhəng tədbirin
sanki ən böyük rəmzinə
çevrilərək küçələrin,
eyvanların, maşınların,
bütün şəhərin
bəzəyi olub.
İdman arenalarında qazanılan qələbələr şərəfinə
ucalan bayrağımız
həm də gücümüzün, qüdrətimizin
göstəricisidir. Hansı qüvvəyə,
məharətə sahib olduqlarını
göstərən pəhləvanlarımız,
igid qeyrətli qızlarımız Azərbaycanın
minlərlə belə
gənclərinin yalnız
bir dəstəsidir.
Elə gənclərin ki, onlar Azərbaycan bayrağını Xankəndidə,
Şuşada, düşmən
tapdağından tezliklə
azad olacaq digər torpaqlarımızda
ucaltmağa qadirdirlər.
Flora SADIQLI,
Azərbaycan.- 2015.- 20 iyun.- S. 5.