Qazanılan hər bir medal “Zəfər Günləri”nin bəzəyidir

 

İlk Avropa Oyunlarının onuncu günüdür. Bütün idman arenalarında bir-birindən maraqlı və gərgin yarışlar keçir. Azərbaycan idmançıları hər keçən gün yarışlarda medal qazanmaq üçün çiddi mübarizə aparıb bayrağımızı yüksəkliklərdə dalğalandırırlar. Yarışların səkkizinci günündə Azərbaycan taekvondo yığması Avropa Oyunlarında çıxışını başa vurdu. Taekvondoçularımız “Bakı-2015”də 3 qızıl, 1 gümüş və 1 bürünc medala sahib çıxdılar. Kişilər arasında 80 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz Radik İsayev son günü qızıl medalla tamamladı.

Radik İsayevin qazandığı qızıl medal Azərbaycan Milli Olimpiya Komitəsinin təşkil etdiyi “Zəfər Günləri”nin bəzəyi oldu. Çempionumuz nar ağacının qızıl, gümüşbürünc medallarını tərənnüm edən simvolik bəhrələri üzərinə öz imzasını atdı.

Dünən keçirilən “Zəfər Günləri”ndə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Olimpiya çempionları Nazim HüseynovLyudmila Şubina iştirak edirdilər.

Çingiz Hüseynzadə tədbirdə çıxış edərək yarışların səkkizinci gününün də atletlərimiz üçün uğurlu olduğunu bildirdi: “Öncə deyim ki, Milli Olimpiya Komitəsi daim bütün idmançılarımızın doğma ocağı olub. İdmançılarımızın bütün problemləri diqqət mərkəzində saxlanılıb və onlara bu məkanda daim qayğı göstərilib. Bu günlərdə isə idmançılar Avropa Oyunlarında qazandıqları medallarla MOK-un “Zəfər Günləri”ndə xoş əhval-ruhiyyə yaradırlar”.

Vitse-prezident bildirdi ki, artıq Oyunların tən yarısı başa çatıb və nəticələr uğurludur. Belə ki, Avropa Oyunlarının ilk səkkiz gününə Azərbaycan 30-cu medalını qazanıb. Bu nəticə çox uğurludur: “Bu uğur bütün Azərbaycan xalqının böyük sevincinə səbəb oldu. Yenə də çempion olan idmançımızı Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev təltif etdi. Bu, artıq ənənəyə çevrilib. Eyni zamanda Prezidentin idmançıları təltif etməsi növbəti günlərdə yarışlara qatılacaq atletlərimizdə böyük ruh yüksəkliyi yaradır”. Ç.Hüseynzadə dedi ki, “Bakı-2015” necə yüksək səviyyədə təşkil olunubsa, idmançılarımız da bir o dərəcədə uğurla çıxış edirlər. İstər Avropa Oyunlarının açılışı, istər təşkilati işlər, istərsə də idmançılarımızın uğurlu çıxışları bir-birini gözəl tamamlayır.

Vitse-prezidentin çıxışından sonra yarışların səkkizinci günündə Azərbaycana qızıl medal qazandıran taekvondoçu Radik İsayevə MOK-un xüsusi hədiyyələri təqdim olundu.

Mərasimdən sonra isə idmançımız jurnalistlərlə sevincini bölüşdü:

 

Bu cür mötəbər yarışda uğur qazanmaq heçasan deyil

 

Radik İSAYEV, Avropa Oyunlarının qalibi:

 

- Hansı hisslər keçirdiyimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bunu anlamaq üçün gərək o hissləri yaşayasan. Hər bir idmançı istəyir ki, yarışı medalla başa çatdırsın. Avropa Oyunlarına çox yaxşı hazırlaşmışdım. Ancaq onu deyim ki, Bakıya güclü idmançılar gəlib. Ona görə də mübarizələr çətin olur. Bu cür mötəbər yarışda uğur qazanmaq heçasan deyil. Amma əsas odu ki, qızıl medal qazandım. Mənim üçün bu  çox dəyərlidir.

Final görüşüm çox çətin keçdi. Rəqibim güclü idmançı idi. Ancaq vətənimdə keçirilən yarışda ona uduzmamalı idim. Azərkeşlərin böyük dəstəyi və xüsusən də Azərbaycan Prezidenti İlham Əliyevin final qarşılaşmasına baxması ilk dəqiqələrdə məndə bir qədər həyəcan yaratdı. Lakin özümü toplaya bildim. Hər bir idmançı dövlətinin bayrağını ən yüksəklərə qaldırmaq üçün mübarizə aparır. Mənə də qızıl medal sevinci qismət oldu. Qürurlanıram ki, qızıl medalı mənə Prezident İlham Əliyev təqdim etdi. Hər bir idmançımıza bu sevinci yaşamasını arzulayıram. Azarkeşlərimizə də xüsusi təşəkkürümü bildirirəm.

Bir ildən sonra Braziliyada Olimpiya Oyunları keçiriləcək. Ona bir qədər vaxt var. Yaxşı hazırlaşmaq lazımdır. Çünki mənim üçün Olimpiada böyük önəm kəsb edir. Orada da birinci olmağı arzulayıram. Ancaq bunun üçün öncə lisenziya qazanmaq lazımdır. Mən bunun üçün var gücümlə çalışacağam.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2015.- 21 iyun.- S.5