Metropoliten işçiləri I Avropa Oyunları günlərində sərnişinlərə
yüksək səviyyəli xidmətdən qürur
duyurlar
I Avropa Oyunlarının bayram ab-havası ölkənin hər yerində olduğu kimi, metro stansiyalarında da hiss olunmaqdadır. Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) tərəfindən Bakı Metropeliteninin stansiyalarında yerləşdirilən “Bakı-2015”in plakatları bu ovqatı daha da gücləndirir.
Aprel ayının 16-da ölkə başçısı İlham Əliyevin “Bakı Metropoliteni”ndə olması yeraltı nəqliyyat vasitəsinin nə qədər əhəmiyyətli bir sahə olduğunu sübut edir. Dövlət başçısı metropolitenin qatar parkının yenilənməsi məqsədilə gətirilmiş yeni qatarlarda yaradılmış şəraitlə yaxından tanış olmuşdur. Yeni qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə məxsusdur ki, burada qatarların idarəedilməsi mikroprosessor əsasında həyata keçirilir. Artıq sərnişinlərin ixtiyarında olan qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası keçid mövcuddur. Vaqonlarda həmçinin daha mükəmməl havalandırma sistemi də quraşdırılmışdır. Salonlarda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi üçün müşahidə kameraları da var. Köhnə vaqonların sərnişin tutumu 308 nəfərlik idisə, bu, yenilərində 330 sərnişin təşkil edir. Beynəlxalq standartlara tam cavab verən yeni nəsil qatarlar ən mütərəqqi texnologiyaya, idarəetmə üsuluna malik olmaqla sərnişinlərin rahat və təhlükəsiz mənzil başına çatdırılmasını yüksək səviyyədə təmin edir.
Metro stansiyalarında, piyada keçidlərində təmir işləri aparılıb, sərnişinlərə xidmət mədəniyyətinin yüksəldilməsi məqsədilə yeni sistemlər tətbiq edilib, stansiyalarda I Avropa Oyunlarında yarışların keçirildiyi idman obyektləri, təhlükəsizlik tədbirləri barədə Azərbaycan və ingilis dillərində məlumatlar səsləndirilir. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün sərnişin axınının bütün istiqamətlərində və vaqonlarda videomüşahidə kameralarının funksionallığı genişlənib, xidmət heyəti, xüsusən də sərnişinlərlə birbaşa təmasda olan işçilər xüsusi formalarla təmin edilib, Oyunların təşkilatçılarına dəstək olacaq könüllülərlə treninqlər keçirilib. Mühafizə şöbəsinin işçiləri Fövqəladə Hallar Nazirliyi əməkdaşları ilə təlim-məşqlərdə xüsusi hazırlıq keçiblər. Stansiyaların sanitariya vəziyyətinə, xidməti heyətin zahiri görkəminə, xidmət mədəniyyətinin yüksəldilməsinə, metrodan istifadə qaydalarına ciddi əməl olunmasına nəzarət qat-qat artırılıb.
I Avropa Oyunlarının məşəlinin ölkəmizin rayonlarını və şəhərlərini qarış-qarış gəzərək iyunun 10-da “Bakı Metropoliteni”nə gələrək - yerin altını da işıqlandırması metropolitenin tarixinə əvəzolunmaz günlərdən biri kimi yazıldı. 2005-ci ildə Avropa çempionu olmuş, 2008-ci ildə Pekində keçirilmiş Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, 2009-cu və 2010-cu illərdə dünya çempionatının bürünc medallarının sahibi yunan-Roma güləşçisi Vitali Rəhimov məşəllə “28 May” stansiyasına daxil olaraq stansiya platformasına endi. Məşəl estafeti “İçərişəhər” stansiyasına qədər davam etdirildi.
Hazırda “Bakı Metropoliteni”nin xətlərində olan bütün qatarlarda stansiyaların adları sərnişinlərə həm Azərbaycan, həm də ingilis dilində təqdim edilir.
Hərəkət xidməti Avropa Oyunları Əməliyyat Komitəsi inteqrasiya qrupunun metropolitenin qarşısına qoyduğu tələbləri nəzərə alınmaqla işləyib hazırladığı sərnişindaşıma əməliyyat planı özünü bütünüklə doğrultdu.
I Avropa Oyunlarının açılış mərasiminin nəqliyat təminatında ağırlığın böyük hissəsi metropolitenin üzərinə düşdü və yeraltı şəhər nəqliyyatı öz işini layiqincə yerinə yetirdi. Burada BAOƏK-in iclaslarında metronun işinə daha böyük diqqət ayrılmasının da əhəmiyəti az olmayıb. Oyunlara hazırlıq dövründə “Bakı Metropoliteni”nin işi ilə yaxından tanış olan londonlu mütəxəssislər də vəziyyətdən razı qalıblar. Xarici mütəxəssislər stansiyaların təmizliyini, işçilərin yüksək intizamını xüsusilə qeyd ediblər.
Artıq I Avropa Oyunlarının başlamasından bir həftədən çox vaxt keçir. Bu günlərdə metropoliten xüsusi sərnişindaşıma əməliyyat planı üzrə işləyir.
Metroda ən böyük gərginliyin təntənəli açılış və bağlanış mərasimlərində “Koroğlu” stansiyasında yaşanacağı öncədən bəlli idi. Milli Olimpiya Stadionunda keçirilmiş açılış tədbirində iştirak etmiş insanların təqribən 50 faizi mənzil başına metro ilə çatdırılıb. Bu da təxminən 30 minədək çox tamaşaçı-sərnişin deməkdir. Həmin gün üçün hazırlanan planda bütün mümkün variantlar nəzərdə tutulmuşdu. Məlum idi ki, sərnişin kütləsi Alov meydanı tərəfdəki keçidə tərəf axın edəcək. Stadiondan bu keçidə tərəf uzanan 1,5 kilometrlik yolun eni 30 metrdir. Əlbəttə, bu axını eni 6 m olan metro keçidinə birbaşa buraxmaq mümkün deyil. Buna görə də keçidə qədər olan yol hər birinin eni 6 m olan 5 zolağa bölünərək, hərəkət 4 zolaqda təşkil edilib, biri isə təhlükəsizlik zolağıdır. Metroya aparan yeraltı keçidin buraxıcılıq qabiliyyəti saatda 12 min sərnişindir.
Avtomat-nəzarət məntəqələrinin qarışısında yarana biləcək böyük tıxac məqamı hökumətin tamaşaçıların pulsuz daşınması barədə qərarından sonra aradan qalxdı. Belə ki, böyük tamaşaçı-sərnişin axını stansiyaya onun çıxış qapılarından, ANM nəzarəti olmadan daxil olublar. “Bakı Metropoliteni”n təklifilə tamaşaçıların stadiona daxil olarkən ciddi yoxlamadan keçdikləri üçün çıxışda polis yoxlamalarından da imtina edilib. Təhlükəsizlik orqanları daha çox platforma üzərində yarana biləcək sıxlıqdan narahat idi. QSC sədrinin istismar üzrə müavini Hidayət Məmmədov narahatlıq üçün heç bir əsas olmadığını bildirdi: “Hesablanmış optimal hərəkət qrafiki sayəsində platforma üzərində heç bir sıxlıq, artıq yüklənmə yarana bilməz. Belə ki, mərasimin başa çatdığı saatlarda metroda qatarların yüklənmə faizi ən aşağı səviyyəyə enir. Faktiki olaraq adi günlərdə bu vaxtlar stansiyalarda, demək olar ki, sərnişin qalmır. Yəni “Koroğlu” stansiyasına qatarların tam boş vəziyyətdə daxil olacaqları şəksizdir”.
Gözlənildiyi kimi, “Əhmədli” istiqamətinə gedən sərnişinlərin sayı ilə mərkəz istiqamətə hərəkət edən sərnişinlər arasında fərq cüzi oldu. Maksimum hərəkət ölçüsü, yəni stansiyadan bir saat ərzində hər iki istiqamətdə 30 qatarın yola salınması o deməkdir ki, bu müddətdə oradan 90 min sərnişin rahat daşına bilər. Metroya daxil olmaq üçün əsas keçidin buraxıcılıq qabiliyyəti, yuxarıda qeyd etdiyimiz kimi, saatda 12 min sərnişindir. Yəni stansiyaya 1 saat ərzində bu qədər sərnişin daxil olacaq ki, onun da qatarlarla daşınması heç bir çətinlik törətməyib. Əksinə, qatarlar seyrək sərnişin sıxlığı ilə yola düşüb. Hətta platformada qatarların dayanma müddətinin bir qədər artırılması və intervalın daha da qısaldılması ehtimalı da nəzərdə tutulmuşdu. Yəni qatar stansiyada çox dayanmaqla daha böyük sərnişin yükü götürə və stansiyadan çıxan kimi giriş sfetoforu qarşısında gözləyən növbəti qatar platformaya yan ala bilərdi.
Əlbəttə, bütün xidmətlər belə intensiv və gərgin iş rejimində hər bir gözlənilməz hallara qarşı səfərbər olunmalıdırlar. Hər bir təsərrüfat sahəsi - yol, işarəvermə və rabitə, elektromexanika xidmətləri, mühafizə şöbəsinin işçiləri gücləndirilmiş iş rejimində işləyirlər.
Bundan başqa, depodan əlavə qatarların verilməsi üçün tədbirlər də görülüb. Lazım gələn anlarda “Bakmil” stansiyasından ehtiyat qatar “Nərimanov” və “Ulduz” stansiyalarından sərnişin götürmədən “Koroğlu” stansiyasına verilə bilər. “Neftçilər” stansiyasından da eyni qayda ilə köməyə ehtiyat qatar göndərmək mümkündür.
Metropoliten mütəxəssilərinin ehtimalları iyunun 12-də I Avropa Oyunlarının açılış mərasimi zamanı özünü tam təsdiq etdi. Metropolitençilərin böyük təşkilatçılıq bacarığının nəticəsi olaraq, “Koroğlu” stansiyası sərnişin axınının öhdəsindən heç bir çətinliklə üzləşmədən gəldi. Metropolitençilər güclü sərnişin axınını idarə etməkdə səriştəsiz olmadıqlarını bir daha sübut etdilər. Milli Parkda keçirilən bayram şənliklərindən sonra metroya axışan sərnişinləri qarşılayıb yola salmaqda əldə edilən təcrübə iyunun 12-də bir daha özünü təsdiq etdi. Şübhə yoxdur ki, yarış günlərində və möhtəşəm bağlanış günündə bunun bir daha şahidi olacağıq.
Sərnişinlər, şəhərimizin
qonaqları “Bakı Metropoliteni” QSC-nin yüksək səviyyəli xidmətindən
məmnun qalacaqlar. Yeri
gəlmişkən qeyd edək ki, əlində yarışlara bileti olanlar biletdə
göstərilən tarixdə metrodan pulsuz istifadə edə biləcəklər. Bunun üçün nəzarətçiyə
bileti və şəxsiyyət vəsiqəsini
təqdim etmək kifayətdir. Eyni zamanda, idman bayramı
günlərində akkreditə olunmuş
nümayəndə-sərnişinlər də 29 iyun tarixinədək bu
güzəştdən yararlana bilərlər.
Bəxtiyar ƏZİZLİ,
Azərbaycan.- 2015.- 20 iyun.- S. 4.