Milli Məclisin sədri Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl ilə vida mərasimində iştirak edib

 

İyunun 19-da Ankarada Türkiyənin IX Prezidenti, görkəmli siyasi və dövlət xadimi Süleyman Dəmirəl ilə vida mərasimi keçirilib.

Türkiyə Böyük Millət Məclisində təşkil edilən mərasimdə qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, hökumətin və parlamentin üzvləri, digər dövlətlərin yüksək vəzifəli şəxsləri, nüfuzlu siyasətçilər, mərhumun ailə üzvləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Vida mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev də mərasimdə iştirak edib.

Hökumətin qərarı ilə Türkiyədə elan edilən milli matəmlə əlaqədar bütün ölkə ərazisində bayraqlar yarıya qədər endirilib.

Mərasimdə əvvəlcə Süleyman Dəmirəlin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra onun keçdiyi həyat yolu və siyasi fəaliyyəti barədə geniş məlumat verilib.

Prezident Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış edərək bildirib ki, Süleyman Dəmirəl özünəməxsus idarəçilik üslubu ilə Türkiyənin siyasi həyatında xüsusi yer tutub. Ölkənin hər yerində onun gördüyü işlərin izlərinə rast gəlmək mümkündür.

Vida mərasimindən sonra Süleyman Dəmirəlin cənazəsi böyük izdihamın müşayiəti ilə Türkiyə Böyük Millət Məclisindən Ankaradakı Kocatəpə məscidinə, oradan isə mərhumun doğulduğu İsparta vilayətinin İslamköy kəndinə aparılıb.

Süleyman Dəmirəl iyunun 20-də İslamköydə dəfn olunacaq.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2015.- 20 iyun.- S. 3.