I Avropa
Oyunları Azərbaycanın evsahibliyi etdiyi ən möhtəşəm tədbirdir
Müasir Azərbaycanın tarixində əlamətdar hadisələr, möhtəşəm və dövlətçiliyimizi şərəfləndirən nailiyyətlər çoxdur. İyunun 12-də təntənəli açılışı keçirilən I Avropa Oyunları da müstəqil dövlətçiliyimizin qürur doğuran uğurlarından biridir. Həmin gün bütün dünya Azərbaycanı yenidən tanıdı. Beynəlxalq ictimaiyyət tarixdə ilk dəfə keçirilən bu idman müsabiqəsinin açılış mərasiminin fonunda inkişaf edən, gündən-günə yüksələn, hər sahədə ortaya qoyduğu yüksək nümunələrlə dünyanın diqqətini cəlb edən respublikamızı bir daha yaxından gördü.
Mən də I Avropa Oyunlarının açılışını Bakı Olimpiya Stadionunda izləyən tamaşaçılar arasında idim. Öncə onu qeyd edim ki, Bakı Olimpiya Stadionu indiyədək nəinki ölkəmizdə, regionumuzda və Avropada həyata keçirilən ən möhtəşəm idman qurğularından biridir və əsrarəngiz gözəlliyi ilə hər kəsin diqqətini çəkir. Burada keçirilən I Avropa Oyunlarının açılışı da stadionun özü qədər möhtəşəm və qürurverici idi. Mən bir çox mötəbər idman yarışlarının açılış mərasimlərini izləmişəm. Lakin I Avropa Oyunlarının açılışı bunların arasında ən möhtəşəmi idi. Bu mərasimin ən mühüm cəhəti isə onun əvvəldən axıra kimi məhz xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirməsiydi. Hər birimiz xalqımıza I Avropa Oyunlarının həyəcanını, sevincini yaşatdığı üçün Prezident İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya minnətdarıq.
İdmançı kimi 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarının və digər beynəlxalq turnirlərin iştirakçısı, eyni zamanda ağırlıqqaldırma üzrə idman yarışlarının təşkilatçısıyam. Bir idman tədbirinin təşkilinin hansı zəhmət hesabına başa gəldiyini yaxşı bilirəm. Hələ 19 il əvvəl Atlanta Yay Olimpiya Oyunlarında təşkilatçılığın yüksək səviyyəsi məni heyran etmişdi. Amma indi Azərbaycanın I Avropa Oyunları ilə bağlı həyata keçirdiyi hazırlıq işlərini sözlə ifadə etmək çox çətindir. Çünki I Avropa Oyunlarının təşkilatçılıq işləri istənilən Yay Olimpiya Oyunlarından daha yüksək və ideal səviyyədədir. Bütün bunlar cəmi 2 il ərzində Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin öz vəzifələrinin öhdəsindən layiqincə gəldiyini göstərir. İki ilə Bakının idman infrastrukturunun olimpiya oyunları səviyyəsində olan bir idman yarışının keçirilməsi üçün tam hazır vəziyyətə gətirilməsi həqiqətən gərgin, çevik və fədakar fəaliyyət tələb edir. Lakin Təşkilat Komitəsi bu işin öhdəsindən layiqincə gəldi.
İlk Avropa Oyunlarının açılış mərasimini izləyərkən yadıma dövlət müstəqilliyimizin ilk illəri düşdü. Hansı ki, o illərdə biz nəinki belə mötəbər, hətta kiçik idman tədbirlərinə belə evsahibliyini sadəcə xəyal edə bilərdik. Ən acınacaqlısı o illərdə idmanın tamamilə diqqətdən kənarda qalması, tənəzzülə uğraması idi. İdmanın bu vəziyyətdən çıxarılması və inkişaf etdirilməsi üçün ilk növbədə dövlətin idmana münasibətində dəyişiklik yaranmalı idi. Belə dəyişiklik 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasını öz üzərinə götürməsindən sonra başlandı. Xalqın tələbi ilə hakimiyyətə qayıdan bu dahi insan ölkədəki xaosu sabitliyə çevirəndən sonra tezliklə idmanı da diqqət mərkəzinə gətirdi. Tezliklə idmana münasibət kökündən dəyişdi.
Ulu öndər əldə edilmiş nəticələrlə vaxtaşırı maraqlanır, idmançı və məşqçilərin əməyini yüksək dəyərləndirirdi. Yaxşı xatirimdədir, əldə edilmiş nailiyyətləri təhlil edən, idmançı və məşqçilərin zəhmətini yüksək qiymətləndirən Heydər Əliyev 1995-ci ilin mart ayında ölkəmizin milli komandasının Atlanta Yay Olimpiya Oyunlarına hazırlığını nümayiş etdirmək məqsədilə keçirilən idman baxışında iştirak etmişdi. Həmin görüşdə ulu öndər idmançıların və onların məşqçilərinin, eləcə də idman xadimlərinin işinə yüksək qiymət verərək respublikada idmanın bütün qayğılarını dövlətin öz üzərinə götürdüyünü bəyan etdi.
Biz Atlanta Yay Olimpiya Oyunları ərəfəsində cəmi bir dəfə təlim-məşq toplantısı keçirmişdik. İdman infrastrukturu zəif idi, lakin, dövlətin bu sahədə irəliləyişə nail olmaq üçün böyük iradəsi vardı. 1997-ci ildə cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsi ilə respublikamızda idmanın inkişafında yeni mərhələnin əsası qoyuldu. Azərbaycanın Olimpiya Oyunlarında layiqincə təmsil olunmasını təmin etmək, idmanın bütün növlərini inkişaf etdirmək, idmançı uğurunu və əməyini qiymətləndirmək, ölkədə idmanın maddi-texniki bazasını inkişaf etdirmək kimi məsələlər MOK-un fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən olundu. Tezliklə MOK öz idman obyektlərinin tikintisinə başladı, bununla da Olimpiya hərəkatı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. İyunun 12-də I Avropa Oyunlarının açılış mərasimini izləyərkən bütün bunlar kinolenti kimi gözümün önündən keçdi və müstəqillik dövründə idmanımızın tənəzzüldən bu səviyyəyə gəlib çıxması, keçdiyi inkişaf yolu, Azərbaycanın idman ölkəsinə çevrilməsi məndə qürur hissi doğurdu.
Ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində göstərilən yüksək dəstək ayrı-ayrı idman klublarının uğurlu fəaliyyətini təmin etməklə, onların Azərbaycan idmanının yüksəlişinə verdikləri töhfələrlə müşayiət olunur. Bu sırada “Zirvə İdman Kompleksi” MMC-nin nəzdində fəaliyyət göstərən “Zirvə” İdman Klubu Azərbaycan idmanında liderlərdən biridir. Xüsusən Azərbaycan ağır atletikasının şəksiz lideri olan klubumuz fəaliyyəti dövründə onlarla gənc və yeniyetmə idmançını Avropa və dünya çempionatlarının qalibi və mükafatçıları kimi yetişdirməyə müvəffəq olub.
Klubumuzun Lənkəran, Sumqayıt, Xırdalan, Masazır, Astara, Lerik, Şamaxı, Neftçala, Samux, Goranboy, Qazax, İsmayıllıda olan idman kompleksləri və məşq zallarında idmançılara ən yüksək şərait qurulub. Beynəlxalq layihəmiz olan “Zirve İnternational Sport Clubs” çərçivəsində isə Türkiyənin paytaxtı Ankarada və Moldovanın paytaxtı Kişinyovda idman kompleksləri inşa olunub. İran, Rusiya, Bolqarıstan, Gürcüstan, Ukrayna, Polşa, Belarus və ABŞ-da məşq zallarımızda idman klubumuzun bölmələri fəaliyyət göstərir.
“Zirvə” İdman Klubunda idmanın gimnastika, ağır atletika, cüdo, futbol kimi növləri ilə məşğul olmaq üçün geniş imkanlar var. Fərəh hissi ilə qeyd etmək istəyirəm ki, I Avropa Oyunlarında “Zirvə” İdman Klubunun üzvü olan iki idmançı cüdo və sambo üzrə ölkəmizi təmsil edirlər. İnanıram ki, onlar uğurlu çıxışları ilə ilk növbədə ölkəmizin adını, eyni zamanda “Zirvə” İdman Klubunun şöhrətini ucaldacaqlar.
I Avropa Oyunları artıq özünün həlledici mərhələsinə qədəm qoyub. İndiyə kimi bir neçə idman növü üzrə idmançılarımız qızıl, gümüş və bürünc medallar qazanıblar. Təbii ki, medallarımızın sayı çox olacaq və idmançılarımız bu günlərdə bizlərə çoxsaylı qələbə sevincini yaşadacaqlar. Eyni zamanda iyun ayının 28-dək bütün dünya Azərbaycanın yüksək evsahibliyini, qonaqpərvərliyini, mədəniyyətini görəcək və ölkəmizi daha yaxından tanıyacaq.
Bütövlükdə, I Avropa
Oyunları Azərbaycanın ən möhtəşəm
uğurlarından biri kimi
tariximizə qızıl hərflərlə həkk olunacaq. I Avropa
Oyunları ilə həm də Azərbaycan bu
qitə yarışına öz möhürünü vuracaq.
Çünki Azərbaycan Avropa
Oyunlarının standartlarını da
müəyyənləşdirdi və gələcəkdə
keçiriləcək növbəti Oyunlarda
Azərbaycanın təcrübəsi əsas
götürüləcək.
Tofiq HEYDƏROV,
Atlanta Yay Olimpiya Oyunlarının
iştirakçısı,
“Zirvə” İdman Klubunun təsisçisi
Azırbaycan.- 2015.- 20 iyun.- S. 7.