“Bakı-2015”
dünyanın ən mükəmməl idman
yarışlarından biridir
“NTV Spor”un şərhçisi
Gökhan ÇƏTİNBAŞ: “Hər gün Avropa Oyunlarından 10-12 saat
canlı yayım hazırlayırıq”
Azərbaycanda idman bayramı davam edir. Tarixdə ilk dəfə keçirilən
Avropa Oyunlarında hər keçən gün həyəcan yaşanır. Bütün arenalarda
bir-birindən gərgin
yarışlar keçirilir.
Oyunlar o qədər maraqlı keçir ki, yarışları həm
arenalarda, həm də ekran qarşısında
canlı izləyən
azarkeşlərin sayı
hər gün artır.
Beynəlxalq idman yayımı şirkətinin prezidenti
(İSB) Manolo Romero bildirib
ki, I Avropa Oyunları təkcə Avropada deyil, dünyanın çoxsaylı
ölkələrində yayımlanır. Əvvəl
ümumilikdə 1000 saata
qədər yayım nəzərdə tutulsa da, yarışların gedişində bu bir qədər artıq oldu: “Əsas auditoriyamız Avropadadır və hazırda bu qitənin 45 ölkəsi yarışları yayımlayır.
Dünyanın 100 ölkəsində Avropa Oyunları yayımlanır. Ümumilikdə hər ölkədə gün ərzində 5-7 saat yayım həyata keçirilir.
Bundan əlavə rəqəmsal
kanallar vasitəsilə
də yayım həyata keçirilir”.
Elə idman arenalarında apardığımız
müşahidələrə əsaslanaraq deyə bilərik ki, oyunlardan canlı reportajları təqdim edən xarici ölkələrin reportyorları
həyəcanlarını gizlədə
bilmirlər, ekran qarşısında əyləşən
izləyicilərdə pozitiv
əhvali-ruhiyyə yaradırlar.
Yarışlar başlayandan müxtəlif
arenalardan canlı yayım təşkil edən teleşirkətlərdən
biri də Türkiyənin əsas idman kanalı hesab olunan “NTV Spor”dur. Kanalın tanınmış idman spikeri Gökhan
Çətinbaş hər
gün canlı yayıma qoşularaq I Avropa Oyunlarından bir neçə saat reportaj təqdim
edir. Biz isə fasilə zamanı onunla maraqlı söhbət edib “Bakı-2015”lə bağlı
təəssüratlarını öyrəndik.
Qardaş ölkənin jurnalisti deyir ki, Bakıda
özünü doğma
vətənindəki kimi
hiss edir. Çünki Azərbaycan onun üçün həm də Türkiyədir: “17
mart 2008-ci il tarixində yayıma başlayan “NTV Spor” kanalı Avropa Oyunlarından hər gün canlı reportajlar verir. Mən 7 ildir bu
televiziya kanalında çalışıram. Hər növ
idman oyunlarının
şərhçiliyini edirəm.
Bakıya 2 şərhçi ilə gəlmişik.
Mən və Mehmet Sevinç. İlk həftə mən
üzgüçülük və güləş yarışlarından canlı
reportajlar verdim. Mehmet Sevinç isə karate, taekvando və gimnastikadan canlı reportajlar hazırlayır.
Avropa Oyunlarının son gününədək
buradayıq. Hər gün
Bakıdan 10-12 saat canlı yayım hazırlayırıq”.
Hazırda dünyanın əksər
ölkələrində peyk
vasitəsi ilə yayımlanan “NTV Spor”un
şərhçisi deyir ki, kanal
rəhbərliyi Avropa
Oyunlarına xüsusi
önəm verdiyi üçün canlı reportajlar hazırlanır.
Çünki “Bakı-2015” dünyanın ən mükəmməl idman yarışlarından
biridir. Eyni zamanda Türkiyə
“Bakı-2015”ə böyük nümayəndə heyəti
- 186 idmançı ilə
qatılıb. Gökhan
Çətinbaş hesab
edir ki, Avropa Oyunları Olimpiya Oyunlarına yaxın bir idman yarışıdır:
“İlk dəfə bu Oyunlar Azərbaycanda
keçirilir və görünən odur ki, Avropa Oyunları
hər 4 ildən bir keçirilən Olimpiya Oyunlarına çox bənzəyir. Bütün arenalarda maraqlı yarışlar, mübarizələr
gedir. Asiya Oyunlarında bu
qədər idman növləri yoxdur. Aralıq dənizi Oyunlarında isə Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün yaradılan imkan çox azdır. Avropa Oyunları isə Braziliyada keçiriləcək
Olimpiya Oyunlarına hazırlıq üçün
əla fürsətdir.
Ona görə ki, rəqabət daha ciddiləşir. Oyunları canlı
yayımlamaq isə bizdə xüsusi maraq doğurur, həyəcan yaşayırıq”.
Bakıya
ilk dəfə təşrif
buyuran Gökhan Çətinbaş paytaxtımızın
gözəlliyinə, yollarımızın
genişliyinə və
müasir tikililərimizə
heyran qalıb: “Çox fərəhlənirəm,
çox sevinirəm ki, qardaş Azərbaycanın paytaxtı
bu qədər gözəldir. İnsanları isə daha möhtəşəm. Bizim türk
olduğumuzu duyunca, istənilən köməyi
göstərirlər. Bizə hər şeyi başa salır və izah edirlər.
Şəhərdə gəzəndə insanın könlü açılır. İdmançılarımız isə şok
yaşayırlar. Çünki bütün arenalarda türkiyəli atletlərə
inanılmaz dəstək
var. Hər yarışda
bizim idmançılarımız
iştirak edərkən
azarkeşlərin böyük
dəstəyi onlara mübarizədə əlavə
stimul verir. Atletlərimiz də qalib gələrkən həm Azərbaycan, həm də Türkiyə bayrağını başları
üzərinə qaldırırlar.
Gənc güləşçilərimizin çoxu deyir ki, biz bu qədər
dəstəyi heç
öz vətənimizdə
görməmişdik. Sanki
Türkiyədə keçirilir
Avropa Oyunları.
Ona görə də bütün Azərbaycan xalqına minnətdarıq”.
Avropa Oyunlarının
təşkilatçılığına,
yarışların keçirildiyi
arenalara gəlincə
isə həmkarımız
deyir ki, təhlükəsizlik tədbirləri
ən yüksək səviyyədədir. Hər dəfə bayıra
çıxıb geri
döndükdə bir
daha yoxlama aparılır və bu bizim təhlükəsizliyimizin
təminatı üçün
çox yaxşıdır.
Arenalarda
reportajlar aparmaq üçün ən müasir texniki avadanlıqlar quraşdırılıb.
Səs, işıq effektləri çox mükəmməldir.
Su İdmanı Sarayı,
Gimnastika Mərkəzi,
Heydər Əliyev adına İdman
Sarayı, “Kristal Zal” və digər arenalarda Olimpiya Oyunlarının keçirilməsi
üçün hər
cür şərait var”.
Gökhan əksər əcnəbi jurnalistlər kimi Olimpiya kəndində qalır. Orada yaradılmış
şəraiti isə çox bəyənib: “Bu
məkan çox gözəl hazırlanıb.
Heç
bir narahatlığımız
yoxdur. İstirahətimiz üçün əla şərait var. Atletlər kəndi də bizə yaxındır. Ümumiyyətlə, Azərbaycan dövləti
Bakıya gələn
hər bir idmançı və media
nümayəndəsi üçün
inanılmaz imkanlar yaradıb”.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2015.- 20
iyun.- S. 7.