Bakının
qonaqları “Sarı gəlin”i heyranlıqla dinləyiblər
Xəbər verdiyimiz kimi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə I Avropa Oyunları çərçivəsində ötən gün Heydər Əliyev Sarayında gənc muğam ifaçılarının “Gəncləşən muğam” adlı konserti keçirilib. Tədbirdə xalq artıstı, professor Mənsum İbrahimov və tələbələri maraqlı konsert proqramı ilə çıxış ediblər.
Nazirlikdən bildirilib ki, konsertdə Azərbaycanın məşhur “Sarı gəlin” xalq mahnısını səsləndirən xanəndə Vüsalə Rəcovanın ifası xüsusilə diqqəti cəlb edib.
I Avropa Oyunları ilə bağlı ölkəmizdə qonaq olan əcnəbilər də konsertdə iştirak ediblər. Onlar “Sarı gəlin” mahnısını Vüsalə Rəcovanın ifasında hərarətlə qarşılayıblar. Repertuarına uyğun milli geyimdə səhnəyə çıxan V.Rəcova yaxın aylarda bu təqdimatı xarici səhnələrdən bir neçəsində edəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, “Gəncləşən muğam” layihəsində Mənsum İbrahimovun yetirmələrindən Aytən Məhərrəmova, Arzu Əliyeva, Elşad Aydınoğlu, Hüseyn Məlikov, Günay İmamverdiyeva da daxil olmaqla ümumilikdə 17 gənc muğam ifaçısı çıxış edib.
AZƏRTAC
Azərbaycan.- 2015.- 20 iyun.- S. 7.