Azərbaycan
Hökuməti ilə Dünya Bankı
arasında əməkdaşlığın perspektivləri
müzakirə olunub
İyunun 19-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Dünya Bankının sosial inkişaf üzrə mütəxəssisi xanım Mişel Rebosio ilə görüşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Əli Həsənov Mişel Rebosionu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, bu təyinatın Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsində mühüm önəm daşıyacağına əminliyini bildirib.
Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb və Azərbaycan Hökumətinin Dünya Bankı ilə əməkdaşlıq etdiyi müddətdə kifayət qədər yaxşı təcrübənin toplandığını diqqətə çatdırıb.
Azərbaycan Hökuməti ilə Dünya Bankı arasındakı əlaqələrin son illər yeni mərhələyə qədəm qoyduğunu, həyata keçirilən layihələrin qarşılıqlı əməkdaşlıq şəraitində uğurla və şəffaf şəkildə davam etdirildiyini deyən Baş nazirin müavini Əli Həsənov bildirib ki, bunlar arasında istər məcburi köçkünlərin məskunlaşma obyektlərində, istərsə də onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr mühüm önəm kəsb edir. Qeyd edilib ki, təkcə qaçqın və məcburi köçkünlərin rifahının yaxşılaşdırılması istiqamətində Dünya Bankı ilə bir neçə uğurlu layihə həyata keçirilib və bu işlər davam etdirilməkdədir.
Əli Həsənov qeyd edib ki, bu gün Azərbaycan dövləti vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb və ölkəmizin gündən-günə artan iqtisadi inkişafı bu problemlərin həllinə imkan yaradıb. Ancaq bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün üçün prioritet sahələrdən olan, xüsusilə gəlir gətirmə, gənclərin dəstəklənməsi, mikrokredit proqramları və digər vacib sahələr üzrə həyata keçirilən layihələrə üstünlük verilməlidir.
Görüşdə Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında bağlanmış kredit sazişinə əsasən həyata keçirilən “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi” layihəsinin müzakirəsi zamanı layihə çərçivəsində indiyədək görülmüş işlər təhlil edilib, qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilib. Əli Həsənov bildirib ki, dövlətimizin maliyyə imkanlarının getdikcə daha da artmasına baxmayaraq, etibarlı və təcrübəli beynəlxalq maliyyə təsisatları ilə kredit əməkdaşlığı davam edir. Bu, həm yaranmış əməkdaşlığın möhkəmlənməsinin, həm də tərəflərin bir-birinə yüksək etimadının göstəricisidir.
Bütün bunları müsbət hal kimi dəyərləndirən Əli Həsənov onu da diqqətə çatdırıb ki, Azərbaycan Hökuməti Dünya Bankı ilə əməkdaşlıq etməkdə, onun təcrübəsindən bundan sonra da yararlanmaqda maraqlıdır. Bu gün qaçqın və məcburi köçkün probleminin həllində dünyanın oxşar problemləri ilə üzləşən ölkələrində Azərbaycanın təcrübəsindən də istifadə olunur ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da qurumun yüksək tribunasından dəfələrlə bəyan edib. Bütün bunları qarşılıqlı əməkdaşlığın nəticəsi kimi qiymətləndirən Əli Həsənov həyata keçiriləcək layihələrin icrasını sürətləndirməyin, keyfiyyətini yüksəltməyin, layihələrin istiqamətini prioritet sahələrə yönəltməyin vacibliyini vurğulayıb.
Dünya Bankı ilə əməkdaşlığa bu cür önəm verdiyinə və hərtərəfli məlumata görə minnətdarlığını ifadə edən xanım Mişel Rebosio hələ 1999-cu ildə təmsil etdiyi beynəlxalq humanitar təşkilatın xətti ilə Ağcabədi rayonu ərazisində məskunlaşan məcburi köçkünlərin problemlərinin həlli ilə məşğul olduğunu, bu sahə ilə bağlı həyata keçirilən tədbirlərdə yaxından iştirak etdiyini diqqətə çatdıraraq Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. Qeyd edib ki, onun təmsil etdiyi qurum da Azərbaycan Hökuməti ilə əməkdaşlıqda, məcburi köçkünlərlə işləməkdə maraqlıdır.
Azərbaycanın bütün sahələrdə gündən-günə inkişaf etdiyindən məmnunluğunu bildirən qonaq bu istiqamətdə də nəzərdə tutulan layihələrin vaxtında və keyfiyyətlə yerinə yetiriləcəyinə əminliyini bildirib, məcburi köçkünlərlə işləməyin daha çox insanlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Dünya Bankının rəsmisi
qaçqın və məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması istiqamətində
Azərbaycan Hökumətinin həyata keçirdiyi
tədbirlərin bütün dünya üçün
örnək olduğunu bildirib.
O, Dünya Bankı ilə Azərbaycan
Hökuməti arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini
qeyd edib.
Azərbaycan.- 2015.- 20 iyun.- S. 11.