Azərbaycanın inkişafı, zəngin mədəniyyəti avstraliyalı jurnalistin gözü ilə

 

Avstraliyanın “traveller.com.auinternet jurnalının birinci Avropa Oyunlarını işıqlandırmaq üçün Bakıda olan əməkdaşı Ben Qroundvater Azərbaycan haqqında təəssüratlarını qələmə alıb.

AZƏRTAC xəbər verir ki, jurnalda yayılan məqaləsində müəllif Azərbaycanı parlaq gələcəyə, inkişaf dinamikasına və təbii gözəlliyə malik, mədəniyyətlərin qovuşduğu ölkə adlandırıb. Bakının tanınmış Avropa şəhərlərindən geri qalmadığını vurğulayan müəllif “Bura Romadır, Parisdir, yoxsa Londondur?” yazaraq heyrətini gizlətməyib. Jurnalist yazır ki, Bakıdakı binaların Qərb memarlığına çox yaxın, lakin Şərq görkəmində olması insanı heyran qoyur.

Məqalədə “Alov qüllələri”nin Bakının müasir rəmzlərindən biri olduğu vurğulanır. Azərbaycanın zəngin ölkə olduğunu qeyd edən avstraliyalı jurnalist ölkədə çoxlu sayda brend mağazaların fəaliyyət göstərdiyini bildirir. Məqalədə Azərbaycanda keçirilən Avropa Oyunlarının ölkənin beynəlxalq miqyasda imicini daha da artıracağı diqqətə çatdırılır.

Azərbaycanın idmanın güləş və boks növləri üzrə bütün dünyada tanındığı, “Eurovision-2011” mahnı müsabiqəsində qələbəsi ilə yadda qaldığı, Azərbaycana gəlməyin turistlər üçün rahat olduğu, viza verilməsi prosesində sadələşdirilmələr aparıldığı qeyd edilir.

Müəllif yazır ki, Azərbaycanın zəngin mədəniyyəti həm də özünü mətbəxində, xalçalarında, qədim və gözəl İçərişəhərdə, Qız qalasında, eləcə də karvansaraylarda əks etdirir. Dünyadakı 11 iqlim qurşağından 9-nun Azərbaycanda mövcud olduğunu yazan jurnalist ölkənin regionlarının da gözəlliyinə diqqəti cəlb edir. Heydər Əliyev Mərkəzi isə jurnalistin özünün qeyd etdiyi kimi, bəyaz dalğaları ilə onu heyrətə gətirib. Azərbaycanın məhz bu mərkəz kimi öz qeyri-adilikləri ilə yaddaşlarda qalan ölkə olduğu vurğulanan məqalədə Naftalan müalicəvi nefti, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Şəki şəhəri, Yanardağ və “Şahdağ” istirahət mərkəzi haqqında da məlumat verilir.

 

AZƏRTAC

 

 

Azərbaycan.- 2015.- 20 iyun.- S. 12.