Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin qərarı
¹ 219 Bakı
şəhəri, 10 iyun 2015-ci il
Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya
Xidmətinin tabeliyində Xüsusi
Qayğıya Ehtiyacı Olan
Uşaqların Dövlət Reabilitasiya
Müəssisəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqların kompleks şəkildə tibbi, sosial reabilitasiyasının aparılması, onların cəmiyyətə inteqrasiyasının təmin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılsın.
2.Heydər Əliyev Fondu ilə “Uralsib” Maliyyə Korporasiyası tərəfindən birlikdə həyata keçirilmiş layihə çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, Abbas Fətullayev küçəsi, 29A ünvanında 0,1092 ha torpaq sahəsində inşa edilmiş Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Reabilitasiya Müəssisəsinin binası, avadanlıqları, digər əsas vəsaitləri və mal-materiallarıAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində yaradılan Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin balansına verilsin.
3.Müəyyən edilsin ki, Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin saxlanılması üçün tələb olunan xərclər Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.
4.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
4.1.bir ay müddətində Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin Nizamnaməsini təsdiq etsin;
4.2.Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə bu qərarın 2-ci hissəsindən irəli gələn məsələləri həll etsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 21 iyun.- S. 3.