İdmanla mədəniyyətin qovuşduğu məkan
Səbirsizliklə gözlənilən “Bakı-2015” I Avropa Oyunlarının iyunun 12-də Olimpiya Stadionunda keçirilən açılış mərasimi əlamətdar tarixi hadisə kimi yaddaşlara yazıldı. Olimpiya Stadionunda on minlərlə insanın, respublikamızda və Oyunların yayımlandığı 60-dan çox ölkədə milyonlarla tamaşaçının ekran qarşısında izlədiyi möhtəşəm şou yalnız qitə miqyasında deyil, dünyada ilin ən böyük idman və mədəniyyət hadisəsi kimi qəbul edildi. Doğrudan da, buna, sadəcə, bir idman yarışı kimi baxmaq doğru olmazdı. Bu həm də iqtisadi, mədəni meyarlarla ölçülən möhtəşəm hadisədir. Bir sözlə, I Avropa Oyunları ölkəmizin beynəlxalq nüfuzunun, inkişaf səviyyəsinin, xüsusən də iqtisadi imkanının göstəricisidir.
Hələ Oyunların başlamasına qədər ölkəyə gələn turustlərin mədəni istirahətinin təmin edilməsi üçün hazırlanmış proqramlara start verilmişdi. İyunun 10-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində “Bakı-2015” I Avropa Oyunları münasibətilə görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Avropa haqqında düşüncələr” adlı sərginin keçirilməsində məqsəd əcnəbi qonaqları və paytaxt sakinlərini Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan dəyərli əsərlərlə tanış etmək idi.
Sərgidə 70-dən çox əsər nümayiş olundu. Ekspozisiyada Mikayıl Abdullayevin, Nadir Əbdürrəhmanovun, Lətif Feyzullayevin, Əyyub Hüseynovun, Nəcəfqulu İsmayılovun, Davud Kazımovun, Nadir Qasımovun, Ağa Mehdiyevin və başqa rəssamların əsərləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Atletlər kəndindəki Mədəniyyət və Turizm Mərkəzində Azərbaycan Xalça Muzeyinin təşkil etdiyi “Azərbaycan el sənəti” sərgisi də bu qəbildəndir. İyunun 8-dən başlayaraq sərgidə muzeyin kolleksiyasından olan xalça, xalça məmulatları, bədii metal, həmçinin zərgərlik, tikmə, milli geyim nümunələrini əks etdirən fotoşəkillər nümayiş olunur.
İyunun 11-də İçərişəhərdə “Qız qalası” beynəlxalq incəsənət festivalı keçirilirdi. Festival paytaxtdakı böyük idman bayramına daha bir sənət töhfəsi kimi qiymətləndirildi.
Xatırladaq ki, 2010-cu ildə əsası qoyulan, dörd il Bakıda, bir dəfə isə Fransanın Kann şəhərində keçirilən “Qız qalası” beynəlxalq incəsənət festivalı artıq altıncı dəfədir gerçəkləşir.
Layihənin əsas məqsədi dünyanın müxtəlif yerlərindən gələn rəssamlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətinin tanıdılması, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdən ibarətdir. Festivalda dünyanın 10-dan çox ölkəsindən 30-a yaxın tanınmış rəssam iştirak edirdi.
Festivalda iştirak edən türkiyəli rəssam Pinar Partanar layihə barədə belə deyib: “İlk dəfədir Azərbaycandayam. Burada gördüklərim məni valeh etdi. Bakının möhtəşəm idman tədbirinə ev sahibliyi etməsindən qürur duydum. Uzun illər ərzində müxtəlif rəsmlər üzərində çalışsam da, qardaş ölkədə ilk dəfə ceyran heykəlini rəngləyəcəyəm. Bu mənim üçün olduqca xoşdur”.
Hollandiyalı rəssam Şefqet Emini isə “Qız qalası” beynəlxalq incəsənət festivalının özünəməxsusluğundan söz açaraq demişdir ki, müxtəlif ölkələrdə bir-birindən fərqli incəsənət festivallarında iştirak etmişəm. Bakıda təşkil olunan bu festival olduqca bənzərsizdir. Bu ideyanın bir fərqliliyi də ətraf mühitin mühafizəsi ilə bağlıdır. Sevinirəm ki, belə bir gözəl incəsənət bayramında iştirak edirəm.
I Avropa Oyunları ilə bağlı Azərbaycana gələn xarici turistlərin üz tutduğu məkanlardan biri də İçərişəhərdir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Təhsil Nazirliyinin “Sabah” qruplarının dəstəyi ilə “Bakı-2015” I Avropa Oyunları zamanı yardım üçün könüllülərin fəaliyyətini də nəzərdə tutub. Üzərinə “Ask me” və “Here to help” yazılmış köynəklərdə gəzən könüllülər Oyunlar zamanı İçərişəhərə gələn xarici turistlərə, media nümayəndələrinə kömək göstərirlər.
Könüllülər qonaqların daha çox olduğu yerlərdə dayanaraq, məsələn, İçərişəhərdəki tarixi abidələr, tədbir və festivallarla bağlı məlumat verir, qonaqları maraqlandıran sualları cavablandırırlar.
İyunun 28-dək “Nizami” Kino Mərkəzinin də qapıları I Avropa Oyunları ilə bağlı paytaxta gələn qonaqlar üçün açıqdır. Repertuara xarici dilə tərcümə olunmuş tammetrajlı milli bədii və idman mövzusunda qısametrajlı sənədli filmlər daxil edilib.
Milli bədii kinofilmlərdən “Nabat”, “Çölçü”, “Girov”, “Ovsunçu” , “Aktrisa”, “ İlahi məxluq” , “Hökmdarın taleyi”, “40-cı qapı”, “Axınla aşağı”, “Dərvişin qeydləri”, “Qafqaza qayıdış”, “Sahə”, “Niyyət”, “Buta” sənədli və qısametrajlı filmlərdən isə “Keçmişə qaçış”, “Səhra boksçusu” ,”London səhnələri”, “Səssiz idman”, “Zirvədə həyat”, “Oyundankənar”, “Qalib”, “Oyun sevgisi”, “Slec xokkey”, “Valeri Brumel”, “Təşəkkür edirəm, doktor”, “Top həm düşər, həm qalxar”, “Həmişə analar günündə”, “Çövkən”, “Rəqs et” ingilis dilində subtitrlərlə təqdim edilir.
Ümumiyyətlə, Bakı artıq neçə
gündür ki, silsilə
tədbirlər məkanına çevrilib.
Bu, eyni zamanda I Avropa Oyunlarının Bakıda keçirilməsi
ilə əlaqədar hazırlıq işlərinin yüksək
səviyyəsini göstərir. Ölkəmizin turizm potensialına malik olduğunu yaxşı bilən əcnəbilərin
I Avropa Oyunları ilə əlaqədar Cənubi
Qafqazın ən gəzməli və görməli
məkanı olan Odlar
yurdunu ziyarət etməsi ilə əlaqədar
mədəniyyət və incəsənət sahəsində
də xidməti günün tələbləri
səviyyəsində qurmaq
xalqımızı və dövlətimizi beynəlxalq aləmdə
təmsil etmək qədər məsuliyyətlidir. Odur ki, idman
yarışlarında iştirak edənlərin,
turistlərin mədəni istirahətinin və asudə vaxtlarının
səmərəli təşkili öncədən əsas vəzifə
kimi qarşıya qoyulmuşdu.
Bir-birindən maraqlı və rəngarəng mədəniyyət
tədbirləri də bunu göstərir.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.- 2015.- 21 iyun.- S. 8.