Avropa İttifaqının aparıcı media portalı Azərbaycanın Avropa Məhkəməsində qələbəsini geniş işıqlandırıb

 

Avropanın aparıcı media portallarından olan “Euractiv” Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarı barədə məqalə yayıb.

Məqalədə erməni təcavüzü dövründə Azərbaycanın Laçın rayonu ərazisindən qovulmuş altı Azərbaycan vətəndaşının şikayəti əsasında Avropa Məhkəməsinin iyunun 16-da verdiyi qərarda Ermənistanın Dağlıq Qarabağ ərazisinə nəzarət etməsinin təsdiqləndiyi bildirilir. Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini zəbt etməsi faktının məhkəmə tərəfindən təsdiqləndiyi vurğulanır. Qeyd edilir ki, həmin vətəndaşlar zorla çıxarıldıqları Laçın rayonundakı mülkiyyətindən istifadə edə bilməmələri səbəbindən məhkəməyə müraciət ediblər.

Məqalədə deyilir: “Məhkəmə xüsusilə qeyd edib ki, Ermənistan hökumətinin keçmiş və hazırkı nümayəndələri daxil olmaqla verilən ictimai bəyanatlar və bir çox hesabatlar göstərib ki, Ermənistan ilk gündən öz hərbi mövcudluğu, eləcə də hərbi təchizat və təcrübəsini təmin etməklə Dağlıq Qarabağ münaqişəsində əhəmiyyətli dərəcədə iştirak edib. Sözügedən ərazilərə nəzarət baxımından Ermənistanın hərbi dəstəyi həlledici olmaqda davam edib. Həmçinin məsələ ilə bağlı əldə edilən faktlar əsasında aydın olub ki, Ermənistan Dağlıq Qarabağa əsaslı siyasi və maliyyə dəstəyi verib. Həmçinin Dağlıq Qarabağ heç bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən tanınmadığından orada yaşayan şəxslərə xaricə səyahət üçün Ermənistan pasportları əldə etmək lazım gəlib. Ermənistan və Dağlıq Qarabağ demək olar ki, bütün vacib məsələlərdə yüksək dərəcədə inteqrasiya olunubonun idarəçiliyi Ermənistan tərəfindən verilən hərbi, siyasi, maliyyə və s. dəstək sayəsində həyata keçirilib”.

Məqalənin sonunda Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Məhkəməsinin qərarı ilə bağlı bəyanatından fikirlərə də yer verilib.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

 

Azərbaycan.- 2015.- 21 iyun.- S. 10.