Almaniya bu gün: hegemon, yoxsa vassal?
Avropa Almaniyanın hegemonluğuna
qarşı
1941-ci il mayın 30-u yunan Manolis Qlezosun Adolf Hitleri məsxərəyə
qoyduğu gündür. O, öz dostu ilə Afina Akropolundan
faşist Almaniyasının böyük bayrağını
qopararaq yerə atdı və qəhrəmana çevrildi.
“Der Spiegel” nəşri yazır ki, indi 92 yaşlı
Qlezos Avropa Parlamentində Yunanıstanın hakim SİRİZA
partiyasını təmsil edir. İkinci Dünya müharibəsi
zamanı müqavimət hərəkatının fəalı
olan yunan qəhrəmanı almanların Avropada
hökmranlığının nə ilə nəticələndiyinin
canlı şahididir və onun sözlərinə görə,
hazırda bu proses yenidən baş verir: “Ancaq bu dəfə
Yunanıstanı boğazından hərbçilər deyil,
siyasətçilər və biznes rəhbərləri
tutublar. Alman kapitalı Avropada hökmrandır və
ona Yunanıstanın bədbəxtliyi və məşəqqətləri
sərf edir. Amma bizə onların
pulları lazım deyil”. Qlezosun fikrincə,
indinin özündə də Almaniya dəhşətli
keçmişi ilə bağlıdır. Ancaq o, bu
iddianı səsləndirəndə xüsusi qeyd edir ki, alman
xalqını yox, onun hakimiyyətini nəzərdə tutur:
“Almaniya bu gün də təcavüzkardır. Onun
Yunanıstana münasibətini tiranın qula münasibəti
ilə müqayisə etmək olar”.
Qlezos faşist Almaniyasının baş ideoloqu Yozef
Gebbelsin “2000-ci il” adlı məqaləsini xatırlayır. Həmin
yazıda Gebbels Almaniyanın rəhbərliyi ilə
Avropanın gələcəyi haqqında öz fikirlərini
bölüşür. Qlezos deyir ki, Gebbels cəmi 10 il tələsib.
Ekspertlər hesab edirlər ki, ümumdünya iqtisadi
böhranı güclü iqtisadi potensiala malik Almaniyanın
ümumavropa hegemonluğu iddiasını
reallaşdırmağa əlverişli şərait
yaradır. Bu
isə bütün Avropada sərt müqavimətlə üzləşir:
Almaniya kansleri Angela Merkel bu ekspanisiyanın müəllifi kimi
təqdim olunur. Onun Hitlerin bığları ilə təsvir
olunmuş karikaturaları, Avropanın alman tanklarının
tapdağı altında təsvir olunduğu rəsmlər
Yunanıstan, Bolqarıstan, İspaniya, Böyük Britaniya,
Polşa, Portuqaliya və digər ölkələrdə
ildırım sürəti ilə yayılır. Nasist simvolikası isə Almaniyanın
ayrı-ayrı ölkələrə tətbiq etdiyi sərt qənaət
siyasətinin ayrılmaz atributu kimi təqdim edilir. Avropa Almaniyada “Üçüncü Reyxin” xələfi
olan “Dördüncü Reyxin” yaranmasından
danışır.
Azərbaycan-Almaniya əlaqələri:
tarixə qısa ekskurs
Almaniya Avropanı fəth etmək yoluna
çıxdığı bir zamanda Cənubi Qafqazın və
postsovet məkanının parlayan ulduzu Azərbaycan bu ölkə
və onun söz sahibi olduğu Avropa İttifaqı ilə
münasibətlərini necə qurmaq niyyətindədir? 1991-ci ildə
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən
sonra iki ölkə arasında münasibətlər müəyyən
mərhələyə qədər rəvan inkişaf edib.
1992-ci ildə Almaniya ilə Azərbaycan
arasında diplomatik münasibətlər qurulub, səfirliklər
açılıb. Həmin dövrdə siyasi dəstəyə
və sərmayələrə böyük ehtiyacı olan rəsmi
Bakı Avropanın ən güclü iqtisadiyyatı ilə
yaxın əlaqələr yaratmaqda maraqlı olduğu kimi,
yenicə birləşmiş Almaniya da öz təsir dairəsini
genişləndirmək, mühüm strateji bölgədə
yerləşən, zəngin təbii ehtiyatlara və
güclü inkişaf potensialına malik Azərbaycanla təmaslarını
gücləndirmək perspektivindən imtina edə bilməzdi.
1995-ci ilin dekabrında Almaniyanın o zamankı
xarici işlər naziri Klaus Kinkelin Azərbaycana, 1996-cı
ilin iyulunda isə Azərbaycanın Prezidenti Heydər
Əliyevin Almaniyaya səfərləri iki ölkə
arasında əlaqələri yeni səviyyəyə yüksəltdi.
Sonrakı illərdə ölkələr
arasında siyasi, iqtisadi, elmi-texniki, müdafiə, təhlükəsizlik,
terrorizmə qarşı mübarizə sahəsində
uğurlu əməkdaşlıq inkişaf etdirildi. Siyasi əlaqələrin möhkəmlənməsi,
əlverişli investisiya mühiti alman şirkətlərinin
Azərbaycana gəlməsi və uğurlu fəaliyyətinin
başlıca səbəbləri kimi xarakterizə oluna bilər.
“Simens”, “Ferrosstal”, “İnterselekt”, “Mersedes Bens” kimi iri şirkətlər
də daxil olmaqla Almaniyanın 150-yə yaxın biznes subyekti
Azərbaycanda aktiv fəaliyyət göstərməyə
başlamışlar.
Siyasi əlaqələrin xarakterinə gəldikdə, Azərbaycan
bütün ölkələrlə olduğu kimi, Almaniya ilə
də bərabərhüquqluluq, qarşılıqlı
etimad, səmərəli əməkdaşlıq, bir-birinin
daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanan
münasibətlərin qurulması və inkişaf etdirilməsində
maraqlı olub.
Azərbaycan müstəqil dövlət kimi,
ikitərəfli əlaqələrdə
böyük-kiçik münasibətlərini qəbul etmir və
qarşı tərəfdən də analoji münasibət
gözləyir. Bununla yanaşı, Azərbaycan
hər bir ölkə və beynəlxalq təşkilatla əlaqələrində
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllinə xüsusi münasibət
tələb edir. Bu münasibəti şərtləndirən
başlıca faktorlardan biri isə beynəlxalq hüququn
prinsiplərinin dəstəklənməsidir ki, bu da Almaniya-Azərbaycan
münasibətlərinin inkişafı üçün vacib
şərtlər sırasına daxil olub.
Ədalət naminə qeyd edilməlidir ki, Almaniya dəfələrlə
ən yüksək səviyyədə Azərbaycanın ərazi
bütövlüyünə öz dəstəyini ifadə
edib. 2004-cü ildə bu ölkənin prezidenti Horst Keller
bildirib ki, “Almaniya həmişə Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyib və onun bu
mövqeyi dəyişməz qalır”. Almaniyanın
kansleri Gerxard Şreder isə Almaniyanın Azərbaycanın tərəfdaşı
olduğunu vurğulamaqla onun “ərazi
bütövlüyünü tanıdığını və
böyük hörmətlə yanaşdığını”
deyib. Almaniya Bundestaqı Federal Şurasının 14 may
2010-cu il tarixli “Cənubi Qafqazda təhlükəsizlik,
sabitlik və güclənmə” adlı qətnaməsində
isə qeyd edilib ki, “Almaniya beynəlxalq hüququn dövlətlərin
razılığı olmadan onların sərhədlərinin
dəyişdirilməsinin yolverilməzliyini ehtiva edən əsas
prinsiplərini dəstəkləyir”.
Beləliklə,
Azərbaycanla Almaniya arasında əməkdaşlıq əlaqələrinin
inkişafı bir tərəfdən Almaniyanın Cənubi
Qafqaz kimi mühüm regionda möhkəmlənməsinə,
alman biznesinin, QHT-lərinin bu bölgəyə gəlməsinə
şərait yaratdısa, digər tərəfdən də Azərbaycanın
Avropa İttifaqı ilə əlaqələrinin güclənməsində,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı həqiqətlərin
Avropa ictimaiyyətinə çatdırılmasında pozitiv
rolunu oynadı. Əminliklə demək olar ki,
ikitərəfli əlaqələrin inkişafında 2007-ci
ilin fevralında Prezident İlham Əliyevin Almaniyaya səfərinin
və səfər çərçivəsində əldə
olunmuş razılaşmaların böyük əhəmiyyəti
vardır. Azərbaycanın Almaniya və Avropa
İttifaqı üçün əhəmiyyəti
baxımından 2014-cü ilin oktyabrında Bakıda səfərdə
olan Almaniyanın xarici işlər naziri Valter Ştanmayerin
fikirləri maraqlıdır: “Azərbaycan strateji baxımdan
Şərq və Qərb arasında vacib ölkədir,
körpü rolunu oynayır. Azərbaycan, həmçinin,
enerji baxımından vacib ölkədir, Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində böyük rola malikdir. Azərbaycan regionda yeganə ölkədir ki, burada
Almaniyanın Xarici Ticarət Palatası fəaliyyət
göstərir və 140 üzvü özündə birləşdirir.
Bu da bizim iqtisadi əlaqələrimizin geniş
olmasının göstəricisidir. Bundan
başqa, “Cənub” qaz dəhlizi ikitərəfli əməkdaşlığımızın
daha da inkişafı üçün böyük perspektivlər
açır”.
Azərbaycan və
“Dördüncü Reyx”
İki ölkə arasında əlaqələrin sürətlə
inkişaf etdiyi və strateji tərəfdaşlıq meyillərinin
gücləndiyi bir ərəfədə - 2011-ci ildə
Almaniya QHT-lərinin, mediasının və bir sıra hallarda
rəsmi şəxslərinin Azərbaycana qarşı aqressiv
davranışı düşündürücü hal idi. Ekspertlər
Bakıda keçirilmiş “Eurovision -2012” mahnı müsabiqəsi
dövründə Almaniya başda olmaqla, Qərb dairələrinin
Azərbaycana qarşı həyata keçirdiyi qarayaxma
kampaniyasını müxtəlif amillərlə izah etdilər.
Onlar bunu əsasən Azərbaycan qazının Avropa
bazarına çıxarılması, həmçinin
Almaniyanın hegemonluq iddiası və ABŞ-ın təhriki
ilə Cənubi Qafqazın mərkəzi ölkəsi olan Azərbaycanı
öz təsiri altına salmaq cəhdləri ilə
bağladılar. Söz yox ki, bu bədbin niyyət
demokratiya və insan haqları iddiaları ilə pərdələnmişdi.
Amma bu maska o qədər primitiv idi ki, hətta
Almaniyanın həmin dövrdə Azərbaycanda səfiri
olmuş Herbert Kvelle 2012-ci ildə Azərbaycan mediasına məktubunda
da ona normal izahat verməkdə çətinlik çəkirdi.
Səfir iddia etmişdi ki, 2011-ci ildə
Düsseldorfda “Eurovision” mahnı müsabiqəsində qələbədən
sonra alman mətbuatı Azərbaycanla daha çox
maraqlanmağa və pozitiv məlumatlarla yanaşı, internetdə
çoxsaylı neqativ informasiyalarla rastlaşaraq onları
qabartmağa başladı. Səfir
yazırdı ki, Almaniya federal hökumətinin müstəqil
və güclü alman KİV-inə təsir etmək
imkanı yoxdur. Əlbəttə, öz
ölkəsinin maraqlarını müdafiə edən səfirin
mülahizələri problemə bu çərçivədə
izahat vermək cəhdiydi. Əgər cənab Kvelle məsələyə
mühüm transkontinental enerji layihələrində
Almaniyanın maraqları, bu ölkənin hakimiyyət və
digər siyasi dairələrinin Azərbaycan müxalifəti
ilə təmaslarının intensivləşməsi, prosesdə
Almaniyanın xarici işlər naziri Guido Vestervelle, onun
müavini Mixael Linkin fəal iştirakı, aparıcı
alman siyasi dairələri tərəfindən idarə olunan
nüfuzlu fondların Azərbaycan müxalifəti ilə əlaqələri,
nəhayət, özünün müxalifət “liderləri”
ilə görüşlərində müzakirə olunan
mövzular prizmasından yanaşsaydı, tam başqa mənzərə
yaranardı və səfir qeyri-obyektivlikdə ittiham
olunmazdı.
Ancaq az
keçmədi ki, Almaniyanın “Spiegel”, ARD kimi aparıcı
KİV-ində Azərbaycana qarşı əsassız,
qeyri-obyektiv materiallar verilməsi bu ölkənin müəyyən
dairələrinin Azərbaycanla bağlı maraqları ilə
uzlaşdırıldı və total qarayaxma
kampaniyasının tərkib hissəsinə çevrildi.
Konrad Adenauer, Fridrix Nauman, Henrix Böll, Fridrix Ebert kimi fondlar
Azərbaycanda nəzərəçarpacaq dərəcədə
aktivləşdi, Almaniyanın rəsmi şəxslərinin,
parlamentarilərinin müxalifət partiyalarının rəhbərləri
ilə görüşləri intensiv xarakter aldı.
Almaniya hökumətinin İnsan Haqları və Humanitar
Yardım üzrə müvəkkili Markus Löninq Azərbaycana
qarşı həyata keçirilən kampaniyanın əsas təşkilatçılarından
birinə çevrildi. O, 2011-ci ilin avqustunda Azərbaycana səfəri
zamanı kəskin fikirləri ilə yadda qaldı. Müxalifət nümayəndələri ilə
görüşündə Löninq bildirmişdi ki, “Almaniya
Azərbaycanda dəyişikliklər etmək üçün
sizə hər zaman kömək etməyə hazırdır”.
Löninqin anti-Azərbaycan demarşı
2013-cü ilə kimi, BMT-nin İnsan Haqları Komissiyasında
Almaniyada insan hüquq və azadlıqlarının
pozulması, irqçilik və ksenofobiya faktlarının
artmasını nəzərdə tutan hesabatın
açıqlandığı günə qədər davam
etdi.
Almaniyadan Azərbaycana qarşı digər kampaniya isə
Avropa Şurasının insan haqları üzrə bədnam məruzəçisi
Kristofer Ştrasserin xəttilə təşkil edildi. Lakin AŞ PA-nın
2013-cü il yanvar sessiyasında onun Azərbaycana
dair məruzəsi tam iflasa uğradı və deputatlar
Ştrasserin özü ilə birgə onun hesabatını da
tarixin arxivinə təhvil verdilər.
Bu kampaniyanın daha bir istiqaməti Bundestaqın
Yaşıllar fraksiyası vasitəsilə
reallaşdırıldı. Ermənipərəst mövqeyi ilə
seçilən Bundestaqın Cənubi Qafqaz üzrə
parlament qrupunun sədr müavini, Yaşıllar
partiyasının fəalı Viola fon
Kramon bildirmişdi ki, Bundestaqın “Eurovision” müsabiqəsinin
boykot edilməsi ilə bağlı Avropa İttifaqı
ölkələrinə müraciət etməsinə nail
olacaqlar. Bu partiyanın Almaniya parlamentindəki
nümayəndəsi Folker Berq isə mətbuata
açıqlamasında açıq şəkildə demişdi
ki, “Bakı “Eurovision”un keçirilməsi üçün
münasib yer deyil”.
Bütün
bunlarla yanaşı, 2012-ci ilin martında Azərbaycanda səfərdə
olmuş Almaniyanın xarici işlər naziri Guido Vestervellenin,
bu ölkənin Azərbaycandakı səfiri Herbert Kvellenin
müxalifət başçıları və fəalları
ilə davamlı təmasları onu deməyə əsas
verirdi ki, Almaniya dövlət səviyyəsində Azərbaycana
qarşı çirkin kampaniya həyata keçirməyə
başlamışdı. Təsadüfi deyil ki, 2012-ci ildə
Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə parlament
qrupunun sədr müavini və Fridrix Nauman Fondunun xəttilə
Bakıda keçirilən bütün tədbirlərin
aparıcı siması olan Mixael Linkin Almaniya xarici işlər
nazirinin müavini vəzifəsinə təyin olunması
AXCP-də böyük ruh yüksəkliyi ilə
qarşılanmışdı. Əli Kərimli
M.Linki “dostumuz” adlandıraraq öz ətrafına
bildirmişdi ki, onun bu vəzifəyə təyinatı
heç də təsadüfi xarakter daşımır. Ə.Kərimli bu fikirləri işlədərkən
yəqin onu nəzərdə tuturdu ki, Fridrix Nauman Fondu Almaniya
Azad Demokratlar Partiyası ilə sıx əlaqədədir.
M.Link isə bu partiyanın fəallarındandır.
Beləliklə, M.Linkin təyinatı bir tərəfdən
fondun pul kisəsini daha geniş şəkildə AXCP-nin
üzünə açır, digər tərəfdən də
AXCP-nin Almaniya hökuməti və Azad Demokratlar Partiyası səviyyəsində
dəstək almasına şərait yaradırdı.
Göründüyü kimi, Almaniyanın rəsmi şəxsləri,
dövlət strukturları, mediası, QHT-ləri Azərbaycanı
fəaliyyətlərinin əsas hədəfi
seçmişdilər. Həmin vaxt Almaniyanın Azərbaycana olan
marağını təhlil edən ekspertlər bildirirdilər
ki, Gürcüstanın Avropa İttifaqı və NATO istiqamətində
irəliləməsi, Ermənistanın isə Rusiyanın
yaratdığı Kollektiv Təhlükəsizlik Təşkilatına
üzv olması və şimal qonşumuzun orbitində
fırlanması fonunda, Azərbaycan heç bir bloka
qoşulmayan və müstəqil siyasət yürüdən
ölkə kimi diqqəti çəkməyə bilməzdi. Azərbaycanın müstəqil siyasətini qəbul
etməyən ABŞ tərəfindən məhz Almaniyanın
vasitəsilə Bakını öz təsir dairəsinə
salmağa cəhd edildi. Almaniya artıq dövlət səviyyəsində
həm “Eurovision-2012” amilindən, həm də Qərbin
standart təzyiq vasitələrindən - demokratiya amilindən
istifadə etməklə Azərbaycana təzyiq göstərməyə
çalışırdı. Bu, Avropada hökmranlığa
can atan “Dördüncü Reyx”in həm də uzaq Qafqazda
möhkəmlənmək, Bakı neftini idarə etmək
planlarına cavab verirdi. Əgər 60 il əvvəl
“Üçüncü Reyx” bu planı hərbi yolla həyata
keçirmək istədisə, Angela Merkel demokratik
institutları Azərbaycana qarşı süngüyə
çevirdi. Ancaq heç nə alınmadı və
1942-43-cü illər 60 ildən sonra yenidən təkrarlandı.
Necə oldu ki, Almaniya Azərbaycanın
müqavimətini sındıra bilmədi?
Antiazərbaycan
kampaniyanın iflasının pərdəarxası və ya
İlham Əliyev Vestervelleyə nə demişdi?
2012-ci ildə “Eurovision” mahnı yarışması ərəfəsində
Almaniyanın xarici işlər naziri Guido Vestervellenin Azərbaycana
səfərinin indiyə kimi açıqlanmamış təfərrüatları
həm də ictimai maraq baxımından böyük əhəmiyyət
kəsb edir.
Həmin il martın 15-də, Almaniyadan Azərbaycana
qarşı kampaniya başlandığı bir dövrə
G.Vestervelleni qəbul edən Prezident İlham Əliyevin məsələ
ilə əlaqədar ona öz iradlarını bildirdiyini
ehtimal etmək olar. Yəqin Vestervelle də
dövlət başçısını əmin etməyə
çalışıb ki, bu, Almaniya hökumətinin xətti
deyil və ayrı-ayrı maraqlara xidmət edən lokal
qrupların özfəaliyyətidir. Vestervelle
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla
mətbuat konfransında da Almaniya mediasının Azərbaycana
qarşı kampaniyası ilə bağlı sualı
cavablandırarkən bildirmişdi ki, “Almaniyada media azaddır
və onun üzərində nəzarət yoxdur. Ancaq Almaniyada Azərbaycan haqqında fikir müxtəlifliyi
də var və bəziləri hesab edirlər ki, Azərbaycan
inkişaf edən ölkədir”.
Maraqlıdır
ki, bundan cəmi bir ay sonra, aprelin ortalarında Almaniyanın Azərbaycandakı
səfiri H.Kvelle Prezident Administrasiyasına müraciət
ünvanlayaraq xahiş etmişdi ki, Azərbaycan Prezidenti
ABŞ-a səfəri zamanı G.Vestervelle ilə yenidən
görüşmək məsələsini nəzərdən
keçirsin. Buna səbəb isə Almaniyadan təşkil
olunmuş və getdikcə güclənən antiazərbaycan
kampaniyasının Azərbaycan ictimaiyyəti tərəfindən
narahatlıqla qarşılanması və güclü cavab
reaksiyasının başlanmasıydı. Alman
QHT-lərinin Azərbaycandakı ofislərinin fəaliyyətinə
təhlükə yarandığı bir zamanda, Azərbaycan
hökuməti də bu ölkə ilə iqtisadi sahədə
əməkdaşlıq məsələlərini yenidən nəzərdən
keçirməyə hazırlaşırdı.
Qeyd edək
ki, 2012-ci il mayın 4-də Prezident
İlham Əliyev BMT Təhlükəsizlik
Şurasının iclasına sədrlik etmək
üçün Nyu Yorka səfər etmişdi. Məhz həmin səfər çərçivəsində
İlham Əliyevin Vestervelle ilə görüşü
baş tutmuşdu. Rəsmi məlumata əsasən,
Prezident İlham Əliyev ölkələr arasında uzun illər
davam edən dostluq və əməkdaşlıq mühitinin
daha da inkişaf etdirilməsi üçün yaxşı
imkanların mövcud olduğunu vurğulamışdı.
Ancaq əminliklə demək olar ki, həmin
görüşdə İlham Əliyev Vestervelleyə sərt
xəbərdarlıq edərək Almaniya hökumətinin
qeyri-səmimi davranışının ikitərəfli
münasibətlərə mənfi təsir etdiyini onun diqqətinə
çatdırmışdı. Çünki hadisələrin
gedişi təsdiq edirdi ki, anti-Azərbaycan kampaniyası
heç də xaotik şəkildə yaranmamışdı və
bu prosesin arxasında ciddi qüvvələr dururdu. Buna görə də Almaniya hakimiyyəti destruktiv fəaliyyətini
davam etdirəcəyi təqdirdə Almaniya-Azərbaycan
münasibətlərinə ciddi təhlükə
yaranacağı, əməkdaşlıq əlaqələrinin
kəsiləcəyi və tərəfdaşlığa son
qoyulacağı heç bir şübhə doğurmurdu.
Almaniyanın Azərbaycandakı strateji
maraqlarını nəzərə alaraq, demək olar ki,
görüşdə Vestervelle də Azərbaycan dövlət
başçısını problemin aradan
qaldırılması ilə bağlı təxirəsalınmaz
və hiss olunacaq tədbirlərin görüləcəyinə
əmin etmişdi. Həmçinin
Vestervellenin bu halın gələcəkdə təkrarlanmayacağına
zəmanət verdiyini də istisna etmək olmaz.
Düzdür, problem heç də güman edildiyi kimi
operativ həll olunmadı. Amma Azərbaycan tərəfi
də anlayırdı ki, uzun müddət
hazırlanmış və tam gücü ilə
çalışan bir mexanizmi dərhal dayandırmaq
mümkün deyil. Əsas odur ki, proseslərin
sonrakı inkişafında hakimiyyət qurumlarının və
dövlətlə bağlılığı olan təsisatlarının
fəallığı minimuma endi. Ən azından bu
özünü Kristofer Ştrasserin, Markus Löninqin, səfir
Kvellenin, xarici işlər nazirinin müavini Linkin, hakimiyyətlə
bağlı olan QHT və medianın fəaliyyətində
büruzə verdi.
“Eurovision” dövründə müşahidə olunan
proseslərin təhlili göstərdi ki, Almaniyanın Azərbaycanla
bağlı ciddi planları mövcuddur. Qərb nəyin
bahasına olursa olsun Cənubi Qafqazın yeganə müstəqil
siyasət yürüdən ölkəsinin müqavimətini
qırmağa və onu öz təsir dairəsinə daxil edərək
geostrateji əhəmiyyətə malik regionda dominant mövqe əldə
etməyə böyük səy göstərir.
Valter Ştaynmayerin zəmanəti və
Almaniya-Azərbaycan münasibətlərinin inkişafında
yeni mərhələ
2012-ci ilin dekabrında Angela Merkel yenidən Xristian
Demokrat Birliyi Partiyasının (XDP) sədri seçildikdən
sonra onun üçüncü dəfə kansler postuna
iddiasını gerçəkləşdirmək
üçün əlverişli şərait yarandı. Maraqlıdır ki, 7 dəfə
dalbadal partiya sədri seçilən Angela Merkelə qurultay
nümayəndələrinin 97,94 faizi səs
vermişdi. 2013-cü ilin payızında isə
Xristian Demokrat Partiyası parlament seçkilərində qələbə
qazandıqdan sonra Angela Merkel növbəti dəfə
Almaniyanın siyasi olimpinə yüksəldi. Hakimiyyət komandasında həyata
keçirilmiş dəyişikliklərdən biri də
2005-2009-cu illərdə Almaniya xarici siyasət idarəsinə
rəhbərlik etmiş Frank-Valter Ştaynmayerin yenidən bu vəzifəyə
qaytarılması olmuşdu.
Ştaynmayer Azərbaycan ictimaiyyətinə yaxşı
tanışdır. O, 2007-ci ildə də Bakıda səfərdə
olmuşdu. Xarici işlər nazirinin Azərbaycana
növbəti səfəri isə onun 2014-cü ilin
oktyabrında Cənubi Qafqaz turnesi çərçivəsində
reallaşmışdı. Ştaynmayer Azərbaycana
vacib missiya ilə gəlmişdi - onun üzərinə 2012-ci
ildən iki ölkənin münasibətlərinə
yaranmış durğunluğu aradan qaldırmaq yükü
qoyulmuşdu. Bu məqsədlə Almaniya
hökuməti xüsusi təkliflər paketi ilə də
çıxış etmişdi. Ancaq
problemi həll etmək üçün Azərbaycanın da
öz tələbləri var idi. Çox
böyük ehtimal ki, həmin vaxt xarici işlər nazirini qəbul
edən Prezident İlham Əliyev ona bu tələbləri
çatdırmışdı. Bu hansı tələblər
ola bilərdi? Azərbaycan
müstəqil dövlətdir və heç bir qüvvənin,
o cümlədən Almaniyanın və Avropa
İttifaqının təsir dairəsində fəaliyyət
göstərmək niyyətində deyil. Azərbaycanla
Almaniya arasında münasibətlər o vaxt pozitiv məcraya
qayıda bilər ki, rəsmi Berlin üzərinə Azərbaycana
qarşı bir daha kampaniya təşkil etməyəcəyi və
belə bir kampaniyada iştirak etməyəcəyinə dair
öhdəlik götürsün. Yəqin
ki, “Eurovision” yarışması dövründə Almaniyadan
aparılan qarayaxmanın konturları, onun başlıca məqsədlərinə
dair Azərbaycanın rəyi də Ştaynmayerin diqqətinə
çatdırılmış və belə bir şəraitdə
səmərəli əməkdaşlıq əlaqələrinin
mümkün olmadığı xüsusi
vurğulanmışdı. Təbii ki, məqsədli
şəkildə Azərbaycana gələn Ştaynmayerin
Almaniya hakimiyyətinin bundan sonrakı dövrdə hərtərəfli
əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdə
maraqlı olduğunu, baş vermiş halların bir daha təkrarlanmaması
üçün tədbirlər görüldüyünü
deməkdən başqa çıxış yolu yox idi. Bununla da Almaniyanın xarici işlər naziri
sonrakı dövrdə Almaniyanın Azərbaycana qarşı
səmimi davranacağına zəmanət vermiş olurdu.
Görünür,
məhz Ştaynmayerin zəmanətindən sonra Prezident
İlham Əliyev Azərbaycan hökumətinə Almaniya ilə
iqtisadi, siyasi və humanitar sahədə əlaqələrin bərpa
olunması, alman şirkətlərinin Azərbaycanda fəaliyyətinə
əlverişli şərait yaradılması barədə
tapşırıq vermişdi.
Almaniyanın xarici siyasəti
riyakarlığın bariz nümunəsidir
Təhlillər onu da deməyə əsas verir ki, I Avropa
Oyunları dövründə anti-Azərbaycan kampaniyası
ABŞ tərəfindən təşkil edilib və idarə
olunur, Almaniya isə növbəti dəfə bu kampaniyanın
fəal icraçılarından biri kimi çıxış
edir. Rəsmi
Berlin ABŞ-ın təsirində olduğuna və hegemonluq
iddiasını ram edə bilmədiyinə
görə, Azərbaycana qarşı yenidən riyakarlıq
yolunu tutub.
Bu
riyakarlığın ilk işartıları Azərbaycan
Prezidenti İlham Əliyevin 2015-ci ilin yanvarında Almaniyaya
işgüzar səfəri zamanı özünü büruzə
verdi. Qeyd edək ki, bu səfər
çərçivəsində İlham Əliyev Almaniya
kansleri Angela Merkellə görüşərək ikitərəfli
münasibətlərin bütün istiqamətlərini
müzakirə etdi. Həqiqətən də,
iki liderin görüşündə Almaniya-Azərbaycan əlaqələrinin
inkişaf etdirilməsi üçün vacib razılıqlar əldə
olundu. Bu müsbət əhval-ruhiyyə
liderlərin mətbuat konfransında da özünü açıq
göstərdi. Lakin həmin mətbuat
konfransı həm də əvvəlcədən İlham
Əliyevə qarşı hazırlanmış təxribatla
yadda qaldı. Belə ki, tədbirin
keçirildiyi zala daxil olan bir nəfər plakat qaldıraraq
Azərbaycana qarşı şüar səsləndirdi. Həmin şəxsin kimliyi bəlli olsa da, onun həmin
yerə necə keçməsi məsələsi hələ
də müəmmalı qalır. Lakin
ehtimal etmək olar ki, Azərbaycan Prezidenti Merkellə və
digər rəsmi şəxslərlə apardığı
danışıqların müsbət nəticələrini nəzərə
alaraq, bu təxribata reaksiya verməməyi üstün tutdu.
Yəqin o, fikirləşdi ki, kiçik bir təxribat
səfərin nəticələrinə kölgə
salmamalıdır. Bu isə həqiqətən
də İlham Əliyevin böyüklüyünün,
Almaniya ilə münasibətlərin inkişaf potensialına
inamının və bütün razılaşmalara sadiqliyinin
əyani təzahürü kimi xarakterizə oluna bilər.
Həmçinin belə düşünmək
olar ki, Prezidentin səfərindən sonra Azərbaycan hökumətinin
Almaniya ilə bütün istiqamətlər üzrə əməkdaşlıq
əlaqələrini inkişaf etdirmək istiqamətində
real təşəbbüsləri və addımları da məhz
cənab İlham Əliyevin tapşırığının
nəticəsiydi.
Merkelin “Avroparlament-Bundestaq” oyunu
Bəs
Almaniya Azərbaycanın xoş məramına necə cavab verdi? Öz ənənəvi üslubunda: ilk
baxışdan maraqlarına uyğun olaraq ağıllı, əslində
isə primitiv və dayaz şəkildə. Məhz
ABŞ-ın təhriki və Merkelin birbaşa
tapşırığı ilə anti-Azərbaycan
kampaniyası Almaniyadan Avropa Parlamentinin platformasına
keçirildi. Əslində, Avropa
Parlamentinin Azərbaycana qarşı təzyiq mexanizmi qismində
istifadəsi yeni taktika deyildi. Qeyd edək
ki, Avropa Parlamentində deputatların ümumi sayı 2007-ci ilə
kimi Nissa müqaviləsi ilə tənzimlənmiş və
736 nəfər olmuşdu. 2007-ci ildə
Lissabon müqaviləsinə əsasən deputatların
sayı 751 nəfərə
çatdırılmışdı. Təəccüb
doğuran hal ondan ibarətdir ki, Azərbaycanda insan hüquq və
azadlıqlarının vəziyyəti ilə bağlı qətnamələrin
müzakirəsində və səsvermədə iştirak edən
deputatların sayı hər dəfə 50-60 nəfəri
keçməmişdi. Məsələn, 2011-ci il mayın 12-də qəbul olunmuş qətnamənin
müzakirəsində və səsvermədə cəmi 54
deputat iştirak etmişdi. 2012-ci il
mayın 20-də qəbul olunmuş qətnamənin müzakirəsinə
isə cəmi 56 deputat qatılmışdı. Eyni hal
2013-cü il iyunun 15-də və 2014-cü
il sentyabrın 18-də də təkrar olunmuş və
tapşırıq əsasında fəaliyyət göstərən
bir qrupun təşəbbüsü və parlamentin azsaylı
üzvlərin iştirakı ilə Azərbaycana qarşı
qərəzli qətnamələr qəbul edilmişdi.
Avropa Parlamentinin tərkibinə və strukturuna nəzər
saldıqda, olduqca maraqlı analogiya üzə
çıxır. Belə ki, bu qurum Almaniya Bundestaqına
çox oxşayır və faktiki onu təkrarlayır. Almaniyada olduğu kimi, Avroparlamentdə də xristian
demokratlar (Avropa Xalq Partiyası - EPP) və sosialist demokratlar
(Sosialistlər və Demokratlar Proqressiv Alyansı - SOC) uzun illərdir
liderliyi əllərində saxlayırlar. Məsələn,
2014-cü il seçkilərində Avroparlamentdə EPP 29.4
faiz səslə 221, SOC isə 25.4 faizlə 191 mandat əldə
ediblər. Ümumilikdə 751 deputatın təmsil
olunduğu parlamentdə 412 səsə (53.8 faiz) malik olan bu iki
fraksiya bütün məsələlərə təsir
imkanlarını öz əllərində saxlayır. Kommunistlər və solçular, yaşıllar,
regionallar, liberallar, mühafizəkarlar, milliyyətçilər
və avroskeptiklər, sağçılar, həmçinin
müstəqil deputatlar bu və ya digər şəkildə qərarların
qəbuluna ciddi təsir göstərmək imkanına malik
deyillər.
2013-cü
ildə Almaniya Bundestaqına seçkilərdə Angela
Merkelin rəhbərlik etdiyi XDS/XCC 41,5%,
ASDP isə 25,7 faiz səs toplamışdılar. Yəni burada da xristian demokratlar sosial-demokratları
üstələmişdilər. Avropa
Parlamentində olduğu kimi, Almaniya Bundestaqında da bu iki
partiya öz dominantlığını qoruyub saxlayır.
Hətta Avropa Parlamenti ilə Avropa
İttifaqı Şurası arasında qanunvericilik
bölgüsü Almaniyada Bundestaqla Bundesrat arasındakı
bölgüyə oxşayır. Yəni
Avropa Parlamenti istər struktur, istər üzvlük, istərsə
də fəaliyyət baxımından Bundestaqı
xatırladır və bu qurumda məhz Almaniyanın ton verməsi
şübhə doğurmur. Belə demək
mümkündürsə, Avroparlament Almaniyanın nəzarətindədir.
Məhz buna görə də bu strukturun Azərbaycana
qarşı aqressiv münasibətinin Angela Merkelin
reyxkanselyariyası ilə bağlaması üçün tam əsas
vardır.
Digər tərəfdən, Avroparlamentin sədri Martin
Şults milliyətcə almandır. 2014-cü ildə o,
sosial-demokratların lideri kimi Avropa Komissiyasının rəhbəri
postuna öz namizədliyini irəli sürmüşdü.
Lakin bu mübarizədə, o, Avropa Xalq
Partiyasının namizədi Jan-Klod Yunkerə məğlub
olmuş və ikinci dəfə Avropa Parlamentinə rəhbərlik
etmək təklifinə razılaşmışdı.
Avropa mediasının verdiyi məlumata görə, bu şəxslərdən
hansının Avropa Komissiyasının, hansının isə
Avropa Parlamentinin rəhbəri olacağı Lissabon müqaviləsinə
əsasən parlamentarilər tərəfindən deyil, iyunun
26-27-də Avropa İttifaqının Sammitində dövlət
başçıları tərəfindən müəyyən
olunmuşdu. Avropa Parlamentinin deputatları isə
sadəcə öz rəhbərlərinin iradəsinə
uyğun səs vermişlər. Əlbəttə,
söhbət Avropadan gedirsə, bunu da “demokratiyanın”
növbəti təzahürü kimi qəbul etmək olar.
Eyni zamanda, Jan-Klod Yunker Almaniya xristian
demokratlarının dominantlıq etdiyi Avropa Xalq
Partiyasının namizədi kimi Avropa Komissiyasına sədr
seçilib. Deməli, o da Almaniyanın layihəsidir. Bunu təsdiq edən faktlardan biri də odur ki,
seçkilərdən dərhal sonra bir
araşdırmaçı jurnalist təşkilatının
internet saytında Jan-Klod Yunkerə qarşı ciddi korrupsiya
ittihamları irəli sürülmüşdü.
Belçikanın “Libre Belgique” nəşrinin məlumatına
görə, “Luxembourg Leaks” adı alan bu
qalmaqallı araşdırmada Yunkerin Lüksemburqa rəhbərlik
etdiyi dövrdə dünyanın nəhəng şirkətlərinin
öz ölkələrində vergidən yayınması
üçün əlverişli vergi sistemi qurduğu iddia olunmuşdu.
Həmin dövrdə media iddia etmişdi ki, Avropa
Komissiyasına seçkilərdən sonra belə məlumatların
ictimailəşdirilməsi Yunkerin seçilməsinin əleyhinə
qətiyyətlə çıxış edən Böyük
Britaniya hakimiyyətinin işi ola bilər.
Ancaq nədənsə bu məsələ
inkişaf etdirilmədi və tez bir zamanda unuduldu. Necə ki, vaxtilə Martin Şultsun Ukraynada
V.Yanukoviç hakimiyyətindən külli miqdarda rüşvət
aldığı barədə məlumatlar
araşdırılmadı və dövriyyədən
çıxarıldı.
Beləliklə, Almaniya hakimiyyəti Avropa Parlamentinin iki əsas
fraksiyasını nəzarətdə saxlamaqla yanaşı, həm
də Avropa İttifaqının müxtəlif orqanlarına
öz adamlarını yeridib və onların idarəçiliyini
öz əlində cəmləşdirib. Bu da onu deməyə
əsas verir ki, Almaniyanın razılığı olmadan
Avropa Parlamenti heç bir qərar və ya qətnamə qəbul
edə bilməz. Digər tərəfdən,
Avroparlamentdə Azərbaycana qarşı keçirilmiş
bütün dinləmələrin təşəbbüskarı
Yaşıllar fraksiyasıdır. Bu fraksiya 2014-cü il
seçkilərində 6,7% səs toplayaraq
cəmi 50 yer qazanıb. Avroparlament Yaşıllarının
analoqu olan Almaniya İttifaq 90/Yaşıllar partiyası isə
8,4 faiz səs qazanaraq Bundestaqda 63 yer əldə
etməyə müvəffəq olub. Oxşarlıq
kifayət qədərdir. Ancaq məsələnin
ən maraqlı tərəfi odur ki, Avroparlamentdə son antiazərbaycan
dinləmələrinin əsas təşkilatçılarından
biri qurumun avstriyalı vitse-prezidenti, Yaşıllar
fraksiyasının üzvü, həm də seksual
azlıqların qurumu olan LGBT-nin fəalı Ulirike
Lunaçekdir. Onun yaxın ətrafı isə
əsasən alman deputatlardır. Görəsən
həqiqətənmi Avroparlamentdə at oynadan Almaniya
Yaşılların avstriyalı nümayəndəsini
qabağa verib onun əli ilə Azərbaycana qarşı
kampaniya təşkil etməklə kölgədə
qaldığını düşünür?! Görəsən xanım Merkel həqiqətənmi
bütün dünyada insanların bu qədər primitiv
düşündüyü qənaətindədir?
Axı ən azından 2012-ci ildə Prezident İlham
Əliyevlə Guido Vestervellenin Nyu Yorkdakı
görüşündən sonra Bundestaqa “divan tutan”
Yaşılların birdən-birə sakitləşməsi
Almaniya hakimiyyətinin bu partiyaya necə ciddi təsir göstərdiyini
aşkara çıxardı!
I Avropa
Oyunları ərəfəsində - iyunun 11-də yenə də
Yaşılların birləşdiyi Avropa Azad Alyansının
təşəbbüsü ilə “İdman və insan
hüquqları” adlı dinləmələrin təşkil
edilməsinin, bundan bir gün əvvəl ABŞ-ın məlum
“qvardiyasının” alman “legionu” ilə birləşib etiraz
aksiyası, mətbuat konfransı təşkil etməsinin
arxasında kimlərin durduğu yaxşı bəllidir. Burada
“ABŞ-Almaniya alyansı”nın silueti tam
aydın göründü. Yəqin işin
yaxşı təşkil edilməməsi və ya
avroparlamentarilərin bir çoxunun müstəqil bir dövlətə
qarşı oyun qurulduğunu başa düşməsinin nəticəsi
oldu ki, ciddi cəhdlə təşkil olunmuş şou-maskarad
iflasa uğradı. Sual olunur: nəyə görə
Avroparlamentdəki dinləmələr baş tutmadıqdan dərhal
sonra - iyunun 12-də analoji dinləmələr Böyük
Britaniya parlamenti, Fransa Senatı, Danimarka Folketinqi,
İsveç Rikstaqında və ya başqa bir Avropa ölkəsinin
qanunvericilik orqanında deyil, məhz Almaniya Bundestaqında
keçirildi? Hansı səbəbdən “Azərbaycanda insan
hüquqlarına riayət olunmasına dair tələblər”
və “Azərbaycanda 2015-ci il Avropa
Oyunları zamanı demokratiyaya, hüquqi dövlətə və
insan haqlarına riayət olunması” adlı qətnamələrin
müzakirəsində 631 deputatdan cəmi 35 nəfər
iştirak edib? İki qətnamə cəmi 30 dəqiqə
müzakirə olunub və 21 nəfər lehinə, 10 nəfər
əleyhinə və 4 nəfər bitərəf qalmaqla qəbul
edilib. Parlamentarizm tarixində bundan
rüsvayçı və gülünc tamaşanı
xatırlamaq çətindir. Görəsən
ABŞ-ın Almaniya üzərində hökmü o qədər
böyükdür ki, bir gündə həm strateji
marağı olan müstəqil bir dövlətlə
münasibətlərini korlayır, həm də ölkə
parlamenti məzhəkə salonuna çevrilir?! Hər halda bu, Angela Merkel hakimiyyəti
üçün əsl rəzalətdir.
Milli Məclisin
Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin genişləndirilmiş
iclasının iştirakçısı olan deputatlar Almaniya
Bundestaqının qəbul etdiyi qətnamə ilə əlaqədar
bəyanat yayaraq, bu “sənədi” Azərbaycan və Almaniya
dövlətləri arasında münasibətlərə xələl
gətirməyə, Azərbaycanın beynəlxalq nüfuzuna
kölgə salmağa yönələn qərəzli və həqiqətdən
uzaq bir sənəd hesab etdiklərini bildirmişdilər. Bəyanat müəllifləri qeyd etmişdilər
ki, son dövrdə Almaniyada Azərbaycana qarşı məqsədyönlü
kampaniya həyata keçirilir. Bu, bir tərəfdən
Almaniyadakı erməni lobbisinin təsiri ilə
bağlıdırsa, digər tərəfdən vaxtilə ikitərəfli
münasibətlərdə gərginlik yaratmış
“Ştrasser məsələsi”nə görə Almaniyanın
bəzi siyasi dairələrinin Azərbaycandan qisas almaq niyyəti
ilə əlaqəlidir. Buna görə də deputatlar
hökumətə müraciət edərək, onun Almaniya
Bundestaqının qətnaməsindən müvafiq nəticələr
çıxarmasını və ilk addım olaraq, bu
yaxınlarda Azərbaycana səfəri nəzərdə
tutulan Almaniya rəsmi nümayəndə heyətini yüksək
səviyyədə qəbul etməməsini istəmişlər.
Bundan
başqa, Almaniyanın Azərbaycandakı səfiri Haydrum
Tempel də Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət
edilmiş, ona Azərbaycan hökumətinin etirazı və xəbərdarlığı
çatdırılmış, həmçinin ikitərəfli
əlaqələrin perspektivi ilə bağlı Azərbaycanın
ciddi narahatlığı ifadə olunmuşdu.
Göründüyü kimi, məhz Almaniya hökumətinin
qeyri-səmimiliyi, riyakar siyasəti səbəbindən Almaniya-Azərbaycan
münasibətləri hazırda böhran vəziyyətinə
düşüb. Artıq Vestervelle, Ştaynmayer və digər Almaniya rəsmilərinin
bundan sonrakı vədlərinin də vəziyyəti stabilləşdirəcəyinə
əminlik yoxdur. Əgər kansler Angela Merkel
ikili oyun oynayırsa, özünü üzdə bir, arxada isə
başqa cür aparırsa, hansı vədlərdən və
səmimiyyətdən söhbət gedə bilər?!
Elmar Brokdan Vilfred Lemkeyə qədər
alman diplomatiyasının mənəvi-əxlaqi dəyərləri
Elmar Brok Almaniyanın hakim partiyasını Avroparlamentdə
təmsil edir və bu qurumun xarici əlaqələr komitəsinin
sədridir. Azərbaycanı tənqid atəşinə
tutmağa, Ermənistanı isə mümkün qədər
çox tərifləməyə aludədir. Məsələn o, Ramil Səfərovu əfv etdiyinə
görə Azərbaycanı sərt pisləmişdi. Demokratiya və insan hüquqları məsələsində
də cənab Brok Azərbaycanın “qəbahətlərini”
daim qabardır. “Erməni soyqırımı”nın 100 illiyi isə Elmarın həyatında
dərin izlər buraxdı. Türkiyəni ardıcıl
şəkildə “erməni soyqırımı”nı
tanımağa çağıran cənab Brok üstəlik rəsmi
Ankaradan ermənilərdən üzr istəməyi də tələb
etdi. Avroparlamentin Xarici əlaqələr komitəsinin
rəhbəri vaxtı olanda daha ciddi məsələlərlə
də məşğul olur, məsələn Ukrayna probleminin
həlli ilə. Onun Ukraynada hansı məsələlərlə
baş vurduğu isə...
Ukraynanın “obozrevatel.com” saytı 2013-cü ilin
yanvarında Elmar Brokun Ukraynaya səfəri zamanı bu ölkə
ətrafında yaranmış böhranın aradan
qaldırılması məsələlərindən daha
çox, Kiyevin gecə barlarında eyş-işrət məclisləri
qurduğunu şahidlərin dili və bütün təfərrüatları
ilə təsvir etmişdi. Məlumatlar təsdiq
edir ki, Brüssel-Moskva-Kiyev üçbucağı ilə hərəkət
edən cənab Brok danışıqları V.Putin və
V.Yanukoviçlə deyil, gecə barlarının adətkar
sakinləri ilə aparırmış. Məhz
belə gecələrdən birinin səhərisi bəyanatla
çıxış edən E.Brok bildirmişdi ki, Moskvada
Rusiya rəhbərliyi ilə danışıqlarda, o,
Ukraynanın Avrasiya İttifaqına deyil, Avropa
İttifaqına birləşməsini
razılaşdırıb. Bu bəyanatdan
narahat olan Ukrayna mediası, təbii ki, xüsusi xidmət
orqanlarının köməyi ilə cənab Brokun
apardığı danışıqları
araşdırıbıar. Bəlli olub ki, o, Kiyevin
Treşşina yaşayış massivində yerləşən
“Tusse”, “Viva Art”, “TEO Club” və “Quli-Quli” gecə klublarında
doyunca əylənib və sonra yüngül əxlaqlı
qadınlarla xüsusi evdə qalıb. Brokun
Ukrayna və Rusiya rəsmiləri ilə
görüşüb-görüşmədiyi isə bu
günə kimi bəlli deyil.
Beləliklə, Angela Merkelin antiazərbaycan
komandasının üzvləri - Şults, Lunaçek, Brok və
digərlərinin mənəvi-əxlaqi keyfiyyətləri
aydın şəkildə göstərir ki, Almaniya Azərbaycana
qarşı kampaniyasında deqradasiyaya uğramış
ünsürləri səfərbər edib. Yəqin ona görə ki,
normal insanlar, ciddi ictimai-siyasi xadimlər, ekspertlər və s.
bu məzhəkənin iştirakçısı olmaq istəmirlər.
Avropa Parlamenti kimi bir qurumu oyuncağa çevirən
rəsmi Berlin ölkə parlamentində də diktat rejimi tətbiq
edir. Bundan sonra BMT Baş katibinin idman məsələləri
üzrə xüsusi müşaviri almaniyalı Vilfrid Lemkenin
guya “Azərbaycanda diktatura hökm sürdüyü” barədə
iddialarını kim ciddi qəbul edə
bilər. Onun digər yüksək vəzifəli
almanlar kimi məhz Merkelin təlimatı əsasında
danışmadığına zəmanət varmı?
Azərbaycana hücum
kampaniyasının anatomiyası
Ümumiyyətlə, Qərb hər bir addımı ilə
təsdiq edir ki, Britaniya imperiyasının “bizim əbədi
dostlarımız yoxdur, əbədi maraqlarımız var” siyasət
prinsipi bu gün də onun üçün aktualdır və
geniş tətbiq edilir. Xüsusilə bu prinsip ABŞ-ın,
Almaniyanın, Böyük Britaniyanın siyasətində
açıq müşahidə olunur.
l Avropa
Oyunları zamanı əsasən bu ölkələrdən Azərbaycana
qarşı təşkil olunmuş kampaniyanın təhlili bu
prosesin necə həyata keçirildiyi, onun aktorları, hədəfləri
barədə dolğun təsəvvür formalaşdırmaq
imkanı yaratdı. Antiazərbaycan
kampaniyası beynəlxalq QHT-lərin bəyanatları, mediada
gedən hədəf yazıları ilə başladı.
Bir sıra ölkələri əhatə edən
media infrastrukturuna eyni tezislər əsasında materiallar vermək
tapşırıldı. Buna görə də Britaniyada
BBC, “Reuters”, “The Guardian”, “The İndependent”, “The Telegraph”,
Almaniyada “Der Shpiegel”, “Shtern”, “Deutche Welle”, Fransada “Le Monde”,
“Frans Press” və digər ölkələrdə
aparıcı media qurumları bir birini təkrarlayan materiallar
verdilər. Materialların əsas məğzini
konkret cinayət əməllərinə görə həbs
olunmuş ABŞ-ın Azərbaycandakı “5-ci kolon” üzvlərinin
azadlığa buraxılmasına dair
çağırış-tələblər təşkil
etdi. Bu kampaniya beynəlxalq təşkilatların
ABŞ-ın təsiri altında olan məsul işçilərinin
Azərbaycana qarşı çıxışları ilə
möhkəmləndirildi (Nils Mujnieks, Dünya Miyatoviç,
Ulrike Lunaçek, Mişel Forst, Vilfrid Lemke, Elmar Brok, Zeyd Raat əl
Hüseyn və s.). Prosesin gedişində materiallar yerlərdə
vəziyyətin təsviri, yerli fəalların
danışdırılması, beynəlxalq QHT-lərin
kampaniyada iştirak edən nümayəndələrinin
(Rebecca Vinsent, Ketty Pearce, Georgi Gogia, Emma Hughse və b.), həmçinin
xaricdə yaşayan kosmopolit azərbaycanlıların (Arzu
Qeybulla, Emin Milli, Gülnarə Axundova, İdrak Abbasov və
b.) məqalələri və müsahibələri ilə zənginləşdirildi.
Paralel olaraq sosial şəbəkələrdə
Azərbaycanın mənfi rəyinin formalaşdırılmasına
cəhd olundu, Avropanın müxtəlif paytaxtlarında etiraz
aksiyaları təşkil edildi. Çox maraqlıdır
ki, ABŞ-dan idarə olunan bu prosesdə cəmi bir neçə
adam iştirak etdi. Ortada yalnız illərlə
yaradılmış infrastrukturdan başqa heç nə yox
idi: tanınmış beynəlxalq QHT-lər və
ayrı-ayrı ölkələrin aparıcı mediası.
Sonrakı mərhələdə isə nüfuz agentləri
işə salındı: U2, CNN-də Kristin Amanpur, Britaniyadan
şou aparıcısı Con Olivyer.
Beləliklə, “beynəlxalq ictimai rəy” kimi təqdim
olunan bu məfhum, əslində insan resursunun
olmadığı böyük adlar toplusundan başqa bir
şey deyil. Bu, adi sabun köpüyüdür ki, Azərbaycan da
buna həm layiqli müqavimət göstərdi, həm də
onu açıb bütün dünyaya nümayiş etdirməyi
bacardı.
Adi araşdırmalar da təsdiq edir ki, 2012-ci ildə
olduğu kimi, I Avropa Oyunları ərəfəsində də
Almaniya mediası Azərbaycana qarşı hücum
kampaniyasının mərkəzi fiqurlarından birinə
çevrildi.
Eləcə onu demək kifayətdir ki, iyunun 1-dən 15-dək
bu ölkənin mediası Azərbaycanla bağlı 30-a
yaxın tənqidi material verdi.
Demokratiyanın “alman modeli” və ya
taleyin ironiyası
2013-cü
il aprelin 25-də Cenevrədə BMT-nin
İnsan Haqları Şurasının iclasında müzakirəyə
çıxarılan hesabat, sözün əsl mənasında
Almaniya hökuməti üçün ciddi zərbə, “qara
cümə axşamı” oldu. İnsan
haqları üzrə müvəkkil Markus Löninq başda
olmaqla bu ölkənin nümayəndə heyəti Almaniyada
insan haqlarının nəyə görə bu qədər
faciəvi duruma düşməsinə dair BMT-nin üzvü
olan 100-ə yaxın ölkə qarşısında cavab verməyə
məcbur oldu.
Türkiyənin BMT-dəki nümayəndəsi Oğuz
Dəmiralp Almaniyada əcnəbilərə münasibətdə
düşmənçilik təzahürlərinin geniş
vüsət almasından, hakimiyyətin fəaliyyətsizliyi səbəbindən
bu ölkədə yaşayan 3 milyon türkün həyatı
üçün ciddi təhlükə yaranmasından
geniş danışmışdı. Rusiya nümayəndə
heyətinin rəhbəri Aleksey Qoltyayev isə Almaniyada milli
azlıqlara və miqrantlara münasibətdə düşmənçilik
təzahürlərinin artmasından
narahatlığını ifadə etmişdi. Almaniyanın ombudsmanı M.Löninq faktlara əsaslanan
bütün ittihamlara əvvəlcədən hazırlanmış
standart frazalarla münasibət bildirərək demişdi ki,
Almaniya nasistlər tərəfindən təşkil edilmiş
bu cür qətllərin bir daha təkrarlanmaması
üçün əlindən gələni edəcəkdir.
Buna baxmayaraq, Almaniyanın bir nömrəli
hüquq müdafiəçisi alman müstəntiqlərinin yol
verdiyi məşum səhvləri etiraf etməli və öz
ölkəsi adından Türkiyədən və BMT-dən
dönə-dönə üzr istəməli olmuşdu. Hətta Böyük Britaniya və Fransa da Almaniya
hökuməti qarşısında ciddi tələblər irəli
sürmüş, bu ölkədə irqçiliyin genişlənməsini
tənqid etmişlər. Qeyd olunmuşdu
ki, Almaniya polisi güc tətbiq edilməsində ifrata
varır, öz səlahiyyətlərindən sui-istifadə
edir və baş vermiş cinayət hadisələrini
lazımi qaydada araşdırmır. Digər
ölkələrin nümayəndələrinin kəskin tənqidi
çıxışları da nəzərə alınmaqla,
BMT-nin İnsan Haqları Şurası Almaniya üçün
tövsiyələrin hazırlanması barədə qərar
vermişdi.
Əslində, bu hesabat Almaniyada insan haqlarının vəziyyətini
ifşa etməklə yanaşı, həm də Azərbaycana
qarşı davamlı şəkildə hücum edən
ombudsman Löninqin hüquq müdafiəçisi
karyerasının sonu demək idi. Amma həmin iclasda cənab Löninq
üzr istəməklə yanaşı, həm də belə
bir suala cavab verməliydi: nəyə görə Almaniya BMT
Baş Assambleyasının gündəliyinə “Nasizmin qəhrəmanlaşdırılmasının
qəbuledilməzliyi” haqqında çıxarılan qətnaməni
dövrü əsasda rədd edir. Məgər
bu, Almaniya hökumətinin neonasizm meyillərini müdafiə
etdiyinin bariz nümunəsi deyilmi? Cənab Löninq
başqa bir suala da aydınlıq gətirməliydi: insan
haqlarının bu qədər biabırçı durumda
olduğu bir ölkənin ombudsmanı hansı haqla digər
bir ölkəni tənqid edə bilər?
Almaniyanın Drezden şəhəri İslama
qarşı olan PEGİDA - Patriotic Europeans against
İslamization of the West (Qərbin
İslamlaşdırılmasına dair Vətənpərvər
Avropalılar) təşkilatının mərkəzidir. 5 yanvar 2015-ci
ildə Drezdendə İslam əleyhinə Avropanın ən
böyük nümayişi keçirilmişdi. Ekspertlər hesab edirlər ki, Almaniyada güclənməkdə
olan islamofobiya meyilləri 30-cu illərdə antisemitizmin
alovlanmasını xatırladır.
Almaniyanın “Bertelsmann” fondunun apardığı sorğunun
nəticələrinə əsasən, hər 2 almandan biri
İslam dinini təhlükə mənbəyi hesab edir. Hüquq-mühafizə
orqanları isə irqi zəmində baş verən cinayətləri
faktiki olaraq araşdırmır. Buna görə də təəccüblü
deyil ki, Berlində Burak Bektaş adlı 22 yaşlı
türkün güllələnməsi, onunla olan 16
yaşlı rusun və 17 yaşlı ərəbin isə
ağır yaralanması polisin diqqətindən kənarda
qaldı və müqəssirlər tapılmadı. Statistikaya
əsasən, 2012-ci ildə əcnəbilərə edilən
hücumlar 2011-ci ilə nisbətən 4,4%
artıb. Ümumilikdə ultrasağçılar
tərəfindən 17.616 cinayət hadisəsi törədilib.
Neonasistlər tərəfindən xüsusi
zorakılıqla törədilən 842 cinayət hadisəsi
qeydə alınıb. Bu da ötən illə nisbətdə
1,7% çoxdur.
Maastrixt Universitetinin apardığı araşdırma nəticəsində
Almaniya şirkətlərinin dünya üzrə insan
hüquqlarını ən kobud şəkildə pozduqları
müəyyən edilib. Nəticəyə əsasən, 1800 insan
hüququ pozuntusu halının 87 faizi Almaniyanın payına
düşür.
Korrupsiya Almaniyada biznes fəaliyyəti ilə məşğul
olmaq üçün maneə hesab edilmir. Saxtakarlıq
və korrupsiya riskləri tikinti, səhiyyə və dövlət
xətti ilə satınalmalar sektorunda daha qabarıq şəkildə
özünü göstərir. Almaniya
Cinayət Məcəlləsində rüşvətxorluq maddəsi
şirkətlərə deyil, fərdlərə tətbiq
edilir. Belə ki, fərdlər tərəfindən
rüşvətin verilməsi, ödənilməsi və qəbul
edilməsi qeyri-qanunidir. Nəticə
etibarilə, şirkətlər səviyyəsində korporativ
qaydada rüşvətin alınması üçün
geniş imkanlar vardır.
Ancaq korrupsiya halları Almaniyanın dövlət
orqanlarında da geniş yayılmış haldır. 2011-ci ilin sonunda
Almaniyanın prezidenti Kristian Vulfun öz vəzifə səlahiyyətlərindən
sui-istifadə edərək 500.000 avro məbləğində
aşağı faizli kredit alması faktı aşkara
çıxmışdı. Hotel biznesində
ƏDV-nin ləğvi haqqında qanunun qəbulu ərəfəsində
xarici işlər naziri Guido Vestervellenin rəhbərlik etdiyi
partiya monopolistlərdən 1.1 milyon avro ianə
almışdı. Avropa Mərkəzi Bankının yeni
ofisinin və Villi Brant adına Beynəlxalq
Hava Limanının tikintisinə astronomik məbləğlər
xərclənsə də, onların başa
çatmasını hələ çox gözləmək
lazım gələcək. Hava limanının
tikintisi dəfələrlə təxirə salınıb ki,
hər gecikmə də büdcəyə 120 milyon avroya
başa gəlib. “Business under Control” təşkilatının
hesabatında göstərilir ki, hava limanının tikintisində
3 milyard avroluq korrupsiyaya yol verilib.
“Transparency International” təşkilatının
hesabatında göstərilir ki, əgər 2003-cü ildə
Almaniya əhalisinin 45%-i ölkədə korrupsiyanın
artdığını düşünürdüsə,
2007-ci ildə bu göstərici 69% olub. Əhalinin
77%-i hökumətin korrupsiya ilə mübarizə tədbirlərini
yetərsiz hesab edir. Təkcə 2012-ci ildə
rüşvətxorluq və məmurların ələ
alınması Almaniya iqtisadiyyatına 250 milyard avro ziyan vurub.
“Die Velt” qəzeti iddia edir ki, əgər rüşvəti
2004-cü il səviyyəsinə qaytarmaq
mümkün olsa, o zaman iqtisadi zərər 30 milyard avro azalar.
Ölkədə insan haqlarının pozulması,
korrupsiya və digər neqativ hallara qarşı keçirilən
etiraz aksiyalarının qarşısı isə polis tərəfindən
qəddar şəkildə alınır. Buna misal kimi
hakimiyyətin bu yaxınlarda Frankfurt və Hamburqda
keçirilmiş aksiyalara qəddar münasibətini göstərmək
olar. Həmin vaxt təkcə aksiya
iştirakçıları deyil, həm də hüquq
müdafiəçiləri və jurnalistlərə
qarşı zorakılıq tətbiq olunmuşdu. Bu,
eynilə ABŞ-ın Ferqyuson və Baltimor şəhərlərində
qaradərili etirazçılara, onları müdafiə edən
QHT nümayəndələrinə, hadisələri
işıqlandıran jurnalistlərə göstərilən
münasibətin analogiyası idi. Əslində,
ardıcıl şəkildə baş verən belə
hüquq pozuntuları Qərbdə hakim dairələrin sərbəst
toplaşmaq, ifadə azadlığına
dözümsüzlüyünü, demokratik dəyərlərə
etinasız yanaşdığını göstərir.
Almaniya hökumətinin dünyada söz və məlumat
azadlığı məsələlərinə əsl
münasibətini göstərən faktlardan biri də “Al
Jazeera” telekanalının əməkdaşı Əhməd Mənsurun
Misirin hüquq mühafizə orqanlarına təhvil verilməsi
məqsədilə Berlin Hava Limanında
saxlanılmasıdır. Məlumatlara görə, iki həftə
bundan əvvəl Misir Prezidenti Əbdül Fəttah əs-Sisinin
Berlinə rəsmi səfəri zamanı iki ölkə
arasında iqtisadi sahədə razılaşmalar əldə
olunub və Almaniyanın “Simens” şirkəti Misirdə
yüksək məbləğdə layihələr icra etmək
hüququ qazanıb. Hətta İnterpol belə
Əhməd Mənsurun saxlanılması ilə bağlı
Qahirənin müraciətinin icrasından imtina edib. Hazırda ekspertlər hesab edirlər ki, Merkel
hökumətinin canfəşanlığı Misirlə əldə
olunmuş razılaşmaların
qarşılığıdır.
“Shpiegel Online international” dərgisinin məlumatına
görə, Almaniyanın ərazisində yerləşən
Ramşteyn hərbi bazası ABŞ tərəfindən
Yaxın Şərq və Cənub-Şərqi Asiyada “drone” əməliyyatlarının
həyata keçirilməsi üçün əsas bazadır. Orada yerləşdirilmiş
xüsusi məxfi qərargah və ötürücü antena
siqnalı sistemi vasitəsilə ABŞ dünyanın müxtəlif
bölgələrində hər hansı səbəb göstərmədən
və ya izahat vermədən müxtəlif canlı və ya
texniki obyektləri məhv edir. Almaniya
hakimiyyəti isə susaraq və bu
özbaşınalığa imkan yaradaraq törədilən
cinayətlərin iştirakçısına çevrilir.
Ancaq rəsmi Berlin təkcə bu məsələdə
susqunluq göstərmir, həm də öz xüsusi xidmət
orqanlarının yaxından iştirakı ilə
amerikalıların geniş regionda hakimiyyətlər, biznes
subyektləri, vətəndaş cəmiyyəti institutları
da daxil olmaqla hamını dinləməsinə şərait
yaradır. Bu yaxınlarda mərkəzi qərargahı Bavariyada
olmaqla ABŞ dinləmə mərkəzlərinin Almaniya
hakimiyyətinin özünü də izləməsi məsələsi
aşkara çıxdıqdan sonra, Angela Merkel Bundestaqda
çıxış etməyə və rüsvayçı
şəkildə baş verənlərə bəraət
qazandırmağa məcbur olmuşdu.
Avropanın hegemonu, yoxsa Amerikanın
vassalı?
Ekspertlər hesab edirlər ki, Almaniya get-gedə daha qəti
şəkildə Avropa İttifaqına nəzarəti ələ
keçirməyə cəhd edir. Bu ittifaq bir çox cəhətlərinə
görə Avropa, xüsusən də elə Almaniyanın
üzərində nəzarət üçün
anqlosaksonların layihəsi kimi yaradılmışdı.
Yəni, öz suverenliyini hələ də bərpa
etməyən Almaniyanın ambisiyaları artıq bütün
qitəyə yayılır. “Dördüncü Reyx” hər
hansı təbliğatçının xəyalı deyil, əgər
anqlosakson nəzarətindən xilas ola bilsə,
Almaniyanın gələcəyidir.
Xarici mediada verilmiş bəzi ekspert rəylərinə
diqqət yetirək.
Yalnız əsrin əvvəllərində Adenauer (Qərb
istiqamətində) və Branda-Şmidt (Şərq istiqamətində)
kurslarının yaradıcı birləşməsi alman siyasətinin
yeni keyfiyyət mərhələsinə çıxması
üçün şərait yaratdı. 2005-ci ildən AFR-ə rəhbərlik
edən Angela Merkel Avropa İttifaqında iqtisadi liderliyi siyasi
liderliyə çevirməyə, Otto fon
Bismark tərəfindən yaradılmış Almaniya reyxini
yeni simada bərpa etməyə cəhd göstərir. Ancaq bu, necə baş verir?
BBC qeyd
edir ki, “20 il əvvəl Almaniyanın avropalaşdırılması
məqsədilə başlanmış siyasət əks effekt
verdi, Avropa almanlaşmağa başlayıb”. Ümumdünya
iqtisadi böhranından sonra Almaniya Avropa iqtisadiyyatının
xilasından danışmağa başlasa da, əməldə
başqa dövlətlərin çökdürülməsi və
onların iqtisadiyyatının nəzarətə
götürülməsi hesabına öz milli
iqtisadiyyatını gücləndirmək və Avropanın
hegemonuna çevrilmək siyasətini tətbiq edir.
Avropa ekspertləri hesab edirlər ki, Almaniyanın
hazırda Avropanın bir sıra ölkələrinə dair
irəli sürdüyü tələblər anti-humanist
xarakter daşıyır. Angela Merkeli
ümumavropa maraqları deyil, Almaniyanın iqtisadi
gücünün nəyin bahasına olursa olsun, daha da
artması maraqlandırır. Məsələn,
artıq 3 ildir ki, Almaniya Yunanıstandan sosial xərclər də
daxil olmaqla bütün əlavə xərcləri
azaltmağı tələb edir. Amma hərbi
xərclər bu siyahıya daxil edilmir. Çünki
Almaniyanın silah ixracının 15 faizi Yunanıstanın
payına düşür. Almaniyanın bu
ölkəyə təkcə sualtı qayıqların
satışından əldə etdiyi vəsaitin məbləği
2 milyard avrodur. Belə çıxır
ki, Almaniyanın Yunanıstana verdiyi borcun əhəmiyyətli
hissəsi hərbi xərclər vasitəsilə yenidən bu
ölkəyə qayıdır. Bu, əslində
Yunanıstanın dilənçi kökünə
salınması hesabına Almaniyanın daha da zənginləşməsi
sxemidir.
Elə bu səbəbdəndir ki, bu gün Avropa ölkələrində,
xüsusilə də Almaniyanın maliyyə ekspansiyasına məruz
qalmış dövlətlərdə Angela Merkelin
“Dördüncü Reyx”i bərpa etmək planlarından
danışırlar. Almaniya hələlik iqtisadi baxımdan
Avropanı işğal edir. Ancaq gündəlikdə
Avropa İttifaqının hərbi strukturunun yaradılması
planları da var ki, bu ideyanın arxasında da məhz Berlin
durur. Merkel Bismark kimi tarixdə qalmaq istəyir.
Amma qala biləcəkmi?
Əslində bu iki kanslerin siyasətində
oxşarlıqdan çox fərqlilik var. Bismarkın xarici
siyasətini “beş Avropa topu ilə hoqqabazlıq etmək”
adlandırırdılar - Avstriya, Rusiya, Böyük Britaniya,
Fransa və Almaniya. Merkelin də “Normand dördlüyü” və
“Veymar üçbucağı” arasında götür-qoy etməsi
elə hoqqabazlığı xatırladır. Çox güman ki, Merkel müstəqil şəkildə
Almaniyanın siyasi kursunu seçmək və onu həyata
keçirmək iqtidarında deyil. Çünki
Almaniyanın özü okeanın o biri tərəfindəki
hoqqabazın əlində acizdir.
Nə qədər ekzotik görünsə də,
İkinci Dünya müharibəsindən ötən dövr ərzində
Almaniya tam suverenliyə qovuşmayıb və faktiki olaraq
ABŞ-ın işğalı altındakı ölkə
qismində qalır. AFR-in keçmiş kəşfiyyat rəisi
Komossanın sözlərinə görə, 1949-cu ildən bu
ölkənin kanslerləri vəzifələrinin icrasına
başlamazdan əvvəl Amerikadan vassal
asılılığını təsdiq edən “Kansler
Aktı”nı imzalamağa məcburdurlar. Almaniyanın indiki kansleri A.Merkelin Ukrayna hadisələri
ilə bağlı özünü necə
apardığına əsasən təxmin etmək olar ki,
“Kansler Aktı” hələ də qüvvədədir.
Ancaq bütün bunlar bu gündür. Sabah Almaniya
Avropanı işğal etdikdən sonra Amerikaya da əzələ
nümayiş etdirəcək. 1933-cü
ildə Adolf Hitleri hakimiyyətə gətirməklə
SSRİ-ni çökdürmək və Avropa da daxil olmaqla
böyük bir məkanı idarə etmək planını
quranlar bu gün də Almaniyanı Avropanın hegemonuna
çevirmək planını reallaşdırırlar.
İkinci Dünya müharibəsində faşist Almaniyasının məğlubiyyətə uğradılmasında Azərbaycan neftinin də rolu az olmadı. İndi də neft və qazımız Avropaya ayaq açır. Amma əminliklə demək olar ki, Almaniya Avropada hökmranlığı ələ alacağı təqdirdə avropalılara Azərbaycan nefti də kömək etməyəcək.
Azərbaycan da bundan sonrakı dövrdə
kiminlə əlaqələri necə qurmağı, kimə
inanıb, kimə inanmamağı yaxşı
ölçüb-biçəcək. İxtiyarı
özündə olmayan hakimiyyətlərlə münasibətlərdə
hansı etimaddan və səmimiyyətdən danışmaq
olar?!
Azərbaycan.- 2015.- 23 iyun.- S. 2, 3.