Almaniya parlamentariləri Azərbaycan dövlətinin multikulturalizm siyasəti barədə məlumatlandırılıblar

 

İyunun 22-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Almaniya Bundestaqının Xristian Demokratlar İttifaqı fraksiyasının üzvü Mark Hauptmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Almaniyanın Türingen vilayət parlamentinin sədri Kristian Karius, vilayət parlamentində fraksiyanın iqtisadi, enerji, təhsil, turizm, inteqrasiya və miqrasiya, kənd təsərrüfatı üzrə sözçüləri Mario Foqt, Ştefan Qruhner Kristian Tişner, Andreas Bül, Kristian Herqot və Markus Malş iştirak ediblər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilən görüşdə Dövlət müşaviri almaniyalı parlamentarilərə Azərbaycan dövlətinin multikulturalizm siyasəti barədə məlumat verib, ölkəmizdə bütün etnik qruplar və müxtəlif dinlərə mənsub olan insanların sülh içərisində yaşadıqlarını deyib. O, Azərbaycanda məscidlərlə yanaşı, çoxlu sayda kilsə və sinaqoqların normal fəaliyyət göstərdiyini vurğulayıb. Əlavə edib ki, Azərbaycanda dini və milli zəmində ayrı-seçkiliyin izi belə yoxdur.

Kamal Abdullayev görüşdə alman tarixçisi və şərqşünası Fridrix Henri fon Ditsin 200 il əvvəl “Kitabi-Dədə Qorqudun “Basatın Təpəgözü öldürməsi” boyunu alman dilinə tərcümə edərək çap etməsini və beləliklə də dastanın dünya mədəniyyətinə tanıdılmasını xüsusi vurğulayıb. O, Prezident İlham Əliyevin bu istiqamətdə ilboyu müxtəlif tədbirlərin keçirilməsi məqsədilə ayrıca Sərəncam imzaladığını diqqətə çatdırıb.

Görüşdə Dövlət müşaviri Avropada tez-tez baş verən terror aktlarının İslam dini ilə əlaqələndirilməsindən narahatlıq keçirdiklərini deyib, bunun yolverilməz olduğunu qeyd edib.

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov qonaqlara qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib. İcraçı direktor Mərkəzin yaranmasının əsas məqsədlərindən birinin Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin dünyaya tanıtmaq olduğunu qeyd edib. Bu məqsədlə Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələr barədə söhbət açan Azad Məmmədov “Azərbaycan multikulturalizmi” fənninin 7 xarici ölkə universitetlərində tədrisi barədə qonaqlara ətraflı məlumat verib. Bu universitetlərin sırasına növbəti semestrdən bir sıra Avropa universitetlərinin, o cümlədən Almaniyanın Ausburq Universitetinindaxil olacağı diqqətə çatdırılıb.

Qonaqlar Azərbaycana ilk dəfə gəldiklərini, səfərin birinci Avropa Oyunlarının keçirildiyi günlərə təsadüf etməsi üçün çox şanslı olduqlarını, paytaxt Bakının əsrarəngiz gözəlliyini gördüklərini bildiriblər.

Müzakirələr zamanı parlament üzvləri Almaniyada və Avropadakı multikultural durumdanmövcud problemlərdən də bəhs ediblər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 23 iyun.- S. 5.