Nar baharı
Gecə insanlara yatmaq, dincəlmək üçün verilsə də, şəhərlər, xüsusən Bakı kimi böyük meqapolislər dincliyin nə olduğunu bilmədən yaşamaqda davam edirlər. I Avropa Oyunları keçirilən paytaxtda gecə ilə gündüzün arasındakı fərqi tutmaq üçün Bakının gecələrini seyrə çıxırıq.
Gündüz müxtəlif idman zallarında, saraylarda keçirilən yarışlar, qızıl, gümüş və bürünc medalları qazanan qaliblərin sevinci, gözlənilmədən məğlub edilənlərin acı-ağrısı hamıya yaxşı tanışdır. Lakin Bakı gecələrinin təntənəsi və sevincinə çox adam bələd deyil. Gecə gərək bir az şəhərə qulaq kəsiləsən, dinləməyi bacarasan, xəfif yay küləyinin dalğalarında rəqs edən yarpaqların musiqisini duya biləsən.
I Avropa Oyunlarının şəhərin hər yerində gözə dəyən rəmzi nardır. Hər xalqın sevimli ağacı var. Yaponlar sakura budağının, yunanlar dəfnə yarpağının, ruslar ağcaqayın ağacının aşiqi olduğu kimi, biz azərbaycanlıların da nara xüsusi məhəbbəti var. Elmlər Akademiyasının əsas binasının arxasındakı nar ağaclarına baş çəkirik. Burada gecə yarıdan keçdiyi üçün gəzən, dincələn insanların sayı azalıb. Axtarıb tapdığımız nar ağacının yanındakı oturacaqda dincələn yaşlı bir adamla salamlaşırıq:
- Axşamınız xeyir. Nə əcəb yatmırsınız?
- Mənim kimi yaşlıların yuxusu az olur. Həm də istilər düşəndə artıq neçə ildir ki, bura gəlirəm.
Tanış oluruq. Salman dayı deyir ki, 70 yaşı var, təqaüddə olan filoloqdur. Baxışlarından həyatdan doyan adamlara oxşayır. Mehriban və söhbətcildir. Üzünün, alnının qırışları arasında nur dolaşır.
“Nə əcəb nar ağacının kölgəsini seçmisiniz?” - sualını uzun və darıxdırıcı sükutla qarşılasa da, handan-hana dinir:
- Narı mən yox, bizim şairlərimiz,
aşıqlarımız seçiblər. O da əbəs yerə deyil. Bir çiçəklərinə
fikir verin, görün necə zərif, necə incədirlər? Xanım-xatın ağacdır. Narın
özünə, çiçəyinə,
ləçəklərinə nə qədər şeir qoşub, mahnı bəstələyiblər!
Həqiqətən, sehrli bir ağacdır. Bu bağda nə qədər ağac olsa da, heç
birinin kölgəsində
rahatlıq tapmıram,
amma bura gələn kimi ruhum dincəlir. Sanki bu ağacın
öz dili, öz ürəyi var. Narla bağlı babam Şahpələngin bir macərası olubmuş. Nənəm danışardı ki, o, cavanlığında
qonşularında Nargilə
adlı bir qıza vurulubmuş.
Qisməti elə gətirir
ki, onu gözlənilmədən
tez elçi düşən başqa qonşuya verirlər.
Babam əl-ayağa düşəndə,
məsələdən xəbər
tutanda iş-işdən
keçibmiş. Şahpələng babam bu hadisədən
sonra uzun illər evlənmir, əvəzində bir nar bağı salıb gecə-gündüz
qulluq edir. Bağ bəhərə düşənə kimi
7-8 il keçir.
Aradan illər ötəndən
sonra onu zorla dilə tutub evləndirirlər.
Bu hadisə 90 il bundan qabaq olub. Babamı qoruyan,
sevgisini yaşadan nar ağacı olub. Amma sovet hakimiyyəti
qurulanda babamın bağını da kolxoza qatıblar. O, buna dözməyib, ürəyi partlayıb. Sözümün canı odur
ki, bu elə-belə
ağac deyil. Seviləsi bir ağacdır, bir az da başqa ağaclardan fərqlidir. Bakıda nar ağacı adətən, mayın ortalarınacan çiçəkləyir
və bu çiçək mövsümü
nə az,
nə də çox - düz 100 gün davam edir. Mən ona nar baharı da deyirəm. Nar baharı baharların ən uzunu və
ən gözəlidir.
Amma bu il nar nədənsə
gözlədiyimiz vaxt
çiçəkləmədi. Mövsüm
yubandı. Hər gün
buralarda gəzəndə
baxırdım ki, tumurcuqlar donub qalıb, hərəkətsizdirlər.
Amma qəribədir ki, Bakıda Avropa Oyunlarının məşəli
alovlanan günlərdə
nar tumurcuqlarının
köynəklərinı yırtıb
çırtlayan gördüm.
Salman dayıya
təşəkkür edərək
taksiyə əyləşib
İçərişəhər tərəfə gedirik. Metronun “İçərişəhər”
stansiyasının şüşə
piramidasının üstünü
su şırnağı
ilə yuyurdular.
Gecə suyun şırıltısı və
göydə şüşələri
silənlər bir az qəribə
təsir bağışlayırdı,
lap uçan boşqabda
gələn adamlar kimi gorünürdülər.
Gündüz baxanda adamın
ağlına belə gəlməz ki, bu şüşələrin
üstünə çıxıb
gəzmək mümkündür.
Sağdan Filarmoniya bağı - qala divarı boyu aşağı, dənizə tərəf düşürük. Saksafonda çalınan həzin
caz musiqisi ətrafı bürümüşdü.
Vaqif Mustafazadə kimi dünya şöhrətli
sovet cazmeninin vətənində bir qədər sadə tamaşaçıya qəribə
gələn musiqi keçmiş Qubernator bağında doğma, kövrək hava kimi səslənir, xatirələrə qol-qanad
verir. Təxminən
yüz il
bundan qabaq Bakıda əsas gəzinti yeri Qubernator bağı sayılardı və bura girməyə şəhərin kasıb
əhalisinə yalnız
həftədə bir dəfə icazə verilərdi. İndi isə bura kim nə vaxt istəsə gəlir, dincəlir, ölkəsinin tarixi, keçmişi ilə öyünür. Qubernator özünü,
əshabələrini düşünərdi.
Bizim dövlət isə öz vətəndaşlarının
qayğısını çəkir.
Həzin musiqi arxada qalır. Biz ölkədə bağ memarlığının şah
əsəri sayılan
Bakı bulvarına çatanda gecə saat artıq 4-ə işləyirdi. Dənizin kənarında
təxminən 20 yaşlı
bir gənc gitara çalırdı.
Yanında oturub söhbət
edirik. Sadiq Abbasov 6 ildir
imkan düşən kimi parklarda, bulvarda gitara çalıb oxuduğunu deyir. Qazancını
soruşuram:
- 5-10 manat çıxır. Lakin mənim əsas qazancım insanların üzünün təbəssümüdür.
Onlar ağıllarına gəlməyən
yerdə musiqi sədaları eşidəndə,
oxuyan görəndə
sevinirlər, gülümsəyirlər.
Mən də cavanam, gülər üzlərdən
xoşum gəlir.
Dünyanın hər yerində
küçə çalğıçıları
var. Mən istəyirəm
ki, bizim paytaxtımızda da müxtəlif yerlərdə
küçə çalğıçıları
olsun. Özüm əsasən klassik
mahnıları ifa edirəm. Akif İslamzadədən, Şövkət xanımdan
oxuyuram. Arabir türk
mahnıları da ifa edirəm. Fikirləşirəm ki, insanları küçə
mədəniyyətinə alışdırmaq,
şəhərin də
bir ev,
ailə kimi yüksək əhval-ruhiyyədə
qalmasına çalışmaq
lazımdır.
Yolumuza davam edirik. Bakı əsrlər boyu
sakit və təlatümsüz, qanlı
savaşların və
siyasi burulğanların
nə olduğunu bilməyən şəhər
təsiri bağışlayır.
Dəniz
kənarında gəzişən
adamları, ölkələrində
gecənin bu vaxtı bayıra çıxmağa ehtiyat edən təkəm-seyrək
turistləri görəndə
fərqli bir məkanda yaşadığını
dərk edirsən.
Həzin meh dənizin sularını öpüb
sahilə yeni nəfəs gətirir. Dənizin ortasında
alışan I Avropa Oyunlarının məşəlinin
çevrəsi sulardan
baş qaldırıb
alovlanaraq göyə ucalan ayı xatırladır. Dənizin lal
sinəsinə bu alovun uzunsov əksi düşür.
Alovun dili xırda, güclə sezilən ləpələrin rəqsində
xəfif-xəfif titrəyir.
“Eurovision-2012” mahnı müsabiqəsi keçiriləndə
Bakı bulvarında əcnəbilər də,
yerli adamlar da daha çox
idi. Bu, yəqin belə də olmalıdır. Ona görə
ki, idmanın izdihamı, qələbələrin
sevinci arenalarda yaşanılır. Və gecə
idmançılar səhərə,
yeni mübarizə, yeni döyüşə hazırlaşmaq üçün
mütləq dincəlməli,
yatmalıdırlar.
Səhərə hələ bir neçə saat qalıb. Sahilin işıqlarıyla bərq vuran Xəzərin səthi dalğasız, güzgü
kimi hamardır. Dənizin aynasında şəhərin
sonsuz işıqları,
göydələnlərin əksi
bərq vurur.
Boyunlarında Oyunların vəsiqəsi
olan iki nəfərlə rastlaşıb
salamlaşırıq. Rusiya jurnalistləridir.
Həmkar olduğumuzu
biləndə onlardan biri - Anton Nikolayeviç bizimlə təəssüratlarını
bölüşdü:
- Azərbaycan xalqını
təbrik edirəm - qazandığınız medalların
sayına, yüksək
səviyyədə keçirdiyiniz
tədbirə görə.
Zənnimcə, ən çox
jurnalist Rusiyadan gəlmişdi, yalnız qəzetçilərin sayı
200-dən artıq idi.
Təşkilatçılara minnətdarıq ki, burada özümüzü
qərib yox, evimizdəki kimi hiss etdik. Dünyanın müxtəlif ölkələrindən
bu tədbirdə iştirak edən jurnalistlərin hamısını
açılış mərəsimi
gözəlliyi və
bənzərsizliyi ilə
valeh etdi. Heç bir ölkədə, heç bir xalqda olmayan qonaqpərvərliyin şahidi
olduq. Yolda kimdənsə nəsə
soruşanda bir adamın yerinə 3-4-ü
cavab verir, yol göstərməyi, ötürməyi ar bilmirlər. Könüllülərin əksəriyyəti, ingilis,
rus dillərində sərbəst danışırlar.
Bu bizim işimizi
asanlaşdırır. Hətta polislər də xarici dili pis
bilmirlər. Bir dəfə
də olsun nəyisə izah etməkdə, başa salmaqda çətinlik çəkmədik. Mingəçevirdə idmanın su növləri üzrə yarışları izləyəndə
isə fasilədən
istifadə edib şəhəri gəzdik.
Tanımadığımız taksi sürücüsü
bizə görməli
yerlərin hamısını
göstərdi, nahar edib-etməməyimizlə maraqlandı.
Sevinirik ki, bizi bağlayan
tellər bizə qibtə edənlərin, həsəd aparanların acığına daha da möhkəmlənib.
İdmançılarımız azərbaycanlı rəqiblərinin yarışlara
güclü hazırlaşdığını
deyirlər. Sizin
idmançılarla bundan
5-10 il əvvəlki
yarışlarda görüşən
rus idmançıları
Azərbaycan atletlərinin
çox yüksək
hazırlıq keçdiklərini,
bir çox sahələrdə isə
məğlubedilməz olduqlarını
etiraf edirlər. Bir də tribunaların sizi dəstəkləməsi,
ölkənin birinci simalarının oyunlara azarkeşlik etməsi, təbii ki, qələbəyə aparan
amillərdəndir.
Bakı Milli Parkı azadlığımızın
təcəssümüdür. 100 il bundan əvvəl Bakıda bir
Qubernator bağı, bir
də Dənizkənarı bulvar gözəgəlimli
yerlərdən sayılardı. Və burada
bəzən adi konsertlər təşkil
edilərdi. Bu gün
isə Dənizkənarı Milli Parkda böyük quruculuq işləri ilə yanaşı, planetin ən möhtəşəm konsert zalı tikildi. İndi saysız göydələnlər gecələr
Xəzərin boynuna düzülən brilyantlar kimi bərq vurur. Azərbaycan öz
qapılarını daha möhtəşəm
tədbirlərin üzünə açır. Deməli, bizi qarşıda daha
gözəl, daha zəngin və daha mənalı günlər gözləyir!
Bahadur İMANQULİYEV,
Azərbaycan.- 2015.- 23 iyun.- S. 11.