Birinci Avropa
Oyunlarının açılış mərasimi
yarışlara marağı kəskin şəkildə
artırıb
Birinci Avropa Oyunlarının möhtəşəm açılış mərasimi artıq tarixə çevrilib. Avropanın mötəbər idman qurumlarının rəsmilərinin də etiraf etdikləri kimi, iyunun 12-də Bakı Olimpiya Stadionunda baş tutan mərasim səviyyəsinə görə Yay Olimpiya Oyunlarının açılışlarını belə kölgədə qoyub.
Bəs Azərbaycan əhalisi birinci Avropa Oyunlarının təşkilini necə qiymətləndirir? Ümumiyyətlə, onlar açılış mərasimini izləyiblərmi? Əgər izləyiblərsə, onlarda hansı təəssüratlar yaranıb?
“Rəy” Monitorinq Mərkəzinin 2015-ci il iyunun 13-dən 15-dək keçirdiyi ümummilli ictimai rəy sorğusu məhz bu suallara həsr olunub. Sorğuya yaşı 18 və daha yuxarı olan 1500 respondent cəlb edilib. Nisbi xəta 2,7 faiz təşkil edir.
Nəticələr göstərir ki, Azərbaycanda birinci Avropa Oyunlarının açılış mərasimi böyük maraqla qarşılanıb. Əgər 2014-cü il iyunun 14-16-da keçirilmiş sorğu zamanı ölkə əhalisinin yalnız yarısı bu yarışı izləmək niyyətində olduğunu deyirdisə, açılışdan sonra rəyi soruşulanların 82 faizi mərasimi izlədiklərini qeyd edib.
Açılış mərasiminə baxanların 93 faizi şounu televiziya vasitəsilə, 1 faizə qədəri stadiondan, 6 faizə qədəri isə internet vasitəsilə izlədiyini qeyd edib.
Ölkə əhalisinin 77 faizi açılış mərasiminin onlarda qürur hissi doğurduğunu, 13 faizi belə səviyyəli yarışlardan həzz aldıqlarını qeyd edir. Respondentlərin cəmi 4 faizə qədəri onlar üçün heç bir fərq olmadığını və buna əhəmiyyət vermədiklərini, bir o qədəri də heç bir hiss keçirmədiklərini bildirib. Rəyi soruşulanların yalnız 2 faizi bu cür yarışların keçirilməsindən narazılıq bildirib.
Ölkə əhalisinin 80 faizə qədəri Oyunları izləyəcəkərini, 12 faizi idmanla maraqlanmadığını və 8 faizi isə hələlik bir qərara gəlmədiklərini bildirib.
Birinci Avropa Oyunlarına baxmaq istəyənlərin 91 faizi yarışları televiziyadan, qalanı isə stadionlardan izləyəcəyini bildirib.
Belə genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi heç də ucuz başa gəlmir. Ölkə əhalisinin 75 faizi hesab edir ki, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi sadəcə mədəni hadisə deyil, həm də dünyanı Azərbaycanla tanış etmək imkanıdır. Bu səbəbdən də rəyi soruşulanların əksəriyyəti müsabiqənin təşkilinə çəkilən xərclərin özünü doğrultduğu qənaətindədir. Cəmi 9 faiz respondent bu fikri bölüşmür, çünki bunu bədxərclik hesab edir. Respondentlərin 16 faizi isə bu sualı cavablandırmaqda çətinlık çəkib.
Rəyi soruşulanların 79 faizi hesab edir ki, Oyunların keçirilməsi üçün infrastrukturun yaradılması idmanla məşğul olmaq imkanlarımızı artırmaqla yanaşı, həm də gələcəyə sərmayələrin qoyulması deməkdir, 5 faizi isə bu rəyi bölüşmədiyini qeyd edib. Respondentlərin 16 faizi bu suala cavab verməkdə çətinlik çəkdiyini bildirib.
“Dünyada baş verənlər göstərir ki, biz informasiya müharibələri şəraitində yaşayırıq. Bu dövrdə istənilən fakt siyasi çalar alır, onun ətrafinda şayiələr dolaşmağa başlayır. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də istisna deyil. Bu tədbirin ətrafinda əsl informasiya savaşı gedir. Sizcə, Azərbaycan bu döyüşləri udur yoxsa uduzur?” sualına ölkə əhalisinin 67 faizi hakimiyyətin bu savaşı udduğunu, cəmi 6 faizi isə uduzduğunu qeyd edib. Respondentlərin 27 faizi cavab verməkdə çətinlik çəkib.
Məlum olub ki, ölkə əhalisinin 83 faizi
2017-ci ildə IV İslam Həmrəyliyi
Oyunlarının Azərbaycanda keçirilməsi ideyasina müsbət, yalnız 9 faizi mənfi münasibət bəsləyir.
Respondentlərin 8 faizi sualı
cavablandırmaqda çətinlik çəkdiyini bildirib.
AZƏRTAC
Azərbaycan.- 2015.- 23 iyun.- S. 11.