Saymon Kleq: Avropa Oyunları tədricən nəhəng idman yarışına çevriləcək
Avropa Oyunları tədricən nəhəng idman yarışına çevriləcək. Oyunlar ərzində dünyaya gözəl təsvirlər yayılıb. Bakının əsrarəngizliyi, İçərişəhərin gözəlliyi dünyaya işıq saçıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 22-də “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq iyunun 21-nin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Oyunların on birinci günündə gözəl idman tədbirlərinin təşkil olunduğunu bildirən Saymon Kleq Milli Olimpiya Stadionunda atletika üzrə yarışlara iyirmi iki mindən çox tamaşaçının toplaşdığını qeyd edib. Şose velosipedi üzrə yarışların başa çatdığını söyləyən əməliyyatlar üzər baş direktor, Heydər Əliyev adına İdman Sarayında da sambodan digər idman növünə keçid prosesinin uğurla tamamlandığını bildirərək deyib: “Birinci Avropa Oyunları Olimpiya və qeyri-olimpiya oyunlarının vəhdətidir. Ötən gün 48 min 811 tamaşaçı Oyunları izləmək üçün arenalara gəlib. Bu, Oyunların başladığı andan indiyədək ən yüksək rekord deməkdir. Su İdmanı Sarayında ən çox tamaşaçı kütləsi müşahidə edilib. Bəzi idman növləri üzrə biz əlavə biletlər satışa çıxardıq. Biz bəzi məkanlarda əlavə məkanlar açdıq. Oyunların bu məqamında tədricən daha çox atlet Bakını tərk etməkdədir. Bu gün 304 rəsmi, 1288 atlet Azərbaycanı tərk edəcək.
Məşəlçilərin fədakar əməyini xüsusi qeyd etmək istəyirəm. Onlar öz işlərini yüksək peşəkarlıqla həyata keçiriblər. Bu insanlar doğrudan da Oyunların uğuruna xüsusi töhfə veriblər. Biz Olimpiya Oyunlarını təkrarlamaq istəmirik. Avropa Oyunları yeni yaradıcı yanaşmadır. Nəqliyyat sistemi yüksək səviyyədə əhaliyə və atletlərə xidmət etməkdədir. Atletlər vaxtında yarış meydançasına yetişə bilirlər. Ötən on bir gündə artıq 1100 atlet medal qazanıb. Azərbaycan medal sırasında ikinci yerdədir. İyunun 22-də arenalara 40 min tamaşaçı axınını gözləyirik. Bakı küləklər şəhəri adını tam doğruldur. Lakin bu, yarışlar üçün çətinlik törətməyəcək. İdman çılğın hisslərlə bağlıdır. İdmançıları dəstəkləməyə gələn tamaşaçılar çılğın ola bilər, lakin bu günədək heç bir qanun pozuntusu qeydə alınmayıb”.
Yayım məsələlərində yüksək nailiyyətlərin əldə olunduğunu dilə gətirən Saymon Kleq bildirib ki, tamaşaçıların Oyunlara çox böyük marağı var. Bizim müəyyən ehtiyat planlarımız mövcuddur. Müqəddəs Ramazan ayı çərçivəsində Oyunlar vaxtında keçirilir.
Rumıniyanın basketbol
üzrə 3x3 milli yığma
komandasının kapitanı Angel Santana birinci Avropa Oyunlarında ölkəsinin
iştirakından məmnunluğunu dilə gətirib. Təşkilatçılara
yarışların yüksək səviyyədə təşkilinə
görə minnətdarlığını bildirən Angel Santana 3x3 basketbolun son dövrlərdə
daha mütəşəkkil forma aldığını vurğulayaraq
deyib: “Düşünürəm ki, 3x3 basketbola birinci Avropa Oyunlarından sonra maraq daha
da artacaq. Biz Bakıda olduğumuz
müddətdə keçirdiyimiz xoş vaxtdan məmnunuq.
Şəhər çox gözəldir. Birinci Avropa Oyunları
idmançıların gördükləri ən yüksək
səviyyədəki Oyunlardır. İnsanlarınız mehriban və qonaqpərvərdirlər.
İnsanların çöhrəsində xoş
təbəssüm hiss olunur.
Azərbaycan komandası çox güclüdür. Avropa
çempionatından əvvəl görüşmüşdük.
Gördüklərimə və müşahidələrimə
əsasən deyə bilərəm ki, bu Oyunlar müsbət təcrübə
olub. Gözəl Avropa
Oyunları təqdim edilib. Belə bir əhəmiyyətli idman
yarışlarında basketbol üzrə ənənələri
olan ölkələr daha
yüksək nəticə göstərəcəklər”.
Azərbaycan.- 2015.- 23 iyun.- S. 11.