“Bakı-2015” dünyanın möhtəşəm idman bayramına çevrilib

 

Dünya və Avropa tarixində ilk dəfə Azərbaycanda reallığa çevrilən I Avropa Oyunlarının başa çatmasına 4 gün qalır. İyunun 12-də möhtəşəm rəsmi açılış mərasimi ilə start götürən “Bakı-2015”

I Avropa Oyunlarında hər keçən gün bir-birindən maraqlı yarışlarla, mübarizələrlə yadda qalır. Azərbaycan idmançıları isə buğünədək keçirilən yarışlarda 14-ü qızıl, 11-i gümüş və 14-u bürünc olmaqla 39 medalla sözün əsl mənasında tarix yazırlar.

Bir daha təsdiq olunur ki, Şərqlə Qərb arasında körpü, sivilizasiyaların toqquşduğu məkan olan Azərbaycan həm də idman dövlətidir. Əgər əvvəllər ölkəmiz beynəlxalq yarışlarda idmanın güləş, cüdo, boks növlərində qazanılan uğurlara görə fərqlənirdisə, Avropa Oyunları göstərdi ki, Azərbaycanda artıq karate, gümnastika, atletika, voleybol, avarçəkmə, triatlon idman növləri inkişaf mərhələsindədir. Təkcə Azərbaycan idmançısı Oleq Stepkonun qazandığı 5 medalı (1 qızıl, 2 gümüş, 2 bürünc) nümunə kimi göstərmək yetərlidir.

Bütün bunlar onu göstərir ki, Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərilir. İdmanın, Olimpiya hərəkatının inkişafına Azərbaycanda dövlət siyasəti kimi baxılır. Son 15 ildə respublikada idman və Olimpiya hərəkatında keyfiyyətcə yeni mərhələ başlanıb. Bakı dünyamiqyaslı bir sıra idman yarışlarını uğurla təşkil edərək Beynəlxalq və Avropa Olimpiya komitələrinin etimadını qazana bilib. Respublikamız müstəqillik illərində Atlanta (1996), Sidney (2000), Afina (2004), Pekin (2008), London (2012) Olimpiya Oyunlarında iştirak edib, böyük qələbələr qazanıb. 2012-ci ildə Londonda keçirilən sonuncu Yay Olimpiya Oyunları bu mənada xüsusilə fərqlənib. İdmançılarımız İngiltərənin paytaxtında rekord sayda - 2 qızıl, 2 gümüş və 6 bürünc olmaqla 10 medal qazanıblar. Olimpiya komandamız bu göstərici ilə 205 ölkə arasında 30-cu yeri tutub. Millimiz Avropa ölkələri sırasında 15-ci, MDB dövlətləri arasında 5-ci, müsəlman ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb.

Son illərdə qazanilan medallar ölkəmizdə idmanın sürətli inkişafının əyani göstəricisidir. 2013-cü ildə ən mötəbər yarışlarda 782 medal qazanılıb və onlardan 280-i qızıl olub. 2014-ci ildə isə idmançılarımız 805 medal qazanıblar. Qazanılan medallardan 275-i qızıl olub və bu da o deməkdir ki, keçən il 275 dəfə dünyanın müxtəlif ölkələrində Azərbaycanın dövlət himni səslənib və bayrağımız yüksəyə qaldırılıb.

Ümumiyyətlə, son 23 il ərzində Azərbaycan idmançıları 5 Olimpiya, 3 Paralimpiya, dünya, Avropa çempionatı və birinciliklərində, kubok yarışlarında 7473 medal əldə ediblər.

Bu gün isə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Avropa Oyunlarında ölkəmizin həm yüksək təşkilatçılığı, həm də qazandığı medallar respublikamıza istənilən sahədə böyük dividentlər gətirir və bu davam etməkdədir.

Onu da xüsusi vurğulayaq ki, əsası ölkəmizdə qoyulan ilk Avropa Oyunlarının standartlarını müstəqil Azərbaycan müəyyənləşdirdi və Avropada yeni tarix yazdı.

Artıq Avropa Oyunlarının keçirilməsinin sonuncu həftəsidir. 39 medalla Rusiya Federasiyasından sonra 50 ölkə arasıda 2-ci pillədə qərarlaşan Azərbaycan indiyədək beynəlxalq idman yarışlarında belə uğur qazanmamışdı. 2015-ci il Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazılacaq. Atletlərimizin uğurlu çıxışları davam edir və qarşıdakı günlərdə medallarımızın sayının artacağı gözlənilir. Yarışların son gününədək “Zəfər Günləri” davam edəcək. Hər gün Milli Olimpiya Komitəsinin (MOK) təşkil etdiyi “Zəfər Günləri”ndə isə böyük qələbəlik yaşanır.

Dünən yenə də MOK-da bayram bayrama qarışmışdı. İyunun 23-də həm Beynəlxalq Olimpiya Günü qeyd olunurdu, həm də yarışların onbirinci günündə medal qazanan idmançıların şərəfinə “Zəfər Günləri” keçirilirdi. MOK-un inzibati binasında təşkil olunan mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Ağacan Abıyev, həmçinin Olimpiya çempionlarımız Nazim Hüseynov, Namiq Abdullayev və Fərid Mansurov iştirak edirdilər.

MOK rəsmiləri sambo yarışlarında gümüş mükafat qazanan İslam Qasımov (57 kq), Amil Qasımov (74 kq), Vasif Səfərbəyov (+100 kq) və Nəzakət Xəlilovanı (52 kq) mükafatlandırmaq üçün bir araya gəlmişdilər.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə öncə idmançılarımızın uğurlu çıxışları bərədə məlumat verdi: “I Avropa Oyunlarının onbirinci günündə - iyunun 22-də 13 dəst medalın sahibləri müəyyənləşib. Hesabına 4 gümüş medal əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 39-a çatıb. Azərbaycan 14 qızıl, 11 gümüş və 14 bürünc medalla komanda hesabında ikinci pillədəki mövqeyini qoruyub”.

Sonra vitse-prezident samboçularımızın çıxışları barədə danışaraq bildirdi ki, idmançılarımız bu yarış növündə 4 gümüş medal əldə ediblər: “Sambo Olimpiya idman növü sayılmır. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin səyi nəticəsində sambo Avropa Oyunlarının proqramına daxil edildi. İdmançılarımız da yaxşı nəticələr əldə etdilər. 4 gümüş medal qazandılar. Oyunların sonuna cəmi 4 gün vaxt qalıb və idmançılarımız bundan sonra keçiriləcək yarışlarda qələbələri ilə medallarımızın sayını artıracaqlar”.

MOK-un vitse-prezidenti Beynəlxalq Olimpiya Günü ilə bağlı da fikirlərini bölüşdü. Bildirdi ki, hər il MOK tərəfindən Beynəlxalq Olimpiya Günü xüsusi təmtəraqla qeyd edilir. Ölkəmizdə beynəlxalq yarış keçirildiyi üçün qərara alınıb ki, yubiley mərasimi ayrıca qeyd edilməsin: “Bildiyiniz kimi, iyunun 23-ü Beynəlxalq Olimpiya Günüdür. Biz adətən bu günü ayrıca qeyd edirdik, müxtəlif tədbirlər, marafonlar keçirirdik. Ancaq bu dəfə Avropa Oyunları ölkəmizdə keçirildiyindən, Beynəlxalq Olimpiya Gününü ayrıca qeyd etməyə lüzum qalmadı. Bu il Azərbaycanda ilk Avropa Oyunları keçirilməsi Beynəlxalq Olimpiya Gününə böyük töhfədir. Şadıq ki, Avropanın müxtəlif ölkələrinin idmançıları da bu günü bizimlə birlikdə qeyd edirlər”.

Çıxışdan sonra medal qazanan idmançılar şərəf lövhəsinə imza ataraq mükafatlandırıldılar. Bundan sonra isə atletlərimiz jurnalistlərlə sevinc hisslərini paylaşdılar:

 

Əvvəllər qalib gəldiyimə uduzdum

 

İslam QASIMOV,Avropa Oyunlarının gümüş mükafatçısı

- Ffinala yüksəlib qızıl medal uğrunda mübarizə aparırdım. Ancaq təəssüflər olsun ki, finalda bəxtim gətirmədi. 22 ildir ki, güləşirəm. İdmanda belə şeylər olur. Mən dünya və Avropa çempionu olmuşam, istərdim ki, Bakıda qızıl medal qazanım. Olmadı, deməli, bu gün qızıl medal qismət deyilmiş.

Biz Avropa Oyunlarına yaxşı hazırlaşmışdıq. Bakıya gələcək idmançıların da güclü olduğundan xəbərdar idik. Komanda yoldaşlarım və mən qızıl medal uğrunda mübarizə aparırdıq. Rəqiblərin heç biri güclü deyillər. Sadəcə alınmadı. Məsələn, finalda məğlub olduğum Rusiya samboçusu ilə artıq üçüncü dəfədir güləşirdim. Bundan qabaq ona 2 dəfə qalib gəlmişəm. Belə hadisələr idmanda olur.

 

“Yarımfinalda zədələnməyim məni qızıl medaldan məhrum etdi”

 

Amil QASIMOV, Avropa Oyunlarının gümüş mükafatçısı

- Yaxşı hazırlıq keçmişdik və Avropa Oyunlarında qızıl medala sahib çıxmaq üçün mübarizə aparırdıq. Ancaq mən yarımfinalda zədələndim. Həmin görüşü ağır keçirdim. Həkimlər baxdılar və keyidici iynə vurdular.

Final görüşündə Belarus təmsilçisi Stepan Popovla mübarizə apardım. Bu onunla ikinci final görüşüm idi. İki ay əvvəl dünya kubokunda belaruslu idmançını finalda 3:0 hesabı ilə məğlub etmışdim. Avropa Oyunlarının finalına isə zədəli çıxmışdım. Çalışdım ki, zədəmi rəqibim hiss etməsin. Amma o, ilk dəqiqədən bunu hiss etdi. Zədəli ayağıma ağrıdıcı fənd işlətdi. Bir qədər dözdüm, ancaq sonra bərk ağrı mübarizə aparmağıma imkan vermədi. Çətin idi. Ona görə də məğlub oldum. Zədəm məni qızıl medaldan məhrum etdi.

Qismət belə imiş. Onu da deyim ki, ayağımdakı ağrı mübarizədən sonra daha şiddətləndi və rəqibim məni çiyninə alıb apardı. Sağ olsun. O da mənim vəziyyətimdə olsaydı, mən də onu çiynimə qaldırardım. Çünki bu idmandı.

 

“Avropa Oyunlarında medal qazanmağın özü fəxrdi”

 

Vasif SƏFƏRBƏYOV, Avropa Oyunlarının gümüş mükafatçısı

- Bu gün çox sevincliyəm. Samboçularımız Avropa Oyunlarında 4 gümüş medal qazandılar. Nə yaxşı ki, əziyyətimiz hədər getmədi. Bizim yarışımızda 8 dəst medal uğrunda mübarizə aparılırdı. Həm kişilər, həm də qadınlar 4 çəki dərəcəsində qüvvələrini sınadılar. Komandamız bu yarışlara 8 samboçu ilə qatıldı. Nəticəsi isə göz qabağındadır.

Finalda səhvə yol verdim, ona görə də uduzdum. Ancaq Vətənimizdə keçirilən ilk Avropa Oyunlarında medal qazanmağın özü də fəxrdi: “Mən gənclər arasında Avropa çempionu, iki dəfə isə Avropa üçüncüsü olmuşdum. Amma çox şükür ki, birinci Avropa Oyunlarında gümüş medal qazandım. Bu, mənim üçün böyük fəxrdir.

 

“Mən çempionluğa hazırlaşmışdım”

 

Nəzakət XƏLİLOVA, Avropa Oyunlarının gümüş mükafatçısı

- Yarış mənim üçün yaxşı keçdi, amma təəssüf edirəm ki, gümüş mükafatla nəticələndi. Mən çempionluğa hazırlaşmışdım. Amma alınmadı.

Dörddəbir finalda rumıniyalı Kodrina İoneskunu 4:1, yarımfinalda litvalı Ruta Aksionovaya heç bir şans verməyərək 8:0 hesabı ilə qalib gəldim. Qızıl medal uğrunda yarışda isə rəqibim Rusiya idmançısı Anna Xaritonova oldu. Açığını deyim, rəqibim təcrübəli idi. İkiqat dünya çempionudur və 30 yaşı var. Ona görə də təcrübə baxımından çatışmazlığım oldu. Buna qədər onunla qarşılaşmamışdım. Bu, ilk görüşümüz idi. Döyüşlərini izləmişdim, amma o, daha təcrübəli idi deyə, uduzdum.

Avropa Oyunlarında qazandığım gümüş medalı ailəmə və sambo müəllimim Cabir İsmayılova həsr edirəm. Hələ ki yaşım azdır və məqsədim yeni uğurlar qazanmaqdır. Çalışacağam ki, daha yaxşı məşq edib yüksək nailiyyətlər qazanım. Qarşıda İslam Həmrəylik Oyunları gəlir, bu yarışa ciddi hazırlaşacağam.

Onu da deyim ki, əvvəllər cüdo idman növü ilə məşğul idim və nəticələr də əldə etmişdim. Lakin sonradan müəllimimin təşəbbüsü ilə samboya keçdim.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2015.- 24 iyun.- S. 1, 4.