Azərbaycan və
“Qərb”
Azərbaycan Respublikası öz xarici siyasət xəttində hər bir ölkə ilə bərabərhüquqlu və qarşılıqlı-faydalı əməkdaşlıq formatına üstünlük verir. Bu tezis Prezident İlham Əliyev və digər ölkə rəsmiləri tərəfindən dəfələrlə bəyan edilmişdir. Azərbaycanın xarici siyasəti ilk növbədə milli maraqlardan irəli gələrək və dünyadakı geosiyasi durumdan asılı olaraq müəyyən edilir. Amma təəssüf ki, bərabərhüquqlu və qarşılıqlı-faydalı əməkdaşlıq prinsipi Azərbaycanın tərəfdaş kimi yanaşdığı bütün ölkələrdə arzu olunan səviyyədə müşahidə edilmir.
Bu, əsasən, Qərb ölkələrinə aid edilə bilər. Rəmzi Qərb adlandırılan ölkələrin elan etdiyi daxili və xarici siyasətdə tərəfdaşlıq, bərabərlik, başqa dövlətlərin daxili işlərinə qarışmamaq, demokratiya və insan hüquqları kimi ali prinsiplər qeyd edilir. Buna baxmayaraq, Qərb qrupu özünün elan etdiyi platformadan bəzən yan keçir. Qərbin müəyyən dairələrinin uzun illər energetika, nəqliyyat və təhlükəsizlik sahələrində etibarlı tərəfdaş olan Azərbaycanla bağlı siyasətində son vaxtlar belə bir məqamı müşahidə etmək çətin deyil. Qərb öz siyasətində də bəyan etdiyi, yaxud sahib çıxdığı prinsipləri pozur.
Azərbaycan Qərblə münasibətlərində, qeyri-institusional, yəni NATO və Avropa İttifaqına daxil olmayan ölkələr arasında Qərblə dayanıqlı və sabit əməkdaşlıq arxitekturasının memarlarından hesab oluna bilər. Qərb ölkələri dünyanın çox yerində - Yaxın Şərq, Cənubi Amerika və Afrikada dərin siyasi böhranlarla üzləşir. Avrasiya məkanında isə uzun illər həm Qərbə, həm də Azərbaycana geosiyasi və iqtisadi dividendlər gətirən enerji və nəqliyyat dəhlizləri ölkəmizin məsuliyyətli və bərabər dəyərə malik tərəfdaş olduğuna bariz nümunədir. Beynəlxalq və regional təhlükəsizlik sahəsində isə Azərbaycanın rolu məlumdur və inkaredilməzdir. Bununla belə, Qərbin hökumət, media və təəssüf ki, siyasətdən uzaq durmalı olan incəsənət dairələrinin bəzi nümayəndələri Azərbaycana qarşı bütün sahələrdə əsassız iddialara, hətta alçaldıcı kampaniyaya rəvac verirlər.
Hazırda Azərbaycanda keçirilən və möhtəşəm açılışla təməli qoyulan “Bakı-2015” I Avropa Oyunları ətrafında müşahidə olunan nəinki qeyri-idman, həm də qeyri-sağlam davranış bunu aydın göstərir. Buraya guya Azərbaycanda mövcud olan siyasi məhbuslarla bağlı ittihamlar, siyasi azadlıqların boğulması kimi əsassız bəyanatlar aiddir. Avropa Oyunları başlayandan bəri bu istiqamətdə yanlış bəyanatlar, həmçinin incəsənət nümayəndələri tərəfindən qeyri-etik yanaşmalar təəssüf doğurur. Belə ki, U2 qrupunun irlandiyalı frontmeni Bono verdiyi konsert zamanı Azərbaycanda siyasi məhbusların olduğunu iddia etmişdir. “Teleqraf” qəzeti Azərbaycanın inciləri olan miniatür kitabları, Dənizkənarı Milli Parkdakı kiçik Venesiyanı, Naftalan kurortunu, eləcə də Azərbaycanın digər turizm əhəmiyyətli incəsənət nümunələrini gülünc adlandırıb. Bu, etikadan tam uzaq, heç bir obyektivlik nümayiş etdirməyən təzahürlər, sayıqlamalardır. Bütün bunların niyə məhz Azərbaycanın böyük uğurlara imza atdığı dövrdə ortaya çıxması çoxlu suallar doğurur. Bəzi məlum dairələr Azərbaycanın müstəqil siyasət yürütdüyü və öz siyasi xəttini özünün müəyyənləşdirməsi faktı ilə barışa bilmirlər. Halbuki Azərbaycan hər zaman özünün tərəfdaşlığa və konstruktiv yanaşmaya üstünlük verdiyini göstərmişdir. Qərbin bəzi nümayəndələri ittiham irəli sürərkən özlərinin xarici və daxili siyasətlərində olan dərin problemləri unudurlar. Necə deyərlər, öz gözündə tiri görmür, özgə gözündə tük axtarırlar.
Daxili işlərə qarışmamaq və bərabərhüquqlu əməkdaşlıq Azərbaycanın siyasi fəlsəfəsinin vacib aspektlərindəndir. Qeyd edilməlidir ki, Azərbaycanın indiyədək heç bir dövlətin daxili işlərinə dair tənqid və ya müdaxilə xarakterli davranışı müşahidə edilməyib. Bu hər bir ölkənin müstəqil siyasi qərar vermək hüququna hörmət prinsipidir. ABŞ və Avropa İttifaqının üzvləri iqtisadi və siyasi cəhətdən inkişaf etmiş ölkələrdir. Amma bu o demək deyil ki, onların daxili və ya xarici siyasət xətti tam mükəmməldir, yaxud bu sahələrdə çatışmazlıqlar, hətta ciddi nöqsanlar yoxdur.
ABŞ-ın ən böyük şəhərlərindən olan Çikaqo yerli hökumətin vətəndaş etirazlarına, insanların təməl hüquq və azadlıqlarına dair tələblərə sərt və kəskin münasibəti ilə seçilir. Belə ki, polis sistemində islahatlar aparmaq tələbi ilə şəhər meriyasının qarşısında keçirilən dinc etiraz aksiyasının üç üzvü həbs edilmişdir. Etirazçılar polis zabitlərini irqi ayrı-seçkilikdə və mütəmadi olaraq qaradərili vətəndaşların əsassız saxlanılması hallarına qarşı çıxırdılar. Son illər ABŞ-ın bir çox ştatlarında qaradərili vətəndaşlara qarşı polis zorakılığı artmışdır. Odur ki, ölkədə etiraz aksiyaları vüsət alır. Amerika Vətəndaş Azadlıqları Birliyinin məruzəsinə əsasən, Çikaqoda polis tərəfindən saxlanılan vətəndaşların 72 faizini qaradərili insanlar təşkil edir. 2012-ci ildə Çikaqo meriyası NATO və G8 sammitinə hazırlıq məqsədilə kütləvi etirazlara nəzarət və onların qarşısının alınmasına dair qərar qəbul etmişdir. NATO və G8 görüşünün ötüb-keçən tədbir olmasına baxmayaraq, Çikaqo meriyası bu fürsətdən istifadə edib anti-etiraz qanunlarının daimi xarakter daşımasını təsbit etmişdir.
Hər bir demokratik dövlətin başlıca vəzifəsi öz vətəndaşlarının rifahını və təhlükəsizliyini təmin etməkdir. 2007-2008-ci illərdə başlamış dünya iqtisadi-maliyyə böhranı bir çox Qərb dövlətlərinin siyasi-iqtisadi sistemində olan boşluqları üzə çıxarmışdır. ABŞ banklarının qeyri-effektiv kreditvermə siyasəti əsas problem yaradan faktorlardan olmuşdur. Böhran baş verərkən və ondan sonrakı dövrdə bank və maliyyə institutlarının qərar verən şəxslərindən heç biri məsuliyyətə cəlb edilməmişdir. Bununla yanaşı, ABŞ hökuməti bankları böhrandan çıxarmaq üçün 700 milyard dollar vəsait ayırmışdır və bu anti-böhran paketinin əməliyyat xərcləri (yəni böhrandan çıxarma layihəsinə xərclənən birdəfəlik vəsait) 21-24 milyard dollar civarındadır. Bu vəsait ABŞ büdcəsindən ayrılmışdır və birbaşa vergi ödəyicilərinə, sıravi vətəndaşlara zərbə kimi qəbul edilir. Bir çox mütəxəssislər hökumətin belə qərarlarını yalnız böyük biznesin qorunması naminə yanaşma və əksinə, vətəndaşların rifahı üçün lazımi tədbirlərə laqeyd münasibət kimi göstərirlər. Belə hallar ABŞ-ın nəinki maliyyə, həmçinin məhkəmə-hüquq sistemində mövcud olan müəyyən problemlərdən xəbər verir. 2013-cü ilin fevral ayında ABŞ Konqresi qarşısında məruzə ilə çıxış edən ölkənin sabiq baş prokuroru Erik Holder etiraf etmişdi ki, ABŞ banklarını məsuliyyətə cəlb etmək praktiki olaraq mümkünsüzdür. Holder bir neçə il əvvəl çirkli pulların yuyulmasına qarşı qanunların pozulmasında ittiham olunan HSBC bankını da məsuliyyətə cəlb edə bilmədiyini qeyd etmişdir.
Azərbaycana qarşı əsassız ittihamlara gəlincə, doğru olardı ki, Qərb ölkələri əvvəlcə öz daxilindəki problemləri təhlil edib müvafiq addımlar atsınlar. İkili standartlar davranışı yalnız ABŞ-a aid deyil. Məsələn, Hollandiyanın Maastrixt Universitetinin tədqiqatına əsasən, Almaniya dünyada özəl sektor sahəsində insan hüquqlarının pozulması hallarına görə 5-ci yerdədir. Buraya alman şirkətlərinin xaricdə, inkişaf etməkdə olan ölkələrdə işçi qüvvəsi ilə qeyri-normal rəftarı, istehsal üçün qanunsuz yolla ərazilər əldə etməsi, ətraf mühitə ziyan vurması və s. kimi hallara yol verməsi daxildir. İndiyədək Almaniya hökuməti tərəfindən belə halların qarşısını almaq üçün heç bir əsaslı tədbir görülməyib və özəl sektor üzrə insan hüquqlarının pozulmasına qarşı müvafiq qanunlar qəbul edilməyib, standartlar tətbiq olunmayıb.
Almaniya və digər Avropa ölkələri bir çox başqa sahələrdə də problemlərlə üzləşirlər. Buraya miqrantların cəmiyyətə effektiv inteqrasiyasına dair hüquqi və praktik infrastrukturun qeyri-mükəmməl olması, miqrantlara qarşı polis tərəfindən əsassız ittihamlar, zorakılıqlar və digər sosial problemlər aid edilə bilər. Avropa İttifaqının miqrasiya siyasətinə qarşı qitənin bir çox ölkələrini bürüyən etiraz aksiyaları da buna sübutdur.
Ümumən, Qərbdə rasizmin, antiislam və antimiqrant əhval-ruhiyyəsinin yayılması və getdikcə daha böyük miqyas alması, geniş kütlələrin dini, irqi, mənəvi, siyasi və iqtisadi hüquqlarının ciddi surətdə pozulması fonunda hamılıqla qeyd və təqdir edilən, iqtisadi inkişaf tempinə görə dünyada ilk yerlərdə gedən, yoxsulluğun səviyyəsinin ardıcıl olaraq endiyi, tolerantlıq və multikulturalizm nümunəsi olan Azərbaycanda guya siyasi təqiblərin mövcudluğu barədə əsassız bəyanatlar reallıqdan uzaqdır və konkret faktlara söykənmir.
Ölkəmiz beynəlxalq aləmlə, o cümlədən Qərblə münasibətlərində
hər zaman konstruktivliyə üstünlük verir. Real vəziyyətin təhlili göstərir ki, Azərbaycan bu prinsiplərə
sadiqdir və özünə qarşı
əsassız ittihamları qəbul etmir.
Azərbaycan hər zaman konkret
və səmərəli nəticəyə,
qarşılıqlı faydaya yönəlmiş
tərəfdaşlığı önə çəkir. Müstəqil siyasət, möhkəm ikitərəfli
münasibətlər, böyük beynəlxalq
və regional layihələrin uğurla həyata keçirilməsi, təhlükəsizliyin
və insan hüquqlarının
qorunması Azərbaycanın imicini müəyyən
edən elementlərdir. Siyasət də bu
amillərin üzərində qurulur.
Tamerlan VAHABOV,
Politoloq
Azərbaycan.- 2015.- 24 iyun.- S. 2.