Mingəçevirin
tarixində parlaq səhifə
Ana Kürün
sahilində yazılan yeni tarix
Azərbaycan həqiqətini dünyaya
çatdırır
Tarixdə ilk dəfə keçirilən I Avropa Oyunlarının davam etdiyi günlərdə bütün dünyanın nəzərləri bu mötəbər yarışlara evsahibliyi edən Azərbaycana dikilmişdir. Yarışların açılış mərasimi möhtəşəmliyi və bənzərsizliyi ilə dünyanı heyran qoydu. Ən qısa bir zaman kəsiyində yarışlara nümunəvi hazırlıq görülməsi, istər idmançılar, istərsə də qonaqlar, media təmsilçiləri və turistlər üçün ideal şərait yaradılması, hazırlıq prosesində kiçik bir detalın belə nəzərdən qaçırılmaması ümumi uğuru təmin edən əsas amillərdir.
I Avropa Oyunlarının keçirildiyi ünvan paytaxt Bakı ilə yanaşı, həm də energetiklər şəhəri kimi şöhrət qazanmış Mingəçevirdir. Avropalı avarçəkənlərin Mingəçevirdə yarışları artıq başa çatmışdır. İyunun 13-15-də Kür Olimpiya Tədris İdman Mərkəzi avropalı avarçəkənlərin ixtiyarına verilmişdi. Üç gün davam edən yarışlarda 350 nəfərə yaxın idmançı gücünü sınamışdır. 37 ölkəni təmsil edən avarçəkənlər yarışların keçirilməsi üçün burada yaradılan ideal şəraitdən son dərəcə razı qalmışlar. Nur şəhəri üç gün boyunca gerçək idman bayramının beşiyinə çevrilmiş, qonaqlar da, şəhər sakinləri də unudulmaz xoş anlar yaşamışlar.
Ana Kürün sahilində möhtəşəm coşqu artıq tarixə çevrilmiş, həyəcan dolu anlar arxada qalmışdır. Yarışların keçirildiyi Kür Olimpiya Tədris İdman Mərkəzindəyik. Qeyri-adi gözəlliyi, yaraşığı ilə diqqət çəkən bu məkan hələ də bayram libasındadır. Mərkəzin direktoru Natiq Abbasovla görüşüb söhbətləşirik. Natiq müəllim həm də Azərbaycan Milli Avarçəkmə Federasiyasının vitse-prezidentidir. O, söhbətinə xeyli əvvəldən başlayır:
- Ağır və məsuliyyətli, eyni zamanda son dərəcə şərəfli sınaqdan uğurla çıxdıq. Bu, hər şeydən əvvəl, Milli Olimpiya Komitəsinin prezidenti, dövlət başçısı İlham Əliyevin müdrik siyasəti, eləcə də I Avropa Oyunlarına Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın qayğı və diqqəti, yüksək təşkilatçılıq bacarığı sayəsində mümkün olmuşdur. Heç vaxt unutmaram. Avropa Oyunlarına hazırlaşdığımız dövrdə, bu il fevralın 24-də ölkə Prezidenti İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində Kür Olimpiya Tədris İdman Mərkəzində də oldu. Görülən hazırlıq işlərindən məmnun qalan dövlət başçısı dəyərli tapşırıq və tövsiyələrini verdi, tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının Azərbaycan üçün ciddi sınaq olacağını vurğuladı. Hazırlıq mərhələsi kifayət qədər gərgin keçdi. Gözləmədiyimiz halda qarşıya çoxlu texniki problemlər çıxırdı. Onların aradan qaldırılmasında isə hər hansı dövlət strukturu bizə həvəslə yardım edirdi. Bir hadisəni xatırlatmaq yerinə düşər. Yarışların başlamasına sayılı günlər qaldığı bir zamanda ingiltərəli mütəxəssislər Kürdə suyun təmizlik səviyyəsinin tələblərə cavab vermədiyini bildirdilər. Bu problemi həll etmək üçün xüsusi qurğu tələb olunurdu. Öyrəndik ki, belə bir unikal qurğu yalnız Fövqəladə Hallar Nazirliyində var. Nazirlik müraciətimizi operativ cavablandırdı. Səhəri gün suyun təmizlənməsinə başlanıldı. İngilislər belə ciddi bir problemin operativ surətdə aradan qaldırılmasına heyrətlərini gizlətmədilər. Hazırlıq dövründə gənclər və idman naziri Azad Rəhimov, demək olar ki, hər gün görülən işlərlə bağlı hesabatımızı dinləyirdi.
Avropa Oyunlarına hazırlıqla bağlı Mingəçevir Şəhər İcra Hakimiyyətində yaradılmış xüsusi komissiya öz funksiyasını uğurla yerinə yetirirdi. Nə yaxşı ki, indi bütün bunlardan keçmiş zamanda danışırıq. Avropa Oyunlarının tərkib hissəsi olan avarçəkmə yarışları uğurla başa çatmış, Mingəçevir bu yarışlara evsahibliyi missiyasını şərəflə yerinə yetirmişdir. Çəkilən zəhmət, axıdılan alın təri öz bəhrəsini verəndə yorğunluq yada düşmür, ürəyə xoş duyğular hakim kəsilir. Biz qarşıya qoyulan vəzifəni yerinə yetirdik. Gerçək Azərbaycan reallıqlarını dünyaya tanıtmaq istiqamətində sanballı addımlar atıldı. İndi Mingəçevirdə hər kəs uğurlu nəticələrə görə bir-birini təbrik edir, gözaydınlığı verir. Bizi isə qarşıda yeni sınaqlar gözləyir.
Avarçəkmə yarışları başa çatsa da, Mingəçevirdə bayram əhvali-ruhiyyəsi davam edir. Şəhərin tarixinə yazılan parlaq səhifə hər bir sakinin könlündə haqlı qürur və iftixar hissi doğurur. Azərbaycanın aktivinə yazılan gümüş medal da sevinmək, şadlanmaq üçün kifayət qədər yetərlidir. Yarışlarda gümüş medal qazanmış Valentin Demyanenko 2007-ci ildən Azərbaycan millisinin tərkibindədir. Kanoye-təkbətək 200 metr məsafədə yarışanlar arasında qızıl medala çox yaxın idi. Finişə birincilər sırasında yaxınlaşan Valentin son anda, bir neçə saniyə ərzində ön mövqeyi əldən verib gümüş medalla kifayətlənməli oldu. Gənc idmançı bizimlə söhbətində o anları təəssüflə xatırlayır:
- Əlbəttə, mən bu nəticəni gözləmirdim. Gümüş medal dəyərli olsa da, qızıl üçün yarışırdım. Mənim üçün o qədər də uğurlu olmadı. Deyərdim ki, bəxtim gətirmədi. İkinci yeri özüm üçün məğlubiyyət hesab edirəm. Amma ruhdan düşmürəm. Avqustda keçiriləcək dünya çempionatında qızıl medal arzumu reallaşdırmağa çalışacağam. Kür Olimpiya Tədris İdman Mərkəzində məşqləri intensiv şəkildə davam etdirəcəyəm.
Ana Kürün ayna sularında keçirilən avarçəkmə yarışları artıq yaddaşların şirin xatirəsinə çevrilmişdir. Dünyanın müxtəlif ölkələrindən gəlib bu mötəbər idman bayramının iştirakçısına çevrilən qonaqların Azərbaycan, Bakı və Mingəçevir haqqında fikirləri bizim üçün kifayət qədər əhəmiyyətlidir. Kişilər və qadınlar arasında 12 baydarka yarışı və yalnız kişilər arasında üç kanio sprinti keçirildi. Yarışlarda Macarıstan, Almaniya və Belarus komandaları yüksək nəticələr qazandılar. Macarıstan millisinin müxtəlif növlərdə əldə etdiyi 10 medaldan 5-i, Almaniya millisinin qazandığı 7 medalın isə 3-ü qızıldır.
Avarçəkmə yarışlarında 2 qızıl, 1 bürünc medal qazanan 28 yaşlı macar idmançısı Danuta Kozakın ürək sözləri:
- Çox xoşbəxtəm. Lakin onu da deyim ki, yarış çox çətin oldu. Külək əsirdi və bunu yalnız suya girəndə hiss etdim. Havada rütubət yüksək olduğundan çətinliklə nəfəs alırdım. Bütün bunlara baxmayaraq, yarış mənim üçün uğurlu oldu. Vətənə medallarla qayıdıram. Azərbaycandan, xüsusilə Mingəçevirdən unudulmaz xoş təəssüratlarım var.
Yarışın 2 qızıl medalına sahib olan Almaniya millisinin üzvü Maks Hoffun təəssüratları isə belədir:
- Mən çox xoşbəxtəm,
çünki medalı başqası da qazana bilərdi. Lakin bu mənə qismət oldu. İlk dəfə keçirlən
Avropa Oyunları idman karyerama 2 qızıl medal bəxş
etməklə yanaşı,
dünyagörüşümdə yeni səhifə də açdı. Azərbaycanlıların bəşəri dəyərlərə hörmət
və ehtiramla yanaşan sivil bir xalq olduğu
qənaətinə gəldim.
Bakını da, Mingəçeviri
də özüm üçün unudulmaz şəhərlər sırasına
daxil etdim.
Qadınlar arasında cütlərin
500 metr məsafədə
kayak yarışında qızıl
medal qazanmış serbiyalı
Ruzicik Benedikin dedikləri:
- Mübarizə gərgin keçdi. Rəqiblər çox güclü
idilər. Belə çətin
şəraitdə qalib
gəldiyim üçün
özümü xoşbəxt
sayıram. Dünyanın müxtəlif ölkələrində
çoxsaylı idman yarışlarında iştirak
etmişəm. Fərqli ölkələr,
müxtəlif xarakterli
xalqlar dünyagörüşümdə
dərin izlər qoyub. Azərbaycan xalqının yüksək
keyfiyyətlərini, xüsusilə
qonaqpərvərliyini başqa
bir xalqla müqayisə etmək mümkün deyil. Bakının dünyanın ən
gözəl və cazibədar şəhərləri
sırasında olduğu
qənaətindəyəm. Mingəçeviri, yaddaşımda silinməz iz buraxmış Kür çayını isə ömrüm boyu unutmayacağam. Mingəçevirdə qızıl medalla yanaşı, yeni rəfiqələr də qazandım. Onlarla dostluğumu davam
etdirəcəyəm.
Türkiyə millisinin üzvü
Mustafa Gülbaharın da
Mingəçevir təəssüratları
maraqlıdır:
- Artıq dördüncü
dəfədir ki, Mingəçevirdə oluruq.
Bu gözəl şəhəri çox bəyənirəm. Sakinləri doğma
və istiqanlıdır.
Burada bir millətin iki dövləti olduğumuzu
daha aydın hiss edirik. Azərbaycanlılar bəşəri dəyərlərə hörmətlə
yanaşan bir xalq olduqlarını sübuta yetirdilər.
Azərbaycan inkişaf etmiş
idman ölkəsi olduğunu da dünyaya nümayiş etdirdi. Biz türk
olaraq dili bir, dini bir
qardaşlarımızın dünyanı heyrətə
salan uğurları ilə qürur duyuruq.
I Avropa Oyunları
Bakıda müvəffəqiyyətlə
davam edir.
Müxtəlif növlərdə idmançılarımızın
parlaq qələbələri
qarşılığında bayrağımızın qaldırılması,
himnimizin səslənməsi
ürəyimizi qürurla
döyündürür. Bu hissləri yaşamaq son dərəcə xoşdur.
Dünya
real Azərbaycanı görür,
güclü dövlət,
dəyərli xalq olduğumuzu təsdiq etmək, qiymətləndirmək
zorunda qalır. Azərbaycanın Avropaya, bütün dünyaya sülh, dostluq və əməkdaşlıq
çağırışı, təbii ki, tərəqqipərvər bəşəriyyət
tərəfindən alqışlarla
qarşılanır, yüksək
dəyərləndirilir. Yarışlar ərəfəsində erməni
lobbisinə müxtəlif
təşkilatların, media qurumlarının Azərbaycan
haqqında canfəşanlıqla
yaydığı şayiələr,
şər-böhtan kampaniyası
fiaskoya uğradı.
Ermənipərəst qüvvələrin yalanı ayağa qaldırıb yeritmək istəyi bəşəriyyəti
aldatmağın növbəti
uğursuz cəhdi kimi tarixin arxivində
yer aldı.
Dünyanın nəbzi Azərbaycanda döyünür. Ölkəmizdə könülləri riqqətə gətirən
bayram əhvali-ruhiyyəsi
davam edir. Azərbaycanın uğur dolu,
şöhrət dolu yeni tarixi beləcə
yazılır.
Lazım QULİYEV,
Azərbaycan.- 2015.- 24 iyun.- S. 6.