East JOURNAL”: “Azərbaycan Olimpiya Oyunlarına yüksək səviyyədə evsahibliyi etmək iqtidarındadır”

 

İtaliyanın “East journalinternet jurnalında Azərbaycanda keçirilən ilk Avropa Oyunları ilə bağlı məqalə yerləşdirilib.

Yazıda qeyd olunub ki, digər qitələr öz yarışlarını çoxdan təşkil edir. Nəhayət, Avropa Olimpiya Komitəsinin təşəbbüsü ilə Köhnə qitənin də Oyunlarının keçirilməsi qərara alındı.

Müəllif “Bakı-2015”in təşkili, yarışlarda mübarizə aparan idmançılar haqqında ətraflı məlumat verib. Bildirilib ki, tədbirin açılış mərasimi 68 min tamaşaçı tutumuna malik nəhəng Bakı Olimpiya Stadionunda yüksək səviyyədə təşkil olunub. Tədbir zamanı Azərbaycanın tarixi, mədəniyyəti, xalqın milli sərvəti olan muğam, dahi şair Nizami Gəncəvinin əsərləri, Yanardağ, Qobustan qayalıqları və digər elementlər nümayiş olunub. Mərasimdə bir sıra Avropa ölkələrinin dövlət və hökumət başçıları iştirak ediblər.

Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsini təhlil edən müəllif vurğulayıb ki, bu ölkə tədbiri layiqincə və gözləntiləri doğruldacaq dərəcədə təşkil edə biləcək önəmli namizəd idi. Azərbaycan üçünbu Oyunlara evsahibliyi etmək özünü bütün dünyaya təqdim etmək baxımından əhəmiyyətli idi. Tədbirin yüksək səviyyədə təşkil olunması Azərbaycanın gələcəkdə Olimpiya Oyunlarına da uğurla evsahibliyi etmək iqtidarında olduğunu göstərir.

Məqalədə oxucuların diqqətinə çatdırılıb ki, son illər Azərbaycan önəmli idman tədbirlərinin təşkilatçısına çevrilib. Bakı “Formula-1” Avropa Qran-pri yarışları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları və “Avro-2020”nin final mərhələsinin oyunları kimi önəmli idman tədbirlərinə evsahibliyi etməyə hazırlaşır.

 

Maqsud DADAŞOV,

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

 

Azərbaycan.- 2015.- 24 iyun.- S. 8.