İtaliya idmançılarına böyük ümidlər bəsləyir
İtaliyanın “La Provincia di Cremona” xəbər saytında “Bakı-2015” çərçivəsində keçirilən üzgüçülük yarışlarından bəhs olunur. Bildirilir ki, Avropa qitəsinin çoxnövlü idman yarışı olan Avropa Oyunları ilk dəfə Azərbaycanda keçirilir. Bu yarışların dörd ildən bir təşkili nəzərdə tutulub. Oyunlar çərçivəsində möhtəşəm Bakı Su İdmanı Sarayında üzgüçülük idman növü üzrə keçirilən yarışlar da həyəcanla izlənilir. İtaliya yarışlarda 34 üzgüçü (21 kişi, 13 qadın) ilə təmsil olunur.
Yazıda İtaliyanı “Bakı-2015”də təmsil edən üzgüçülər Alessandro Bori və Culia Verona haqqında da məlumat verilir. Oxucuların diqqətinə çatdırılır ki, İtaliya xalqı bu idmançılara böyük ümidlər bəsləyir.
Məqalədə, həmçinin C.Veronanın atası və məşqçisi Roberto Veronanın sözlərinə yer verilib: “Qızım yarışlara çox ciddi hazırlaşıb. Əsas hədəfi bu gərgin mübarizədən qalib ayrılaraq medal qazanmaqdır. Əminəm ki, bu Oyunlar onun üçün böyük təcrübə olacaq”.
Maqsud DADAŞOV,
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Azərbaycan.- 2015.- 24 iyun.- S. 8.