Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyində
dövlət qulluqçularının peşə bayramı qeyd olunub
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyində
(ƏƏSMN) 23 İyun - Dövlət
Qulluqçularının Peşə Bayramı günü
münasibətilə toplantı keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda dünyəvi dəyərlərə uyğun demokratik dövlət quruculuğunun müəllifi, ümummilli lider Heydər Əliyevin ölkəmizdə dövlət idarəetmə sisteminin formalaşması və təkmilləşdirilməsi sahəsində misilsiz xidmətlərindən bəhs edib. Nazir hələ ötən əsrin 70-80-ci illərində Ulu Öndərimizin şəxsi qayğısı ilə xeyli sayda azərbaycanlı gəncin o zamankı ittifaqın mötəbər ali təhsil ocaqlarında yüksək ixtisaslı mütəxəssislər kimi yetişdirildiyini, dövlət qulluğu üçün vacib olan milli kadr potensialının yaradıldığını vurğulayıb. Müstəqillik illərində də ümummilli lider Heydər Əliyev ölkədə dövlət idarəçiliyi sistemində islahatların aparılması, bu sisteminin təkmilləşdirilməsi, dövlət qulluqçularının sosial müdafiəsi üçün vacib tədbirlərin həyata keçirilməsini, yeni normativ-hüquqi aktların, habelə 2000-ci il iyulun 21-də "Dövlət qulluğu haqqında" qanunun qəbul olunmasını uğurla təmin edib. Bu qanunla da dövlət idarəetmə orqanlarında işləyənlər dövlət qulluqçusu adlandırılıb.
Nazir hərtərəfli və sürətli inkişafın təmin olunduğu Azərbaycanda Prezident İlham Əliyevin dövlət qulluğu sisteminin müasir dövlətə xas dəyərlər üzərində təkmilləşdirilməsi, dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirdiyi islahatlardan söz açıb. Qeyd edib ki, bu gün Prezident tərəfindən hər bir dövlət qulluqçusu qarşısında qoyulan əsas vəzifə - əhaliyə xidmət göstərmək və dövlət məmuru kimi cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmaqdır. ƏƏSMN sistemində çalışan dövlət qulluqçularının da ümdə vəzifəsi bu prinsiplərə yüksək səviyyədə əməl etmək, dövlət qulluqçusu olmağın şərəfini uca tutmaq və məsuliyyətini aydın dərk etmək, əmək və sosial müdafiə sahəsində dövlət siyasətinin icrasını uğurla yerinə yetirmək, özünün vicdanlı iş tərzi, nümunəvi, nəcib davranışları, insanlarla mədəni rəftarı ilə çalışdığı dövlət qurumunun nüfuzunu qorumaqdır.
S.Müslümov ƏƏSMN sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbulun Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə fəal əməkdaşlıq şəraitində, dövlət qulluğu haqqında qanunvericiliyə uyğun şəkildə həyata keçirildiyini bildirib. Nazirlik sistemində müsabiqə yolu ilə tutulmaq üçün təqdim edilən vakant dövlət qulluğu vəzifələrinin siyahıları, eləcə də vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili müsahibələr üzrə bütün elanlar nazirliyin ƏƏSMN-in rəsmi internet saytının ön səhifəsində müvafiq bölmədə təqdim olunur. Cari ilin ötən dövründə qeyd edilən Komissiyanın müsabiqəsindən uğurla keçmiş 45 nəfər, habelə nazirliyin daxili müsahibəsindən uğurla keçmiş 8 nəfər nazirlik sistemində vakant dövlət qulluğu vəzifələrinə işə qəbul olunublar. S.Müslümov nazirliyin kollektivini peşə bayramları günü münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıb.
Prezident İlham Əliyevin 22 iyun 2015-ci il tarixli Sərəncamı ilə bir qrup dövlət qulluqçusunun təltif edildiyini, onların sırasında Naxçıvan MR-in əmək və əhalinin sosial müdafiəsi naziri Səfərov Cavid Fəxrəddin oğlunun da “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildiyini bildirən nazir bunun dövlət başçısı tərəfindən əmək və sosial müdafiə sistemində çalışanların əməyinə yüksək dəyər verilməsinin bariz təzahürü olduğunu vurğulayıb.
Daha sonra dövlət qulluğunda səmərəli fəaliyyəti ilə fərqlənən nazirlik əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.
AZƏRTAC
Azərbaycan.- 2015.- 24 iyun.- S. 9.