Avropa Şurasının baş katibi azərbaycanlı deputatın kəskin sualını cavablandırmaqda çətinlik çəkib

 

Avropa Şurası Parlament Assambleyasının ənənələrinə uyğun olaraq hər sessiyanın əvvəlində olduğu kimi, yay sessiyasının ikinci iş günündə baş katib Torbyorn Yaqland hesabat səciyyəli məruzə ilə çıxış edib. Sonra Assambleya üzvləri məruzə və onun ətrafındakı digər aktual problemlərlə bağlı müxtəlif suallarla T.Yaqlanda müraciət ediblər.

Xatırladaq ki, son dövrlərdə Azərbaycanda ayrı-ayrı cinayətlər törətdiklərinə görə həbs olunmuş, fəaliyyətlərinin əsas hissəsini xaricdən aldıqları xüsusi tapşırıqlarla dövlətimizə qarşı işləmək təşkil edən bəzi şəxslərin müdafiəsində T.Yaqland xüsusi canfəşanlıq göstərir, müxtəlif bəyanatlar verir. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov bütün bunları nəzərə alaraq baş katibə belə bir sual verib: “Siz Azərbaycandakı müəyyən tək-tək insanların hüquqlarının müdafiəsi ilə əlaqədar ifrat ardıcıllıq və inadkarlıq göstərirsiniz. Bu bizi çox məmnun edir. Hər bir Azərbaycan vətəndaşına sizin belə münasibətiniz təqdirəlayiqdir. Lakin Avropa Şurasının digər üzv ölkəsinin, işğalçı Ermənistanın Azərbaycanda yaratmış olduğu bir milyondan artıq qaçqın və məcburi köçkünvar ki, onların haqları 20 ildən artıqdır hər gün pozulursiz böyük səlahiyyətlər sahibi olsanız da, indiyədək bu istiqamətdə heç bir ciddi addım atmamısınız, heç olmazsa təsirli bir bəyanat belə verməmisiniz. Bu halda sizin tək-tək Azərbaycan vətəndaşlarının haqlarını müdafiə etmək üçün səyləriniz nə dərəcədə səmimidir? Yoxsa hansısa mərkəzlər tələb edir ki, o adamların müdafiəsinə qalxın və siz də tapşırığı icra edirsiniz?!”

Sualın cavabında T.Yaqland konkret fikir söyləməyə, hansısa izahat verməyə çətinlik çəkərək ümumi və yayğın sözlərlə kifayətlənib. O, Ermənistanın təcavüzkar siyasəti nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin taleyi ilə daim maraqlandığını deyib, problemin çox çətin olması səbəbindən nə isə ciddi bir görə bilmədiyini etiraf edib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 24 iyun.- S. 9.