Azəri-Fin Cəmiyyəti Finlandiya
parlamentinə etiraz məktubu göndərib
Finlandiyada fəaliyyət göstərən “Dostluq” Azəri-Fin Cəmiyyəti bu ölkənin parlamentinə və Xarici İşlər Nazirliyinə etiraz məktubu göndərib. Cəmiyyətin sədri Təranə Nəzərova AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində bildirib ki, həmin məktub son vaxtlar Qərbdə həyata keçirilən qərəzli antiazərbaycan kampaniyası ilə bağlıdır.
T.Nəzərova deyib: “Bu məktub Finlandiyada yaşayan həmvətənlərimizin adından göndərilib. Biz Azərbaycanın imicinə zərər vurmağa çalışan xarici dairələrin yeritdiyi açıq-aydın qarayaxma kampaniyasını pisləyirik”.
Məktubda göstərilir ki, Azərbaycana münasibətdə bu siyasətin yeridilməsi dünyada hələ də ikili standartların tətbiq olunmasını güman etməyə əsas verir. Avropa Parlamentində Azərbaycana qarşı və I Avropa Oyunlarının əhəmiyyətini azaltmağa yönəlmiş diskussiyalar Finlandiyada yaşayan azərbaycanlıları ciddi narahat edir.
Sənəddə həmçinin qeyd olunur ki, əgər Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət deputatları həqiqətən narahat edirsə, onda hüquqları Ermənistan tərəfindən bu günə qədər qeyri-insani şəkildə pozulan bir milyon qaçqını da yada salmağa dəyər.
Məktubda deyilir ki, Finlandiyada yaşayan azərbaycanlılar belə qərəzli kampaniyalara qarşı öz qəti etirazını bildirmək üçün Avropa parlamentarilərinə müraciət edirlər.
“Dostluq” cəmiyyətinin sədri T.Nəzərova deyib ki, cəmiyyətin üzvləri I Avropa Oyunlarının möhtəşəm açılış mərasiminə həmvətənlərimizlə birlikdə tamaşa ediblər. T.Nəzərova vurğulayıb: “Qürurumuzun həddi-hüdudu yoxdur, hədsiz sevinirik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu ölkənin möhkəm dayanmasını, istənilən iri beynəlxalq tədbiri ləyaqətlə və ən yüksək səviyyədə təşkil etməyə qabil olduğunu növbəti dəfə sübut etdi”.
Nigar CƏFƏRLİ,
AZƏRTAC-IN xüsusi müxbiri
Helsinki
Azərbaycan.- 2015.- 24 iyun.- S. 9.