Azərbaycanın medal “yağış”ı

 

İdmançılarımız I Avropa Oyunlarında yüksək nəticələr göstərirlər

 

Bu günlər Avropadünya idmanının qəlbi Bakıda döyünür. İdmansevərlər ilk dəfə keçirilən Avropa Oyunlarının gedişini həyəcanla izləyirlər. Oyunların onlarla çempionunun, mükafatçısının adları artıq məlumdur. Qitə olimpiadasının mükafatçıları qələbə sevinci yaşayır, məğlubiyyətdən məyus olan atletlər isə növbəti Oyunlara ümid bəsləyirlər.

Xoşbəxtlikdən Oyunlara qatılmış Azərbaycan idmançılarının, onları dəstəkləyən azarkeşlərin gözləntiləri özünü artıqlaması ilə doğruldur. Təmsilçılərimiz Avropanın ən böyük idman tədbirində layiqli nəticələrə imza atırlar. Elə bil ki, bu günlər idman arenalarında mübarizə aparan azərbaycanlı idmançıların başına medal “yağış”ı yağır. Yığma komandamızın hesabında artıq 40 medal (14 qızıl, 11 gümüş, 15 bürünc) var. Ölkəmiz medal sıralamasında Rusiyadan (109 medal - 51 qızıl, 31 gümüş, 27 bürünc) sonra ikinci yeri tutur. Bu, Avropa miqyasında Azərbaycan kimi elə də böyük olmayan ölkə üçün əla göstəricidir!

Sözsüz ki, Azərbaycan idmanının I Avropa Oyunlarında uğuru heç də təsadüfi deyil. Vur-tut 24 ilə yaxındır milli müstəqilliyinə qovuşmuşbu müddət ərzində bir-birindən ağır sınaqlardan keçmiş, xarici hərbi təcavüzə məruz qalıb ərazisinin 20 faizi işğal olunmuş, 1 milyondan çox vətəndaşı yurd-yuvasından didərgin düşmüş bir ölkənin böyük tarixlə müqayisədə qısa zaman kəsiyində bütün sahələrdə, o cümlədən idmanda əldə etdiyi uğurlar sadəcə olaraq heyrətamizdir.

Gənc dövlətin konkret olaraq idmanın inkişafı naminə gördüyü işlər ardıcıl xarakter daşıdığından qarşıya qoyulan məqsədlər gerçəkləşir. Bu gün Azərbaycan dünyada həm də idman nailiyyətləri ilə tanınır. İdmançılarımız mötəbər beynəlxalq turnirlərdə parlaq zəfərlərə imza atır, ölkəmiz qitə və dünya miqyaslı idman tədbirlərinə ev sahibliyi edir.

Azərbaycan idmanının bugünkü səviyyəyə çatmasında milli olimpiya hərəkatı lokomotiv kimi əvəzsiz rol oynamışdır. Məlum olduğu kimi, dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərində Azərbaycan idmançılarının Olimpiya Oyunlarında iştirakı həm olimpiyaçıların sayı, həm də əldə edilən uğurlar baxımından az qala rəmzi xarakter daşıyırdı. Milli Olimpiya Komitəsinin (MOK) fəaliyyəti isə demək olar ki, nəzərə çarpmırdı. 1997-ci ildə cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsi ilə idmanın inkişafında dönüş mərhələsi başladı. MOK-un yeni rəhbərliyi bütün idman ehtiyatlarını səfərbər edib düzgün istiqamətə yönəltmək, ölkənin idman təşkilatları arasında sıx əməkdaşlıq yaratmaq, vahid proqram əsasında sahənin tərəqqisini təmin etmək üçün işə başladı. İdmanın və bədən tərbiyəsinin inkişafı üçün hüquqi baza yaradıldı, mövcud idman obyektləri bərpa olundu və yeniləri inşa edildi, maddi-texniki baza müasir tələblər səviyyəsinə çatdırıldı.

Nəticə özünü çox gözlətmədi. Görülən işlər milli olimpiya hərəkatının, bütövlükdə ölkə idmanının beynəlxalq aləmdə nüfuz qazanmasına gətirib çıxardı. İdmançılarımızın beynəlxalq turnirlərdə, ilk növbədə Olimpiya Oyunlarında əldə etdiyi uğurlar buna bariz nümunədir. Diqqətəlayiq haldır ki, təmsilçılərimiz hər Olimpiadada ölkə rekordlarını təzələyirlər. Rəqəmlərə nəzər salaq: Azərbaycan ilk dəfə müstəqil dövlət kimi qatıldığı Atlanta Olimpiadasında (1996) 1 medal qazanmışdısa, Sidneydə (2000) 3 medal, Afinada (2004) 5 medal, Pekində (2008) 7 medal, nəhayət, son Yay Olimpiya Oyunlarında - London-2012-də 10 medal əldə etdi. Medal sıralamasında da olimpiyaçılarımız hər dəfə yeni milli rekorda imza atdılar. Olimpiya yığmamız Sidneydə 199 ölkə arasında 34-cü, Afinada 202 ölkə arasında 50-ci, Pekində 205 ölkə arasında 39-cu yeri tutmuşdusa, Londonda 204 ölkə arasında 30-cu yeri tutdu. Eyni zamanda, yığma komandamız hər yeni Olimpiadaya daha çox idmançı ilə qatılır, daha çox idman növündə təmsil olunurdu.

Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev həmişə Olimpiya Oyunlarında idmançılarımızın yanında olur, onları dəstəkləyirdi. Bu isə olimpiyaçıların mübarizə əzmini daha da artırır, onları yeni-yeni qələbələrə ruhlandırırdı.

Azərbaycanın qatıldığı İslam Həmrəyliyi Oyunlarında - müsəlman dünyasının olimpiadasında göstərdiyi nəticələr də ürəkaçandır. Ölkəmiz ilk dəfə Məkkədə (Səudiyyə Ərəbstanı) keçirilmiş İslam Oyunlarında 15 medal (4 qızıl, 4 gümüş, 7 bürünc) qazanaraq ölkə sıralamasında 8-ci yeri tutdu. II İslam Həmrəyliyi Oyunları Tehranda (İran) keçirilməli idi. Lakin İranla ərəb ölkələri arasında yaranmış mübahisə (təşkilatçı ölkə Oyunlarının loqotipinə “Fars körfəzi” ifadəsini çıxarmışdı, ərəblər isə “Ərəb körfəzi” adında israr edirdilər - red.) ucbatından idman tədbiri əvvəlcə növbəti ilə keçirildi, axırda isə ümumiyyətlə, baş tutmadı və ləğv olundu. III İslam Həmrəyliyi Oyunları isə 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində keçirildi. Oyunlarda iştirak edən Azərbaycan idmançıları onlara bəslənən ümidləri tamamilə doğrultdular. Təmsilçilərimiz 24 medalla (7 qızıl, 8 gümüş, 9 bürünc) iştirakçı ölkələr arasında 7-ci yeri tutdular.

Azərbaycan idmanının zəfər yürüşü hazırda I Avropa Oyunlarında davam edir. Atletlərimiz qitə və ölkə idmanının tarixinə yeni səhifə yazırlar. Oyunların çempionları - karateçilər Firdovsi Fərzəliyev, Rafael Ağayev, İrina ZaretskaAyxan Mamayev, güləşçilər Rəsul Çunayev, Elvin Mürsəliyev, Mariya Stadnik, Anjela Doroqan, Toğrul Əsgərov və Xetaq Qazyumov, taekvondoçular Ayxan Tağızadə, Milad HarçeqaniRadik İsayev, gimnast Oleq Stepko, gümüş medalçılar - güləşçilər Rafiq HüseynovSabah Şəriəti, avarçəkən-kanoeçi Valentin Demyanenko, taekvondoçu Fəridə Əzizova, gimnast Marina Durunda, samboçular İslam Qasımov, Amil Qasımov, Vasif Səfərbəyov və Nəzakət Xəlilova, bürünc mükafatçılar - karateçilər İlahə Qasımova və Niyazi Əliyev, güləşçilər Elman Muxtarov, Həsən Əliyev, Natalya Sinişin, Cəbrayıl Həsənov, Hacı Əliyev, Cəmaləddin MaqomedovRuslan Dibirhacıyev, triatlonçu Rostislav Pevtsov, kişi idman gimnastikası üzrə milli komanda (Oleq Stepko, Petro PaknyukEldar Səfərov), taekvondoçu Patimat Ababakarova, gimnast İlya Qrişuninboksçu Tayfur Əliyevin adları artıq bu səhifədə həkk olunub. Yəqin ki, onlara yeni-yeni adlar qoşulacaq, çünki komandamızın potensialı böyükdür.

Belə bir məqam dərhal diqqəti cəlb edir ki, medalçılar arasında güləşçilər daha çoxdur. Pəhləvanlarımız Oyunlarda 15 medal (6 qızıl, 2 gümüş, 7 bürünc) qazanmışlar. Bu isə o deməkdir ki, Azərbaycan güləşinin çoxəsrlik zəngin ənənələri yaşayır!

Avropanın ən güclü idmançılarının mübarizə apardığı belə bir ciddi yarışda Azərbaycan təmsilçilərinin əldə etdiyi nəticələr, doğrusu, gözlənilməz idi. Amma bu, həqiqətdir! I Avropa Oyunlarında ölkə idmanının fəth etdiyi zirvə elə indidən milli olimpiya hərəkatının möhtəşəm zəfəri kimi qiymətləndirilməlidir.

Oyunlar çərçivəsində yarışların başa çatmasına hələ var. Ölkənin idman ictimaiyyəti atletlərimizdən yeni qələbələr gözləyir.

 

Allahverdi MEHDİYEV,

Azərbaycan.-2015.- 25 iyun.- S.1.