Mədəniyyət və turizm
naziri Neftçalada vətəndaşları
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına əsasən mərkəzi icra
hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə
vətəndaşlarla görüşləri davam edir.
AZƏRTAC
xəbər verir ki, iyunun 24-də mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Neftçala şəhərindəki
Heydər Əliyev Mərkəzində Şirvan şəhəri,
Neftçala, Biləsuvar, Hacıqabul və Salyan
rayonlarından olan vətəndaşları qəbul edib.
Görüşdən
öncə nazir ümummilli lider Heydər Əliyevin
Neftçala şəhərindəki abidəsi önünə
tər gül dəstəsi qoyaraq ulu öndərin xatirəsini
ehtiramla yad edib.
Nazirliyin
məsul işçilərinin də iştirak etdikləri qəbulda
səslənən müraciətlər əsasən bölgələrdə
mədəniyyət müəssisələrinin maddi-texniki
bazasının yaxşılaşdırılması,
avadanlıq və ləvazimatlarla təminat, musiqi və incəsənət
məktəblərinin fəaliyyətinin genişləndirilməsi
ilə bağlı olub. Kitabxana şəbəkəsinin təkmilləşdirilməsi,
tarix-mədəniyyət abidələrinin təmir-bərpası,
yerlərdə turizmin inkişaf etdirilməsi barədə məsələlər
də müraciətlər arasında yer alıb. Vətəndaşlar
tərəfindən bu xüsusda bir sıra təkliflər səsləndirilib.
Neftçala
rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialının
yaradılması, Salyan rayon Tarix-Diyarşünaslıq Muzeyində
Salyanın 2800 illiyinə həsr olunmuş ekspozisiya
zalının təşkilinə köməklik göstərilməsi,
arxeoloji abidələrin mühafizə zonalarının və
sərhədlərinin dəqiqləşdirilməsi barədə
müraciətlər olub. Salyan rayonunun “Mahirlər” ansamblı
və “Cəngi” kollektivinin xarici ölkələrdə
keçirilən Azərbaycan mədəniyyəti günlərində
iştirakı, Biləsuvar rayon Mədəniyyət mərkəzinin
əyani vəsaitlərlə təmin edilməsi, Hacıqabul
rayon Mədəniyyət mərkəzindəki həvəskar
kukla teatrına inventarların verilməsi barədə
xahişlər edilib. Həmçinin işlə təminat və
digər sosial məsələlərlə bağlı
müraciətlər olub.
Salyan
sakini Ramin Əliyev rayon ərazisində aparılan
qazıntılar zamanı aşkar olunmuş qədim
yaşayış məskəninə turist səfərlərinin
edilməsi barədə təkliflə çıxış
edib. Nazir təklifi müsbət qarşılayaraq müvafiq
köməklik göstəriləcəyini bildirib.
Hacıqabul
sakini Mayaxanım Mehtiyevanın rayon Mərkəzi
kitabxanası və onun filiallarının gözdən əlil
insanlar üçün xüsusi nəşrlərlə təmin
edilməsi barədə müraciəti də müsbət
qarşılanıb. Əbülfəs Qarayev bu məsələnin
vacibliyini qeyd edərək zəruri köməyin ediləcəyini
deyib.
Görüşdə
hər bir vətəndaşın müraciəti diqqətlə
dinlənilib, problemlərin həlli ilə bağlı tədbirlərin
görülməsi üçün tapşırıqlar
verilib.
Nazir
Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində
dövlət başçısının
tapşırığı ilə regionlarda mütəmadi
olaraq keçirilən bu görüşlərin əhəmiyyətini
vurğulayıb. Qeyd edib ki, sakinlərlə birbaşa
ünsiyyət zamanı qaldırılan bir sıra məsələlər
operativ şəkildə həllini tapır. Nazir vətəndaşların
təşəbbüskarlığını, problemlərə,
aktual məsələlərə diqqət yetirməsini
müsbət qarşılayıb.
Azərbaycan.-2015.-25 iyun.- S.2.