Öz gözündə tiri görməyənlər
Dünyada baş verən hadisələr, özünü hegemon hesab edən dövlətlərin ikili standartlar prinsipi üzərində qurduqları siyasət təəssüf hissi doğurmaya bilməz. Müxtəlif regionlarda maraqlarını təmin etməyə çalışan bəzi Qərb ölkələri öz məqsədlərinə çatmaq üçün hər cür vasitədən istifadə edir, onlara mane olan dövlətlərdə etnik, dini ziddiyyətlər yaradır, sabitliyi pozmağa çalışırlar. Müstəqil siyasət yeridən ölkələrə isə açıq-aşkar təzyiqlər göstərilir. Son illərdə məlum xarici dairələr tərəfindən sistemli şəkildə həyata keçirilən antiazərbaycançı kampaniya bunu bir daha təsdiqləyir.
İyunun 12-də I Avropa Oyunlarının açılış mərasimi möhtəşəm şəkildə baş tutdu. Azərbaycan bu tədbirə ən qısa zamanda yüksək səviyyədə hazırlaşmışdı. Oyunların keçiriləcəyi obyektlərin tikilməsi və əvvəlkilərin yenidən qurulması, təhlükəsizlik, nəqliyyat, iştirakçıların yerləşdirilməsi, infrastruktur, jurnalistlər üçün lazımi şəraitin yaradılması - bir sözlə bütün məsələlər yüksək səviyyədə həllini tapmışdır. I Avropa Oyunları öz füsunkarlığı və əsrarəngizliyi ilə dünyaya səs saldı və unudulmaz idman bayramına çevrildi. Buna baxmayaraq I Avropa Oyunları üzərindən Azərbaycana qarşı aparılan siyasi hoqqabazlar özünü hələ də göstərməkdədir. Almaniya Bundestaqının 2015-ci il iyunun 12-də Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı qəbul etdiyi qətnamə bunu bir daha təsdiqlədi. Bu qərəzli sənəd təbii ki, Azərbaycanda ciddi narazılıqla qarşılandı. Məsələ Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında müzakirə olundu və bəyanat qəbul edildi. Bəyanatda deyilir: “Bizə yaxşı məlumdur ki, son dövrdə Almaniyada Azərbaycana qarşı məqsədyönlü kampaniya həyata keçirilir. Bizə bunun səbəbləri də məlumdur. Əgər bu bir tərəfdən Almaniyadakı erməni lobbisinin təsiri ilə bağlıdırsa, digər tərəfdən vaxtilə ikitərəfli münasibətlərdə gərginlik yaratmış “Ştrasser məsələsi”nə görə Almaniyanın siyasi dairələrinin Azərbaycandan qisas almaq niyyəti ilə bağlıdır”.
Bu sənəd qərəzli və həqiqətdən uzaq olmaqla yanaşı iki olkə arasında münasibətlərə xələl gətirir. Dəfələrlə bəyan edilmişdir ki, heç bir dövlət Azərbaycana təzyiq göstərə bilməz və hansısa bir qarayaxma Azərbaycanı öz demokratik inkişafından, hüquqi dövlət quruculuğu yolundan döndərə bilməz. Azərbaycanda insan hüquqlarına və azadlıqlarına hörmət yüksək səviyyədədir. Bunun üçün ardıcıl işlər görülür. Ölkədə demokratik təsisatların qurulması və onların sərbəst fəaliyyətinin təmin edilməsi, söz azadlığının qorunması və digər amillər buna misaldır. 2011-ci il dekabrın 27-də Azərbaycvan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının və azadlıqlarının güclü müdafiəsinə nail olmaq prinsipinə sadiqliyin əyani göstəricisidir.
Azərbaycanda din azadlıqlarının qorunması barədə irəli sürülən iddialar isə tamamilə əsassızdır. Azərbaycan tolerant ölkə kimi dəfələrlə dəyərləndirilib və bir çox dövlətlərə nümunə göstərilib. Almaniyadan fərqli olaraq Azərbaycanda müxtəlif xalqların və millətlərin nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşayırlar. Buna görə də Almaniyanın başqasına əsassız irad tutmasına haqqı yoxdur. Almaniya Bundestaqının qətnaməsində dini icmalar barəsində ifadə edilmiş mülahizələr oradakı müəyyən şəxslərin və qrupların bayağı xristian təəssübkeşliyinə qapandıqlarına dəlalət edir. Azərbaycanda dini icmaların fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb. Bütün dini təşkilatlar və icmalar, o cümlədən xristian icmaları dövlət tərəfindən qeydiyyata alınıb. Amma Avropa İttifaqı ölkələrinin özündə belə bəzi dini icmalar qeydiyyata götürülməyib. Almaniya dövlət rəhbərliyi səviyyəsində multikulturazm prinsipindən imtina edən bir məkandır. Bu ölkədə ksenefobiya, antisemitizm, islamafobiya halları, polisin həddən artıq güc işlətməsi təsdiqlənmiş faktdır. Odur ki, bu ölkə əvvəlcə öz gözündə tiri görməlidir. Özünə aludə olan alman mentaliteti getdikcə sərtləşir. Nəticədə Avropa Almaniyada “Üçüncü Reyxin” xələfi olan “Dördüncü Reyxin” yaranmasından vahimələnir və buna ciddi əsaslar da var.
Təhlillər onu göstərir ki, I Avropa Oyunları dövründə antiazərbaycan kampaniyası ABŞ tərəfindən təşkil edilib. Almaniya isə bu kampaniyanın fəal icraçısına çevrilib. ABŞ-ın vassalı olan Almaniya Azərbaycana qarşı riyakarlıq yolunu tutub. Amma Azərbaycana demokratiya dərsi keçmək niyyətinə düşmüş Almaniya bilməlidir ki, iki ayaqla bir neçə havada oynamaq ona xeyir gətirmir. Bu hər şeydən əvvəl onun qeyri-səmimiliyini, riyakar xarici siyasətini ortaya qoyur və özünü gülünc vəziyyətə salır. Azərbaycana gəldikdə isə heç bir təzyiq və təsir onu yolundan çıxara bilməz. Dövlətimizin özünün inkişaf modeli var və bununla da yüksək nailiyyətlər qazanır. Azərbaycanın son illər uğurlar əldə etməsi, dünyanın dinamik inkişaf edən dövlətləri sırasına çıxması, vətəndaşların rifahının gündən-günə yaxşılaşması, ölkəmizin abadlaşması danılmaz faktdır və bunu bir çox mötəbər təşkilatlar da təsdiqləyir. Ona görə də ölkəmizə qarşı hansı qarayaxma kampaniyası aparılırsa-aparılsın, bunun heç bir əhəmiyyəti yoxdur, iflasa məhkumdur.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2015.-25 iyun.- S.3.