Dünən I Avropa
Oyunlarında 7 idman növü
üzrə yarışlar keçirilib
I Avropa Oyunlarında boks yarışları davam edir. İyunun 24-də “Baku Cristal Hall”da kişi və qadın idmançılar həm 1/4, həm də yarımfinal mərhələsində mübarizə apardılar.
İyunun 22-23-də keçirilmiş yarışlarda Azərbaycanın 9 idmançısı yarımfinal mərhələsinə vəsiqə qazanmışdı. Bunlar 52 kq çəki dərəcəsində Elvin Məmişzadə, 56 kq çəki dərəcəsində Tayfur Əliyev, 60 kq çəki dərəcəsində Albert Səlimov, 64 kq çəki dərəcəsində Lorenso Sotomayor, 69 kq çəki dərəcəsində Pərviz Bağırov, 81 kq çəki dərəcəsində Teymur Məmmədov, 91 kq çəki dərəcəsində Abdulqadir Abdullayev, +91 kiloqramda Məhəmmədrəsul Məcidov və qadın idmançılarımızdan 51-54 kq çəki dərəcəsində Anna Əlimərdanovadır.
Dünən keçirilən görüşlərdə isə daha iki boksçumuz yarımfinal mərhələsinə vəsiqə qazandı. 75 kq çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı Xaybula Musalov belaruslu Vitali Bandarenka ilə qarşılaşdı. İnamla döyüşən boksçumuz görüşdə 3:0 hesabı ilə qalib gəldi.
57-60 kq çəki dərəcəsində çıxış edən qadın boksçumuz Yana Alekseyevna da yarımfinala vəsiqə qazananlar sırasındadır. Dünən keçirdiyi görüşdə o, Rusiya təmsilçisi Zinaida Dobrıninanı sınağa çəkdi. 3:0 hesabı ilə qalib gələn Yana Alekseyevna yarımfinala çıxan 11-ci boksçumuz oldu.
Dünən həm də boksçularımızdan ikisi yarımfinal görüşünü keçirdi. Günün ikinci yarısında döyüşlərdə rinqə ilk olaraq 56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev çıxdı. 1/4 final mərhələsində danimarkalı Frederik Jenseni məğlub edən idmançımızın bu dəfəki rəqibi rusiyalı Baxtovar Nəzirov idi. Görüş rusiyalı idmançının qələbəsi ilə başa çatdı. Tayfur Əliyev isə bürünc medalla kifayətləndi.
Yarımfinal mərhələsində rinqə çıxan digər boksçumuz isə 81 kq çəki dərəcəsində döyüşən Teymur Məmmədov idi. 1/4 finalda hollandiyalı Peter Mullenberqi mübarizədən kənarlaşdıran idmançımız bu dəfə Rusiya boksçusu Pavel Silyaqinlə üz-üzə gəldi. Görüşdə 3:0 hesabı ilə qalib gələn idmançımız finala vəsiqə qazandı. Bu gün keçiriləcək final döyüşündə Teymur Məmmədovun rəqibi italiyalı Valentino Manfredonia olacaq.
Son məlumata görə, Məhəmmədrəsul Məcidov zədəli olduğundan rusiyalı Həsən Hümbətova qarşı yarımfinal döyüşünə çıxmayacaq. Azərbaycan idmançısı I Avropa Oyunlarının bürünc medalını qazandı.
***
Dünən kişi voleybolçular arasında Avropa Oyunlarında 1/4 final mərhələsinin oyunları keçirilib və yarımfinalçılar məlum olub.
Maraqlı mübarizə şəraitində keçən Polşa-Slovakiya görüşü birincilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Daha sonra meydana milli komandamızla bir qrupda yer alan Türkiyə yığması çıxıb. Qardaş ölkə təmsilçisi bolqarlara 1:3 hesabı ilə məğlub olaraq yarımfinala çıxa bilməyib.
Bu mərhələnin növbəti görüşündə Serbiya və Almaniya komandaları qarşılaşıblar. Daha dəqiq olan almanlar 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəliblər.
1/4 finalın son matçında Fransa və Rusiya yığmaları üz-üzə gəliblər. Rəqibindən güclü olduğunu sübut edən ruslar (3:0) yarımfinala vəsiqəni təmin edən sonuncu komanda olublar.
Beləliklə, iyunun 26-da yarımfinal mərhələsində Polşa-Bolqarıstan və Almaniya-Rusiya görüşləri keçiriləcək.
***
İyunun 24-də Avropa Oyunlarında daha bir idman yarışına - çimərlik futboluna start verilib.
Ölkəmizdə idmanın digər növləri kimi, çimərlik futbolu da inkişaf etməkdədir. Azərbaycan Çimərlik Futbolu Federasiyası (AÇFF) fəaliyyətə 2008-ci ildə başlayıb.
“Bakı-2015” I Avropa Oyunlarında çimərlik futbolu üzrə qitənin 8 ölkəsinin millisi mübarizə aparır. “A” qrupunda Azərbaycan, Portuqaliya, İsveçrə və Ukrayna, “B” qrupunda Rusiya, İspaniya, İtaliya və Macarıstan yığmaları yer alıblar. Hər qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar.
İlk oyun İspaniya millisi ilə İtaliya yığması arasında keçirilib. Görüş 1:1 hesabı ilə başa çatdığından baş hakim İnqilab Məmmədov qalibi müəyyənləşdirmək üçün penaltilər təyin edib. İspanların zərbələri daha dəqiq olub və onlar 3:1 hesabı ilə qalib gəliblər.
Sonra meydana Portuqaliya və İsveçrə yığmaları çıxıblar. Azarkeşlər bu oyunda bolqollu qarşılaşmanın şahidi olublar. Gərgin mübarizə şəraitində keçən oyun portuqaliyalı futbolçuların 6:5 hesablı üstünlüyü ilə yekunlaşıb.
Rusiya yığması isə Macarıstan komandası üzərində 5:3 hesabı ilə qələbə qazanıb.
Azarkeşlərin böyük həyəcanla gözlədiyi Azərbaycan yığması isə günün son matçında meydana çıxıb. “B” qrupunun ilk turunda ukraynalı həmkarları ilə görüşən futbolçularımız 1:3 hesabı ilə məğlub olublar.
Bu gün “A” qrupunda Azərbaycan-İsveçrə, Portuqaliya-Ukrayna, “B” qrupunda İspaniya-Macarıstan və Rusiya-İtaliya komandaları arasında növbəti oyunlar keçiriləcək.
***
I Avropa Oyunlarında
badminton yarışları davam edir. İyunun 24-də - yarışların üçüncü
günündə Bakı
İdman Sarayında qadınlar və kişilər arasında fərdi yarışlar və cütlüklərin
növbəti oyunları
keçirildi.
Qeyd etdiyimiz
kimi, Azərbaycan badmintonçusu Kənan Rzayev kişilərin fərdi yarışlarının
“B” qrupunda mübarizə
aparırdı. Dünən bu qrupda idmançımızın növbəti
rəqibi italiyalı
Rosario Maddaloni idi.
Təəssüf ki, K.Rzayev məğlub olaraq mübarizəni qrup mərhələsində başa
vurdu.
Kişilər arasında cütlüklərin
yarışında isə
ölkəmizi Kənan
Rzayevlə Orxan Qələndərov təmsil
edirdilər. “B” qrupunda
mübarizə aparan idmançılarımızın dünən növbəti
rəqibi rusiyalı
Vladimir İvanov və
İvan Sazonov idi. Oyunda məğlub olan
badmintonçularımız mübarizəni dayandırdılar.
Qadınlar və kişilər arasında fərdi və cütlüklər,
həmçinin qarışıq
komandaların mübarizəsi
davam edir. Bu gün 1/8 və 1/4 final mərhələsinin oyunları
keçiriləcək.
***
Dünən Bakı Su İdmanı Mərkəzində üzgüçülük
üzrə yarışlar
davam etmişdir. Bu yarışlarda ölkəmizi
təmsil edən Kamran Cəfərov və Dorian Fazekas 100 metr məsafəyə sərbəst üsulla üzməkdə zəif nəticə göstərərək
yarımfinal mərhələsinə
vəsiqə qazana bilməyiblər.
Sərbəst üsulla 4x100 metr
məsafəyə estafet
yarışlarında iştirak
edən Azərbaycan komandası da (Dorian Fazekas, Alsu Bayramova,
Anna Mançenkova və
İvan Andrianov) təsnifat mərhələsində
13-cü yeri tutaraq eyni aqibətlə üzləşiblər.
Ümumilikdə 8 dəst medal oynanılmışdır. Kişilərin 100 metr məsafəyə arxasıüstə üzmək
yarışlarında Böyük
Britaniya təmsilçisi
Lyuk Qrinbank qələbə qazanmışdır.
Rusiyalı Filipp Şopin
ikinci, almaniyalı Marek Ulrix isə
üçüncü yeri
tutmuşdur.
Qadınların 400 metr məsafəyə sərbəst üsulla üzmək yarışlarında
rusiyalı Arina Opyonışeva qızıl
medala layiq görülmüşdür. Gümüş medala Leoni Kulmann
(Almaniya), bürünc
medala isə Anastasiya Kirpiçnikova (Rusiya) sahib çıxıblar.
Qadınların 200 metr məsafəyə batterflay üsulu ilə üzmək yarışlarında almaniyalı
Culiya Mrozinski qalib olmuşdur. İkinci yerə
italiyalı Eliza Skarpa
Vidal, üçüncü yerə isə macarıstanlı Boqlarka Boneç yiyələnmişdir.
Qadınların 100 met məsafəyə sərbəst üsulla üzmək yarışlarında
Hollandiya idmançısı
Marin Stinbergen qələbəni
bayram etmişdir. Arina Opyonışeva ikinci, onun yerlisi Mariya
Kameneva isə üçüncü yerdə
qərarlaşmışdır.
Kişilərin 200 metr məsafəyə brass üsulu ilə üzmək yarışlarında Anton Çupkov (Rusiya) hamını geridə qoymuşdur. Digər rusiyalı Kiril Mordaşyov ikinci yerə, britaniyalı Lyuk Devis isə üçüncü yerə sahib çıxmışdır.
Qadınların 200 metr məsafəyə arxası üstə üzmək yarışlarında Rusiya idmançısı Polina Yeqorova birinci olmuşdur. Gümüş medalı almaniyalı Maksin Uolters, bürünc medalı isə ukraynalı Marina Kolesnikova qazanmışdır.
Kişilərin 1500 metr məsafəyə sərbəst üsulla üzmək yarışlarında Nikola D'Orlano (Fransa) qızıl medal əldə etmişdir. İkinci yerdə rusiyalı Ernest Maksumov qərarlaşmışdır. İsrail idmançısı Mark Hinavi isə üçüncü yerə yiyələnmişdir.
Son olaraq 4x100 metr məsafəyə estafet yarışı keçirilmişdir. Rusiya komandası Avropa Oyunlarının qalibi olmuşdur. Böyük Britaniya üzgüçüləri gümüş, Almaniya idmançıları isə bürünc medal əldə etmişlər.
***
Dünən I Avropa Oyunları çərçivəsində qılıncoynatma yarışları davam etmişdir. Kişi şpaqaçıların yarışlarında ölkəmizi Kənan Əliyev, Nəcəf Məhərrəmov, Vəkil Nəsibov və Mehrab Həsənov təmsil ediblər. Yer tutduğu qrupda iki qələbə qazanmasına baxmayaraq K.Əliyev növbəti mərhələyə adlaya bilməmişdir. Qrup görüşlərini cəmi bir qələbə ilə tamamlayan M.Həsənov da eyni aqibətlə üzləşmişdir. Digər şpaqaçılarımız N.Məhərrəmov və V.Nəsibov isə yer aldıqları qruplarda bütün görüşlərdə məğlub olublar.
Günün ikinci yarısında şpaqaçılar medallar uğrunda mübarizəni davam etdiriblər. Final görüşündə fransalı İvan Treveho Rusiya idmançısı Sergey Xodosu 15:8 hesabı ilə məğlubiyyətə uğradaraq I Avropa Oyunlarının qızıl medalını qazanmışdır. Bürünc medallara isə norveçli Bartoş Pyasetski və fransalı Daniel Jeren yiyələniblər.
Dünən həm də rapiraçı qadınlar medallar uğrunda mübarizə aparıblar. İtaliyalı Elisa Volpi final görüşündə rusiyalı Yana Alborovaya 15:11 hesabı ilə qalib gələrək qızıl medala layiq görülmüşdür. Üçüncü yerdə isə rusiyalı Agelina Zagidullina və italiyalı Valentina Kipriani qərarlaşmışlar.
***
Dünən I Avropa Oyunları çərçivəsində 3x3 basketbol yarışlarının qrup oyunları başa çatmışdır. Kişilərdən ibarət Azərbaycan komandası yer aldığı D qrupunda bütün rəqiblərini məğlub edərək birinci yeri tutmuşdur.
1/8 final görüşündə komandamızın rəqibi
İsrail millisi olacaq.
A qrupunda mübarizə
aparan qadınlardan ibarət Azərbaycan komandası ilk oyunda İsveçrə yığmasına
məğlub olsa da dünən Hollandiya və Yunanıstan yığmaları
üzərində qazandığı
qələbələr sayəsində
növbəti mərhələyə
vəsiqə qazanmışdır.
1/8 final görüşündə basketbolçularımız Litva
komandası ilə üz-üzə gələcək.
Rizvan HİLALOĞLU,
Elçin CƏFƏROV,
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-2015.-25 iyun.- S.4.