Əcnəbi qonaqlar
Bakının tarixinə və bugünkü
növrağına heyran qalıblar
I Avropa Oyunlarına gələnlərin
Azərbaycan təəssüratları
Azərbaycanın
son illər keçdiyi sürətli inkişaf nəinki
ölkənin bütün sahələrində
özünün təsdiqini tapıb, eyni zamanda, bır
sıra beynəlxalq tədbirlərə evsahibliyi etməsinə
də səbəb olub. Belə tədbirlərin
sırasına daha biri əlavə edildi ki, o da nəinki
adını daşıdığı Avropa qitəsinin, hətta
dünyanın marağındadır. “Bakı-2015” I Avropa
Oyunlarının təkcə dövlətimizin yerləşdiyi
qitədə deyil, dünyada təsdiqi baxımından
vacibliyi getdikcə daha çox hiss olunur.
Bu
günlər paytaxtın daha çox ziyarətgaha çevrilməsinin
səbəblərindən biri də məhz I Avropa
Oyunlarına olan maraqdır. Bakının gəzməli,
görməli yerləri hazırda barmaqla göstərilmir.
Hansı tərəfə üz tutsan orada dinindən, dilindən
və irqindən asılı olmayaraq, müxtəlif ölkələrin
vətəndaşlarına rast gələrsən. Təbii ki,
onların daha çox ziyarət etdiyi ünvan Bakının
simvoluna çevrilmiş, tarixi-memarlıq inciləri
sayılan muzeylər, milli mətbəximizin ləziz təamlarından
dadmaq üçün üz tutduqları restoran-kafelərdir.
Çünki o, bu gün dünyanın nəzərində I
Avropa Oyunlarının keçirildiyi şəhər, həm
də unikallığı ilə seçilən,
sivilizasiyaların, mədəniyyətlərin və hətta
qitələrin qovuşduğu coğrafi məkandır. Həmsöhbət
olduğumuz I Avropa Oyunlarının
iştirakçıları və onların azarkeşləri,
paytaxtı ziyarət edən turistlər də bunu təsdiqləyirlər.
Turistləri bu oyunları canlı izləməyə vadar edən
həm də Bakı və Azərbaycan xalqı ilə
yaxından tanışlıqdır.
Xalqımızın
mətbəxinin zənginliyi və süfrəsindəki təamlarının
dadının dünyanın o başından gələn
soraqları ilə yanaşı, qonaqpərvərliyi, qəlbinin
genişliyi öz əksini tapır.
Qonaqların
fikirlərini öyrənmək üçün turistlərin
daha çox diqqət ayırdığı və ziyarət
etdiyi İçərişəhər, Fəvvarələr
meydanı, Nizami küçəsi və Dənizkənarı
bulvar - Milli Parkda olduq.
Şirvanşahlar
Saray Kompleksinə və Miniatür Kitab Muzeyinə turistlərin
axınının şahidinə çevrildik. Rusiyadan olan,
Almaniyada təhsil alan Lena Porqanova I Avropa Oyunlarında
stolüstü tennis yarışlarında iştirak etmiş
nişanlısı Patrik Balla azarkeşlik etmək
üçün ölkəmizə gəldiyini və
Bakıya vurulduğunu, azərbaycanlıların qonaqpərvərliyinə
heyran qaldığını bildirdi. Miniatür Kitab Muzeyinin zənginliyi
barədə fikirlərini bölüşən müsahibimiz
yaşadığı ölkəyə qayıtdıqdan sonra
mətbuatda Azərbaycan haqqında təəssüratlarını
yazacağını da dedi.
Azərbaycanın
əcnəbilərin diqqətini daha çox çəkməsinin
bəzi səbəblərinə toxunan sloveniyalı
samboçu, I Avropa Oyunlarının
iştirakçısı Tadej Cutkinin fikirləri seçildi:
“Oyunlar səviyyəsinə və əhatə dairəsinə
görə möhtəşəm idman tədbiridir.
Düşünürəm ki, Azərbaycan bütün
dünyaya unudulmaz idman bayramı təqdim edir və mən də
bu imkanlardan yararlanıram”.
Yaponiyada
keçirilən sambo üzrə dünya çempionatında
yeddinci nəticə göstərmiş sloveniyalı
idmançı I Avropa Oyunlarının onun üçün
böyük əhəmiyyət kəsb etdiyini
vurğuladı. Mükəmməl təşkilatçılığa
görə Azərbaycana minnətdarlığını bildirən
Tadej Cutkin fantastik açılış mərasiminin
şahidi olduğunu da qeyd etdi. Ölkəmizin medal sayına
görə, hələlik, ikinci yerdə olduğunu deyən
idmançı onu da bildirdi ki, bu yarışlar istənilən
digər qitə oyunlarından daha çox insanın diqqətini
cəlb edir: “Müşahidələrimə görə
standartlardan da üstün Oyunlar təşkil edilib. Atletlər
kəndində idmançılar üçün çox
gözəl şərait yaradılıb. Təşkilatçılıq
bir daha göstərir ki, Azərbaycan bundan da gözəl yarışlara
yüksək səviyyədə evsahibliyi etməyə
qadirdir. Xəzər dənizi, İçərişəhər,
Qız qalası... məndə unudulmaz təəssürat
oyatdı. Bu yerlərdən zövq aldım. Bakıda Şərq
və Qərb elementlərini özündə birləşdirən
memarlıq nümunələrinə heyran qaldım. Binalar,
tikililər, həm qədim, həm də müasir arxitektura
valehedicidir”.
Yeri
gəlmişkən, hələ ötən əsrdə
ölkəmizə səfər edən ingilis səyyahı
Elton Cenkinson yazırdı ki, Şamaxıda qonaq olarkən
süfrəyə 150 çeşiddə xörək gətirildi.
Sonrakı günlərdə daha 40 təam da əlavə edildi.
200-dən artıq çeşidi olan təamlar - kabab, dolma,
plov, aş, xaş, bozbaş və s. kimi ət və xəmir
xörəklərinin yanında ətirli Azərbaycan
çayının isə özgə bir ləzzəti olur.
Adamın canından yorğunluğu çıxarır.
Yəhyabəy
Azəroğlu Türkiyənin İğdır vilayətindən
gəlib. Yalnız I Avropa Oyunlarını izləmək
üçün yox, həm də Bakını, özü
demişkən, canı-qanı qədər sevdiyi Azərbaycanı
ziyarət etmək arzusunu gerçəkləşdirməyə
Tanrıdan izn istəyib: “Fikrimə türk
dünyasının qəbul etdiyi, Azərbaycan xalqının
ulu öndəri Heydər Əliyevin bir müdrik və tarixi kəlamı
ilə başlamaq istərdim: “Türkiyə-Azərbaycan - bir
millət, iki dövlət”dir. Biz bu qızıl kəlama
sığınıb millətimizi və dövlətlərimizi
birlikdə sevir və sevincini, növrağını
paylaşırıq. Azərbaycan xalqı xoşbəxtdir ki,
onun belə güclü, qüdrətli dövləti var. Bu
dövləti, təntənəni xalqına Azərbaycan
Prezidenti İlham Əliyev bəxş edib. Onun siyasəti isə
ümummilli lider Heydər Əliyevin dəyişməz yolu və
ideyalarıdır. Azərbaycan türkdilli dövlətlər
sırsında ön sırada dayanır. Türk xalqları
bundan qürur duyur. Bu gün Avropa bizim təntənəmizi,
inkişafımızı görür. Buna nail olan Azərbaycan
var olsun! Qürur duymamaq mümkünmü? Bakının hər
addımı bizim üçün ziyarətgahdır. “Atəşgah”
kimi müqəddəs məkan dünyanın harasında var?
İçərişəhərin dalan və küçələrindəki
sakitlikdə tarixin səsini duymaq, qədim izlərini görmək
mümkündür”.
Antalyadan
Azərbaycanı ziyarətə gəlmiş Fəridə Kaya
I Avropa Oyunlarının açılışı ərəfəsində
çox həyəcanlı anlar yaşadıqlarını
gizlətmədi: “Belə bir beynəlxalq tədbirin
keçirilməsi çox da asan deyil, məsuliyyəti
böyükdür. Azərbaycan müstəqillik
baxımından gənc bir ölkədir. Amma Oyunların
açılış mərasimi göstərdi ki, Azərbaycan
güvənc yeridir. Müstəqil dövlətiniz qısa
müddətdə Avropanı heyran edəcək qədər
bir yol keçib. Avropa ailəsinə daxil olmamışdan da
onun bütün sahələrdəki inkişafı dünyada
nümunədir. Qoy Azərbaycan daim ilklərin müəllifi
və nümunəsi kimi çıxış etsin”.
Ayşegül
Dinçbaş Türkiyənin Girnə şəhərindəndir
və radio kanalında çalışır. Azərbaycanla
bağlı verilişləri xalq mahnılarımızla
açıb-bağladığını söylədi. Onu da
əlavə etdi ki: “ I Avropa Oyunlarının
başlanmasından sonra qazanılan uğurlar bir daha Azərbaycanın
əsl idman ölkəsi olduğunu təsdiqləyir. Bunun səbəbləri
çoxdur. Amma əsas səbəbi xalqla hakimiyyətin bir məqsəd
uğrunda apardığı mübarizədir. Bu birlik digər
dövlətlərə də nümunədir. Azərbaycan
dövlətinin başçısı cənab İlham
Əliyevin yarışlarda iştirakı, mükafatları
qaliblərə özünün təqdim etməsi, eləcə
də ölkənizin birinci xanımı,
I
Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban
Əliyevanın da bu möhtəşəmlikdə
payının çox olması qürur doğurur. Bakıya
vurulmamaq olmur. Biz eyni mədəniyyətin
daşıyıcılarıyıq. Azərbaycanın
bugünkü inkişafı hamımızı sevindirir”.
Savaş
Ünal (Antalya, “Sahilkitab” Yayım Evinin rəhbəri):
“Türkiyədən I Avropa Oyunlarına qatılan 192 nəfərin
arasından seçilənlər az olmadı. Oyunlara yüksək
əhval-ruhiyyə ilə başlayan
idmançılarımızdan Enes Erkanın karate
döyüşlərində qızıl medala layiq
görülməsi bizi sevindirməyə bilərdimi? Azərbaycan
və Türkiyə idmançılarının
uğurlarını gördükcə sevincimiz birə-min
artır. Ancaq hər iki qardaş xalqın
idmançıları meydanda üz-üzə gələndə
çox həyəcanlanıram. İstəmirəm ki, kimsə
uduzsun, amma bu, bir yarışmadır. Qardaşların belə
Oyunlarda iştirakını ancaq alqışlamaq olar. Biz istərdik
ki, Avropa Oyunları növbəti dəfə, yəni, Azərbaycandan
sonra Türkiyədə keçirilsin. Bunun rəmzi mənası
var: biz Avropa ailəsinin üzvü olduğumuzu təsdiqləmiş
oluruq. Azərbaycan və Türkiyə
idmançılarına qələbə yaraşır. Uğurlar
diləyir və səbirsizliklə gözləyirik”.
Selma
Koroğlu: “Türkiyənin Antalya şəhərindənəm.
Gözəl Bakı şəhəri bu günlər
dünyanın nəinki idman, daha geniş ictimaiyyətinin diqqət
mərkəzindədir. Açılış mərasimi
başlamamışdan öncə Oyunların məşəlinin
əldən-ələ keçirilməsi, ölkənizin
bölgələrini ziyarət etməsi qeyri-adiliyi ilə
yaddaşlara yazıldı. Dövlət
başçısı İlham Əliyevin ailəsinin də məşəl
estafetinə qoşulması, nəhayət, Olimpiya
stadionundakı möhtəşəm açılış tədbiri...
Bütün bunlar şahidi olmayanlara nağıl və
röya kimi gələ bilər. Möhtəşəm bir
açılışa imza atıldı. Hələ Azərbaycan
və Türkiyə idmançılarının meydana
çıxan zaman stadionda yaşanan coşqunu da bura əlavə
etsək, deyərdik ki, tarixdə belə möhtəşəmliyin
şahidi olduğumuz üçün xoşbəxt nəsilik.
Sanki məni də onlar aralarına, sıralarına
almışdılar: sevincdən göz yaşlarıma hakim
ola bilmirdim. Bir-birini tamamlayan özəlliklərdən göz
doymadı. Oyunlar başladıqdan sonra qazanılan
uğurların sevincini yaşamaq xoşbəxtliyi də Azərbaycan
xalqına və dövlət başçısına nəsib
oldu. Medalların qaliblərə təqdim olunmasını izləyən
hər kəs ölkə başçısının və
ailəsinin sevinclərini duymaya bilməzdi”.
I
Avropa Oyunları xalqımızın sülhpərvər,
tolerant, qədim mədəniyyətə və zəngin mənəviyyata
malik olduğunu da göstərən möhtəşəm bir
idman layihəsini təsdiqləməkdədir. Paytaxtın gəzməli
və görməli məkanlarını ziyarət edən
turistlərin fikirləri bir daha bunu sübut edir.
Portuqaliyalı turist Rikardo
Bento: “Bakı çox
gözəl şəhərdir.
Şəhərinizi çox bəyəndim,
xüsusi ilə arxitekturasını. Paytaxtınız müasirdir, həm də yeni binalarla
köhnələrin sintezi
çox xoşuma gəldi. Mətbəxiniz haqqında nələri
demək olmaz ki?! Şərqlə Qərb mətbəxinin
burada eyni dərəcədə sevildiyinin
şahidinə çevrildik.
Azərbaycan mətbəxinin yeməklərindən
ağzımız dada gəlib”.
Şəhər gəzintisinə çıxmış
rusiyalı idmançılar
da Bakını heyranlıqla seyr etdiklərini və çox bəyəndikərini
gizlətmədilər. Fyodor Vlasov
qrupun adından bunları söylədi: “Azərbaycan xalqı təbiiliyi sevirmiş. Xörəklərinizdə də
bunu hiss etdirirsiniz. Kabablardan doymaq mümkünmü, ya da şah plovu
və üstündə
də aş qarasından?! Gedirik “Manqal” restoranına.
Bakıya gələsən, burada kabab yeməyib
qayıdasan?! Bu, mümkün
deyil! Ölkəniz haqqında təəssüratı
Oyunlara möhtəşəm
hazırlığınızla yanaşı, şəhərinizin
unikallığı, mətbəxinizin
zənginliyi, xörəklərinizin
dadlı olması ilə də yaradırsınız”.
Norveçdən olan Makine Streeqle, Hindistandan gəlmiş Vidi Kumar, eləcə də latviyalı, malayziyalı,
isveçrəli, avstriyalı
turistlərin və idmançıların fikirlərində
Bakının tarixlərin
və mədəniyyətlərin
qovuşduğu bir şəhər olması öz təsdiqini tapır: şəhər çox gözəldir, Xəzər dənizi, Qız qalası, İçərişəhər adamı heyran edir. Hətta paytaxtın küçələrinin
genişliyinə və
rahatlığına baxmayaraq,
avtomobillə dolu olduğu da diqqət çəkir, insanlar şən əhval-ruhiyyədədir. Bakı həm də gənclik şəhəri
və Avropa Oyunlarının paytaxtı
kimi də qəbul edilir.
Oyunların ölkəmizi bürüyən
şənlik növrağı
dünyaya səs salıb. Avropa Oyunlarının məşəli nəinki
ölkəmizi, dünyanı
nura qərq etdi. Qısa zaman içərisində
belə inkişaf və təntənəyə
layiq olduğumuzu sübut etmək fürsəti qazandıq.
Oyunların istər iştirakçıları,
istər azarkeşləri,
istərsə də ölkəmizi turist kimi ziyarət edən xaricilərin fikirləri forma müxtəlifliyi
daşısa da, məzmunca eynidir: Bakı baş ziyarətgaha çevrilib,
I Avropa Oyunlarının
iştirakçıları və paytaxtın əcnəbi qonaqları onun tairixi ilə
buğunkü növrağına
heyran qalıblar.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2015.-25 iyun.- S.6.