Almaniyanın “deutsches-sportabzeichen.de”
saytı I Avropa
Oyunlarında görmə qüsurlu
cüdoçuların iştirakından yazır
Almaniyanın “deutsches-sportabzeichen.de” saytı oxucuların diqqətini I Avropa Oyunlarında görmə qüsurlu cüdoçuların çıxış edəcəyi faktına yönəldib.
Saytda bununla bağlı yayılmış məqalədə I Avropa Oyunlarının paralimpiyaçıların da iştirak etdiyi ilk multi-idman tədbiri olacağı qeyd olunur. Yazıda almaniyalı cüdoçu, ikiqat paralimpiya çempionu Ramona Brussiqin açıqlamasına yer verilib. O, görmə qabiliyyətini ümumiyyətlə, itirmiş və ya zəif görən idmançıların ilk dəfə olaraq bu cür böyük miqyaslı tədbirdə iştirak edəcəklərini yüksək qiymətləndirib.
Müəllif yarışlarda iştirak edəcək Azərbaycanın ikiqat paralimpiya çempionu, görmə qüsurlu İlham Zəkiyevdən də bəhs edib.
Ramona Brüssiqin məşqçisi Stefan Saueressiq cüdoda gözlərin o qədər də vacib olmadığını, daha vacib olanın lazımi vaxt instinktiv olaraq düzgün hərəkətlər etmək olduğunu vurğulayıb. Stefan Saueressiq Bakı barədə təəssüratlarını da bölüşüb: “Bakı möhtəşəm şəhərdir. Mən bir neçə il əvvəl də bu şəhərdə olmuşdum. Bu dəfə Bakı məni daha çox heyran etdi”.
AZƏRTAC
Azərbaycan.-2015.-25 iyun.- S.7.