İdmançılarımız ümidləri doğruldurlar
“Bakı-2015” I Avropa Oyunlarının başa çatmasına 2 gün qalır. Bakida keçirilən yarışların hər günü tarixə qızıl hərflərlə yazılmaqda davam edir. Dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan Respublikası Avropa Oyunlarına ən yüksək formada evsahibliyi etməklə bir daha istənilən beynəlxalq idman yarışlarını, hətta Yay Olimpiya Oyunlarını keçirməyə qadir olduğunu sübut etdi.
Azərbaycan adını Avropa Olimpiya hərəkatının tarixinə yazdırmaqla yeni uğura imza atdı. Bu, ölkəmizin, Azərbaycan xalqının qələbəsi deməkdir. Azərbaycanın birinci xanımı, “Bakı 2015”in Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva hələ Avropa Oyunlarının açılış mərasimində bu fikri xüsusi olaraq vurğulamışdı: “Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır!”
Avropa Oyunlarının standartlarını müəyyənləşdirən Azərbaycan dövləti bir daha dünya idman hərəkatının öncüllərindən olduğunu göstərdi. Azərbaycan idmançıları isə yarışlardakı uğurlu çıxışları, parlaq qələbələri ilə öz adlarını bu şanlı tarixə qızıl hərflərlə yazdırır və missiyalarını uğurla davam etdirərək ümidləri doğruldurlar. Qazandıqları hər bir qələbə, əldə etdikləri medallar dünya azərbaycanlılarını qürurlandırır.
Əvvəllər Yay Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında çıxış edən Azərbaycan atletlərini idmanın güləş, boks, cüdo, ağırlıqqaldırma növlərində favoritlərdən hesab edirdilərsə, Avropa Oyunlarının gedişatında bu fikir dəyişdi. Çünki Azərbaycan idmançıları taekvondo, bədii, batut və idman gimnastikası, qılıncoynatma yarışları, triatlon, avarçəkmə, voleybolda da öz uğurlu çıxışları ilə yadda qaldılar. Qazanılan medalların sayı idmançılarımızın “Bakı-2015”in favoritlərindən olduqlarını təsdiqlədi.
Etiraf edilməlidir ki, heç kim Azərbaycan atletlərinin Avropa Oyunlarında bu qədər medal qazanacağını gözləmirdi. Proqnozlara, təxmini hesablamalara görə, idmançılarımızın 20-25 medal qazanacaqları söylənilirdi. Bu gün isə Azərbaycan atletləri uğurlu çıxışları ilə medal qazanmaqda davam edirlər. Hesablamalar göstərir ki, atletlərimizin qazanacaqları medalların sayı ən azı 50 olacaq. Bu isə Azərbaycan idmanı tarixində yeni rekord hesab olunur.
Hər gün şanlı qələbələriylə xalqımızı sevindirən atletlərimizin Milli Olimpiya Komitəsinin (MOK) təşkil etdiyi “Zəfər Günləri”ndə söylədikləri fikirlər onu deməyə əsas verir ki, Avropa Oyunlarında qazanılan medallar idmançılarımızın gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına daha ciddi hazırlaşmaları üçün əlavə məsuliyyət hissi yaradır.
Avropa Oyunlarında əyarından asılı olmayaraq, medal qazanan atletlərimizin hər birinin arzusu Olimpiya Oyunlarının iştirakçısı olmaq və vətənə medalla dönməkdir. İnanırıq ki, Azərbaycanın ən yüksək səviyyədə evsahibliyi etdiyi Avropa Oyunlarında medal qazanan idmançılarımız qarşıdan gələn Yay Olimpiya Oyunlarında da ümidləri doğruldacaqlar. Azərbaycan dövlətinin idmana göstərdiyi diqqət və qayğı da bunu deməyə əsas verir.
İdmançılarımızın uğurları yetişməkdə olan gənc nəsildə idmana marağı daha da artırır və valideynlər övladlarının sağlam ruhda böyümələri, dövlətimizin bayrağını yüksəltmələri üçün onlara dəstək olurlar. Avropa Oyunları başlandığı gündən Milli Olimpiya Komitəsində təşkil olunan və bayrama çevrilən “Zəfər Günləri”ndə övladlarının qazandıqları şanlı qələbələrin sevinc hisslərini bölüşməyə gələn valideynlər idmançılarımıza göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirlər.
Dünən Milli Olimpiya Komitəsinə dəvət olunan medalçılarımızın valideynləri “Zəfər günləri”ndə bir daha ürək sözlərini söyləyib, yarışlarda iştirak edən idmançılarımıza uğurlar arzuladılar.
Mərasimdə MOK-un İcraiyyə Komitəsinin üzvü Zərifə Salahova, Olimpiya çempionu Zemfira Meftahətdinova, karate üzrə yığmamızın baş məşqçisi Rəhman Hətəmov və boks üzrə 56 kq çəki dərəcəsində bürünc medal qazanan Tayfur Əliyev də iştirak edirdi.
Çıxış edən karate üzrə yığmamızın baş məşqçisi Rəhman Hətəmov Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu bildirərək idmançıların valideynlərinə təşəkkür etdi: “Çox sağ olun ki, ölkəmizə qələbə sevinci yaşadan belə övladlar yetişdirmisiniz. Bunun özü də qəhrəmanlıqdır. Biz məşqçilər çalışacağıq ki, bundan sonra da güclü idmançılar yetişdirək və daim Azərbaycan xalqını sevindirək”.
Sonra Avropa Oyunlarında medal qazanan idmançılarımızın valideynlərinə MOK-un hədiyyələri təqdim olundu və onlar iştirakçılarla sevinclərini bölüşdülər.
Yunan-Roma güləşi üzrə qızıl medalçı Rəsul Çunayevin atası Həmzət Çunayev, karate yarışlarında Avropa Oyunlarının çempionu olan Firdovsi Fərzəliyevin atası Rəfi Fərzəliyev, Avropa Oyunlarının bürünc mükafatını qazanan Elman Muxtarovun atası Coşqun Muxtarov çıxış edərək bildirdilər ki, övladlarının “Bakı-2015”də çıxışları hər bir azərbaycanlı kimi, onları da fərəhləndirir, qürurlandırır. Valideynlər övladlarının gələcək beynəlxalq yarışlarda da bayrağımızı yüksəklərdə dalğalandıracaqlarına əmin olduqlarını vurğuladılar.
Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev keçirdiyi sevinc hisslərini belə, ifadə etdi: “Mən ilk növbədə, Avropa Oyunlarında iştirak etdiyim üçün çox xoşbəxtəm. Çünki ilk dəfə, özü də vətənimdə keçirilən bu beynəlxalq yarışda iştirak edirdim. İllər ötəcək, amma tarix boyu ilk Avropa Oyunları yadda qalacaq, fərqli hisslər olacaq. Özümü şanslı sayıram. Medal qazandım. Düzü döyüşə gəldikdə, çıxışımdan çox da razı qalmadım. Bu da təcrübəsizlikdən irəli gəldi. Rəqibin güclü olması mənim üçün problem deyildi. Amma çox təcrübəli idi. Bütün görüşlərimi izləmişdi, mənə qarşı necə döyüşməli olduğunu bilirdi. Yalnız kəllə vurmaqla, dirsək atmaqla məni zədələyə bilərdi. Bunu da bacardı. İkinci dəfə qaşım çapıldı. Təcrübə çatışmazlığı oldu. Gələn görüşlərdə ona qarşı daha yaxşı döyüşüb, qələbə qazanacağam”.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.- 2015.- 26 iyun.- S. 1.