“Biz
hərb istəmirik, hərbə hazırıq”
Bu gün Azərbaycan Ordusunun yaradılmasından 97 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə yaradılmış milli ordumuz yalnız 1920-ci ilin aprelinədək mövcud olsa da, 1991-ci ilin sonunda Azərbaycan siyasi müstəqilliyini bərpa etdikdən sonra çətin, lakin şərəfli inkişaf yolu keçmişdir. Bu yolun müəllifi və qurucusu isə ulu öndər Heydər Əliyevdir. Məhz ümummilli liderin 1993-cü ildə xalqın tələbi və seçimi ilə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda siyasi hakimiyyətin sükanı arxasına keçməsindən sonra bütün sahələrdə, o cümlədən ordu quruculuğunda yeni dövr başladı.
Bu həmin illər idi ki, Azərbaycan Ermənistanın silahlı təcavüzünə məruz qalmışdı, ərazilərimiz bir-birinin ardınca işğal olunurdu. Arxalı düşmənin qarşısına isə vahid komandanlığı olmayan, əsasən könüllülərdən ibarət “batalyon” adlanan, əslində isə savaş təcrübəsini və taktikasını döyüşlərdə qazanan, bəzən buna da macal tapmayan dəstələr çıxırdı. İndi həmin dəstələrin üzvlərinin bir qismi ölkənin hər yaşayış məntəqəsinə səpələnmiş şəhidlər xiyabanlarında uyuyurlar. Onların Vətəni müdafiə etmək kimi başladıqları müqəddəs işi isə bu gün nəinki regionun, hətta dünyanın ən mobil və ən döyüşqabiliyyətli ordularından sayılan Azərbaycanın Silahlı Qüvvələri şərəf və cəsarətlə davam etdirir. Tam əminliklə demək olar ki, Silahlı Qüvvələrimizin bu səviyyəyə yüksəlməsinin ilkin səbəbi ulu öndər Heydər Əliyevin 22 il əvvəl ordu quruculuğunda başladığı əvəzsiz işlər və həmin işlərin hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıllıq və prinsipiallıqla davam etdirilməsidir.
Bəs, ordumuz
1998-ci ildən qeyd olunan
Azərbaycanın Silahlı Qüvvələri gününü hansı göstəricilərlə
qarşılayır? Öncə müasir
maddi-texniki bazası və yüksək döyüş hazırlığı ilə.
Məhz bunun sayəsində Azərbaycanın
Silahlı Qüvvələri Cənubi Qafqazın ən qüdrətli
ordusuna çevrilib, döyüş qabiliyyətinə görə
MDB-də ön sıralardadır. Bu da təsadüfi deyil.
1988-ci ildən - hələ keçmiş
SSRİ dövründən başlanan və
bugünəcən çözülməyən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
ölkəmizi öz müdafiə qabiliyyətini
daim gücləndirməyə,
düşmənin bütün təxribatlarının
vaxtında və qətiyyətlə qarşısını almaq üçün
hazır olmağa məcbur edir. Bu gün
danılmaz faktdır ki, Azərbaycan Ordusu nəinki bu vəzifənin
öhdəsindən gəlməyə, hətta işğal olunmuş ərazilərimizi
qısa müddətdə azad etməyə
qadirdir. Silahlı Qüvvələrimizin bu həlledici addımı
atmamağının yeganə səbəbi Azərbaycanın
münaqişəni danışıqlar yolu
ilə qansız-qadasız həll etmək istəyidir. Təəssüf
ki, qarşı tərəf - Ermənistan
bunu hələ anlamaq
istəmir və vaxtı uzatmaqda davam edir.
Amma vaxt Azərbaycanın, o cümlədən ordumuzun xeyrinə işləyir. Çünki ötən hər gün, hər ay Silahlı Qüvvələrimizin güclənməsi deməkdir. Cənab İlham Əliyevin hələ prezidentliyinin ilk dövründə Azərbaycanın hərbi büdcəsinin Ermənistanın bütünlükdə dövlət büdcəsindən çox olacağını dediyi fikirlər artıq reallıqdır. Bu gün ölkəmizin 7,5 milyard dollarlıq hərbi büdcəsi Ermənistanın 2015-ci il üçün proqnozlaşdırdığı dövlət büdcəsindən hətta kifayət qədər çoxdur. Nəzərə alsaq ki, ordumuzun 2003-cü ildə büdcəsi cəmi 135 milyon dollar idi, onda zamanın Azərbaycana işləməsinin quru söz deyil, qürurlu həqiqət olduğu bir daha aydın olar.
İndi Silahlı Qüvvələrimizin sərəncamında 152 mm-lik “Msta-S”, 120 mm-lik “Vena” özüyeriyən artilleriya qurğuları, 122 mm-lik “Sakarya” reaktiv yaylım atəşi sistemləri, 120 mm-lik “Sani” minaatan kompleksləri, 220 mm-lik TOS-1 A reaktiv qurğuları, yeni növ döyüş sursatları, müxtəlif təyinatlı təmir və komanda müşahidə maşınları var. Hissə və bölmələr müasir T-90 S, BMP-3, BTR-82 A zirehli-tank texnikaları, müxtəlif təyinatlı təmir-təxliyə maşınları və tədris trenajorları ilə təmin olunub. Eyni zamanda Azərbaycanın özünün çox güclü müdafiə sənayesi kompleksi yaradılıb və həmin kompleksin müəssisələrində ordumuza lazım olan bir sıra döyüş texnikaları və sursatları istehsal edilir.
Ali Baş Komandanın tapşırığı ilə 2015-ci il Silahlı Qüvvələrdə “Döyüş hazırlığı ili” elan olunub. Bununla bağlı Müdafiə Nazirliyi planlı şəkildə, mərhələlərlə tədbirlər həyata keçirir. Həm struktur, həm də kadrlar baxımından həyata keçirilən bu tədbirlərin məqsədi hər bir hərbi qulluqçunun tutduğu vəzifədən asılı olmayaraq öz yerində tapşırıqları yüksək səviyyədə yerinə yetirməsinə qadir olmasını və vəzifələrini döyüş şəraitinə uyğun bacarmasını təmin etməkdir. Bunlardan əlavə, həmin tədbirlər çərçivəsində bütün qərargahlarda və idarəetmə məntəqələrində şəxsi heyətin biliyi, bacarığı, təcrübəsi və vərdişləri təkmilləşdirilir. Döyüş hazırlığının isə çöl şəraitində,o cümlədən müəyyən hissəsinin gecə vaxtı, özü də döyüş şəraitinə uyğun keçirilməsinə üstünlük verilir. Bununla əlaqədar Silahlı Qüvvələrin bütün birlik və birləşmələrində, Naxçıvan MR-də yerləşən Əlahiddə Ümumqoşun Ordusunda, habelə Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, tank, artilleriya, kəşfiyyat, mühəndis-istehkam hərbi hissələrində, Xüsusi Təyinatlı Qüvvələrdə gündüz və gecə şəraitində müxtəlif səviyyəli irimiqyaslı təlimlər keçirilir.
Ordumuzun şəxsi heyəti həmçinin beynəlxalq təlimlərdə də fəal iştirak edir. Xüsusən Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun bölmələri ilə birgə keçirilən belə təlimlər əsgər və zabitlərimizin döyüş təcrübəsini artırır, onlarda ən mürəkkəb tapşırıqların belə, uğurla icra edilməsi vərdişini formalaşdırır. Ötən ilin noyabrında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan hərbçilərinə məxsus Mi-24 döyüş helikopterinin məhv edilməsi, döyüşlərdə canlı qüvvə sarıdan xeyli sayda itki verən Ermənistan silahlı qüvvələrinin təxribat törətmək planlarının darmadağın olunması və digər bu kimi hallar əsgərlərimizin məhz belə təlimlərdə döyüş vərdişlərinə məharətlə yiyələnmələrinin nəticəsidir.
“Azərbaycan Ordusu gündən-günə güclənir. Azərbaycanda ordu quruculuğu prosesi çox uğurla gedir və bu bizə imkan verir ki, hərbi gücümüzü artıraq. Ordu quruculuğu hər bir ölkə üçün çox önəmli məsələdir. Xüsusilə müharibə şəraitində yaşayan ölkə üçün bu, prioritet olmalıdır. Bu, belədir və Azərbaycanda ordu quruculuğu ən prioritet məsələdir... Orduda peşəkarlıq artır, döyüş qabiliyyəti artır, ruh yüksəkliyi vardır. Eyni zamanda ordumuzun maddi-texniki bazası möhkəmlənir”. Ali Baş Komandan İlham Əliyevdən gətirdiyimiz bu sitat bir daha sübut edir ki, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi ən yüksək səviyyədə dövlətin xüsusi nəzarətindədir. Və nə qədər ki, Dağlıq Qarabağ və ətraf rayonlar işğaldan azad olunmayıb Azərbaycan əsgəri bunun sayəsində qəsbkarın yuxusuna haram qatacaq, Ali Baş Komandanın dediyi kimi, “düşmənin ayağının altında torpaq od tutub yanacaq”.
Gələcək Qələbəniz-bayramımız mübarək, Vətən müdafiəçiləri!
Raqif MƏMMƏDOV,
Azərbaycan.- 2015.- 26 iyun.- S. 4.