Bunyatova bacılarının zəfəri

 

Azərbaycanlı qılıncoynadanlar əvvəllər də bir çox mötəbər yarışların qalibi olmuşlar. Təkcə Olimpiya çempionları - rapiraçılar İlqar Məmmədov və  Boris Koretski, sablya ustaları - dünya çempionu Yelena JemayevaAvropa çempionu,  beynəlxalq yarışların qalibi  Samir İbrahimovun yaxın keçmişdə qazandığı qələbələr hələ də yaddaşlardan silinməyib. İndi də ölkəmizdə digər idman növlərində olduğu kimi, qılıncoynadanlara da dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Elə bu səbəbdən son illər gənc və perspektivli sablyaçılarımız, rapiraşpaqa ustalarımız beynəlxalq yarışlarda uğurlu nəticələr əldə edirlər.

Dünən I Avropa Oyunları çərçivəsində keçirilən qılıncoynatma yarışlarında sablyaçılarımızın qazandığı uğur bunu bir daha təsdiq edir.

Qadın sablyaçıların yarışlarında ölkəmizi Sevil Bunyatova, Sevinc Bunyatova, Sabina Mikina və Fatimə İbrahimova təmsil ediblər. Qrup mərhələsində birinci yeri tutan Mikina 1/8 final mərhələsinə vəsiqə qazanıb. Burada onun rəqibi rusiyalı Yana Obvintseva idi. Gərgin mübarizə şəraitində keçən görüş rəqibin qələbəsi ilə başa çatmışdır - 15:13.

Fatimə İbrahimova isə yer aldığı qrupda 3 qələbə qazanaraq 1/16 final görüşündə italiyalı Rebekka Qarqano ilə üz-üzə gəlmişdir. Bu qarşılaşmadan məğlub ayrılan sablyaçımız medallar uğrunda mübarizədən kənarda qalmışdır.

Əvəzində isə SevilSevinc Bunyatova bacıları azərbaycanlı idmansevərləri uğurlu çıxışları ilə sevindirmişlər. Qrupdakı bütün görüşlərini qələbə ilə başa vuran Sevinc Bunyatova 1/8 final görüşündə, Fatimə İbrahimovanı mübarizədən kənarlaşdırmış Rebekka Qarqanonu 15:7 hesabı ilə məğlubiyyətə uğratmışdır. 1/4 finalda isə Sevinc ukraynalı sablyaçı Alina Komaşşukdan üstün olmuşdur - 15:11. Lakin idmançımız yarımfinal səddini keçə bilməmişdir və polşalı qılıncoynadan Anjelika Vatora məğlub olaraq I Avropa Oyunlarının bürünc medalını qazanmışdır.

Sevil Bunyatova isə yer aldığı qrupda keçirdiyi 5 oyundan 4-də qələbə qazanaraq 1/8 final mərhələsində rusiyalı Mariya Rideli 15:9 hesabı ilə məğlub etmişdir. 1/4 final görüşündə yunanıstanlı sablyaçı Vasiliki Voyukaya 15:12 hesabı ilə qalib gələn Sevil yarımfinala vəsiqə qazanmışdır. Bu mərhələdə Azərbaycan idmançısı fransalı Marqo Rifkislə  üz-üzə gəlmiş və muşketyorlar ölkəsinin təmsilçisini 15:9 hesabı ilə məğlub etmişdir. Finalda Sevil Bunyatovanın rəqibi təcrübəli Anjelika Vator idi. Görüşün sonlarına yaxın 13:11 hesabı ilə irəlidə olan sablyaçımız yekunda məğlubiyyətlə barışmalı olmuşdur - 11:15. Buna baxmayaraq, Sevil Bunyatovanın I Avropa Oyunlarının gümüş medalını qazanması,  bacısı Sevinc Bunyatovanın isə bürünc medala yiyələnməsini sablyaçılarımızın böyük uğuru hesab etmək olar.

 

Rizvan HİLALOĞLU,

 

Azərbaycan.- 2015.- 26 iyun.- S. 5.