Dünya mətbuatı “Bakı-2015” birinci Avropa
Oyunlarını işıqlandırmaqda davam
edir
Dünyanın
müxtəlif ölkələrinin mətbu orqanları
“Bakı-2015” birinci Avropa Oyunlarını
işıqlandırmaqda davam edir.
AZƏRTAC
xəbər verir ki, xarici mətbuatda birinci Avropa
Oyunlarının gedişi ilə bağlı gündəlik
olaraq informasiyalar, reportajlar, məqalələr və
fotosessiyalar yerləşdirilir.
Böyük Britaniyanın “Ibtimes” portalı “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı geniş reportaj yayıb. Videoreportajda Avropa Oyunlarının əhəmiyyəti, atletlər üçün yaradılan şərait və qazanılan uğurlardan bəhs edilir, britaniyalı idmançıların müsahibələrinə yer verilir.
İsveçrənin “Neue Zürcher Zeitung” nəşrinin (“Yeni Sürix qəzeti”) internet versiyasında Valentin Otterlinin “Avropa Oyunlarından Olimpiya Oyunlarına doğru” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə deyilir ki, Oyunların qüsursuz təşkil edilməsi dövlət başçısının məqsədi olub və Azərbaycanda bu məqsədə vəsait əsirgəməyiblər. Bildirilir ki, birinci Avropa Oyunlarına ev sahibliyi etmək gənc müstəqil dövlətin arzusu olub və indi burada yeni arzu ilə yaşayır, Olimpiya Oyunlarını qəbul etməyə ümid bəsləyirlər.
Fransanın “Challenges” portalı “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində keçirilən sambo yarışları haqqında məqalə yayıb. “Avropa Oyunları: təkbətək mübarizə sənəti” adlı məqalədə müəllif sambonun indiyədək Olimpiya idman növləri sırasında olmadığını qeyd edir. Əlavə edir ki, Bakıda ilk dəfə olaraq bu idman növü Olimpiya statusu qazanıb.
İtaliyanın “La Provincia di Cremona” xəbər saytında “Bakı-2015” çərçivəsində keçirilən üzgüçülük yarışlarından bəhs olunur. Bildirilir ki, Avropa qitəsinin çoxnövlü idman yarışı olan Avropa Oyunları ilk dəfə Azərbaycanda keçirilir. Bu yarışların dörd ildən bir təşkili nəzərdə tutulub. Oyunlar çərçivəsində möhtəşəm Bakı Su İdmanı Sarayında üzgüçülük idman növü üzrə yarışlar da həyəcanla izlənilir.
Fransa mətbuatında da “Bakı-2015” birinci Avropa Oyunları geniş işıqlandırılır. “Equipe21” və “BFM” televiziyaları hər gün Bakıdan bir neçə saat canlı yayım həyata keçirir. Bundan əlavə, xəbər və idman proqramlarında yarışlar geniş təhlil olunur.
“Pakistan in the World” qəzetində ilk Avropa Oyunları haqqında dərc olunan məqalədə müəllif Azərbaycanın belə möhtəşəm tədbirlərin təşkili və yüksək səviyyədə keçirilməsində böyük təcrübəsinin olduğunu vurğulayır.
Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının rəsmi saytında birinci Avropa Oyunları çərçivəsində keçirilən bodibildinq yarışları barədə məqalə yerləşdirilib. Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyi bildirilən məqalədə Azərbaycan “cənnətin bir guşəsi” adlandırılıb. Ölkədəki qonaqpərvərliyi xüsusi qeyd edən müəllif bodibildinq yarışlarının gedişindən yazaraq maraqlı fotosessiyaya da yer verib.
Reuters informasiya agentliyinin məqaləsində 3x3 basketbolun müsbət imicindən bəhs olunur və onun Avropa Oyunlarına daxil edilməsi yüksək qiymətləndirilir.
Perunun “peru.com” saytında
“Bakı-2015” birinci Avropa
Oyunları ilə bağlı maraqlı fotosessiya
yerləşdirilib. Saytda, həmçinin
Bakı şəhəri ilə bağlı kiçik
arayış da təqdim olunur.
Bildirilir ki, Bakı bu beynəlxalq yarışa ev
sahibliyi edən ilk
şəhərdir.
Azərbaycan.- 2015.- 26 iyun.- S. 7.