Naxçıvanda
Azərbaycan Silahlı Qüvvələrinin
yaradılmasının 97-ci ildönümü
qeyd edilib
Şahbuz rayonundakı “N” hərbi hissədə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik Mirqiyas Rüstəmov bayram münasibətilə əsgər və zabitləri təbrik edərək bildirib ki, müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan ordusunun yaradıcısıdır: “1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi vəziyyətlə üzləşmişdi. Ölkədəki ağır vəziyyət, xaos və özbaşınalıq ordu siyasəti sahəsində də özünü göstərmişdi. Səriştəsiz rəhbərlərin bacarıqsızlığı ucbatından silahlı birləşmələr daxili siyasi mübarizəyə cəlb olunmuş, ayrı-ayrı şəxslərə və siyasi qruplara xidmət edən silahlı dəstələrə çevrilmişdi. Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılmışdı. Ulu öndər ordu quruculuğuna hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən başlamışdı”.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun layiqli davamçısı, ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Güclü ordu yaradılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da, sözün həqiqi mənasında, düşmən qarşısında alınmaz qalaya çevrilib. Hərbi hissələr üçün onlarla yeni binalar - əsgəri məişət-yaşayış kompleksləri, müxtəlif təyinatlı obyektlər tikilib istifadəyə verilib. Bu hərbi hissələrin texniki arsenalının təminatı da dəfələrlə yaxşılaşdırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əməkdaşı Qabil Vəliyev və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, şairlərdən Həsənalı Eyvazlı, Elxan Yurdoğlu, Qanun Ümman və Zeyqəm Vüqar vətənin keşiyini çəkən əsgərləri təbrik edib, onlara hərbi xidmətdə uğurlar arzulayıb, vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.
Tədbirdə Naxçıvan Dövlət Filarmoniyası solistlərinin ifaları əsgərlər tərəfindən alqışlarla qarşılanıb.
Elxan MƏMMƏDOV,
Azərbaycan.- 2015.- 26 iyun.- S. 9.