Şabranda “Xaqani
poeziya günləri” keçirilib
“Ölkəmizdə ədəbiyyata və mədəniyyətə xüsusi diqqət göstərildiyi hər kəsə bəllidir. Bu ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən bu günə qədər ədəbiyyat və mədəniyyət sahəsinə göstərilən tükənməz dövlət qayğısı da ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətinin davamıdır”.
Bu fikirlər artıq 4-cü ildir ki, Şabranda keçirilən “Xaqani poeziya günləri”ndə səslənib. Öncə tədbir iştirakçıları klassik Azərbaycan poeziyasının banilərindən olan Xaqani Şirvaninin abidəsi önünə tər çiçək dəstələri düzüblər. Daha sonra Şabran “Xaqani poeziya evi”ndə xarici və yerli yazarların kitablarından ibarət sərgiyə baxış keçirilib.
Tədbiri giriş sözü ilə açan rayon mədəniyyət və turizm şöbəsinin müdiri Əhməd Səmədov qeyd etdi ki, hazırda bütün dünyanın diqqəti, nəzərləri yenidən Azərbaycana dikilib. “Yüksək səviyyədə davam edən ilk Avropa Oyunlarının möhtəşəm açılışı da məhz ədəbi-bədii kompozisiyanın nümayişi ilə oldu. Dahi Nizaminin əsərlərindən ibarət kompozisiya bütün dünyaya səs saldı. Bu da təsadüfi deyildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Nizaminin bütün fəlsəfəsinin mərkəzində varlığın ali dəyəri, mənəvi zənginliyin və biliklərin tükənməz mənbəyi kimi insan durur”.
Bu gün də ənənəyə sadiq qalaraq yenə də “Xaqani poeziya evi”nə - sözün işığına toplaşdıqlarını deyən yazıçı-publisist Aydın Tağıyev, “Şabran” Ədəbi Məclisinin sədri Qafar Süleyman, “Xaqani poeziya evi”nin müdiri şair Aybəniz Əliyar rayon yazarları adından ədəbiyyata göstərilən diqqət və qayğıdan, yaradılmış yüksək şəraitdən razılıqlarını bildirdilər. Sonra yerli yazarlar yeni yazdıqları şeirlərini oxudular.
Tədbirə qonaq qismində qatılan Elçin Hüseynbəyli, Tofiq Nurəli, Səlim Babullaoğlu, Nəcməddin Mürvətov və Sabir Zöhramlı Xaqani yaradıcılığının Azərbaycan ədəbiyyatındakı rolundan geniş söhbət açdılar.
Tədbirə yekun vuran Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov vurğuladı ki, Azərbaycan xalqı əlamətdar günlərini yaşayır: “Odlar Yurdunun işığı bütün dünyaya yayılıb. Azərbaycan çox möhtəşəm tarixi keçmişə sahibdir və bu tarixin bir hissəsi də qədim yurd yeri olan Şabranla bağlıdır. Şabranın tarixinə ən böyük qiyməti verən ümummilli lider Heydər Əliyevin tapşırığı ilə 1979-cu ildə burada arxeoloji tədqiqatlara başlanıb. Ulu öndərin imzaladığı sərəncama əsasən Şabran şəhəri tarixi qoruq elan olunub. Şabrana səfərləri zamanı tarix-diyarşünaslıq muzeyinin açılışında iştirak edən Prezident İlham Əliyev də rayonun qədimliyini qeyd etmiş, bu tarixin daha dərindən öyrənilməsinin vacibliyini bildirmişdir. Bu məqsədlə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu “Şabran: dünəndən bugünə və sabaha” adlı beynəlxalq elmi-praktik konfrans keçirib”.
Mərasimin sonunda Xaqaninin qəzəlləri səsləndirilib.
Akif
ƏLİYEV,
Azərbaycan.- 2015.- 26 iyun.- S. 10.