Təhsil Nazirliyində mükafatlandırma mərasimi olub

 

Prezident İlham Əliyevin 2015-ci il 18 iyun tarixli Sərəncamı ilə Bakı Slavyan Universitetinin professoru Lidiya Qranovskaya “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, iyunun 25-də Təhsil Nazirliyində yüksək mükafatın sahibinə təqdimedilməsi mərasimi olub.

Mərasimdə təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin təhsilə və təhsil işçilərinə daim böyük diqqət və qayğı göstərdiyini vurğulayıb.

Ölkəmizdə təhsilin inkişafına xüsusi önəm verildiyini vurğulayan nazir yüksək mükafata layiq görüldüyünə görə professor L.Qranovskayanı təbrik edərək deyib: “Siz bütün həyatınızı, fəaliyyətinizi təhsilə həsr etmisiniz. Bacarıqlı mütəxəssislərin hazırlanması və rus dilinin tədqiqi sahəsində xidmətlərinizə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə yüksək fəxri ada layiq görülmüsünüz. Səmərəli fəaliyyətinizdə sizə yeni nailiyyətlər arzulayırıq”.

Yüksək mükafata görə minnətdarlığını bildirən professor L.Qranovskaya bütün fəaliyyətini bundan sonra da təhsilə həsr edəcəyini vurğulayıb.

Sonra M.Cabbarov L.Qranovskayaya “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin  Sərəncamını oxuyub, “Əməkdar elm xadimi” fəxri adının nişanı və vəsiqəsi L.Qranovskayaya təqdim edilib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 26 iyun.- S. 11.