Azərbaycanın gənclər və idman naziri Macarıstanın insan resursları naziri ilə görüşüb

 

İyunun 25-də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Macarıstanın idman, turizm və digər sahələri özündə birləşdirən insan resursları naziri Zoltan Baloqla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə “Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili, idmançılar və jurnalistlər üçün yaradılan hərtərəfli şərait haqqında danışılıb.

Azad Rəhimov birinci Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən, onun Avropanın idman həyatına verəcəyi töhfələrdən bəhs edib, Azərbaycan və Macarıstan idmançılarının həmişə beynəlxalq yarışlarda yüksək nəticələr əldə etdiklərini diqqətə çatdırıb. Nazir birinci Avropa Oyunlarında iştirak edən macarıstanlı idmançılara uğurlar arzulayıb.

Nazir Zoltan Baloq ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinin Oyunlara ciddi hazırlıq işlərinin aparılmasının nəticəsi olduğunu qeyd edib. O, macarıstanlı idmançıların yarışlarda əldə etdikləri uğurlardan məmnunluğunu bildirib, onların daha çox medalla geri dönəcəklərinə ümid etdiyini bildirib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 26 iyun.- S. 11.