Mədəniyyət
və turizm naziri Neftçala rayonunun mədəniyyət
müəssisələrinin vəziyyəti ilə
tanış olub
İyunun
24-də Neftçalada rayonunda vətəndaşlarla
görüşən mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev qəbuldan sonra rayondakı mədəniyyət
müəssisələrinin vəziyyəti ilə
tanış olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə rayon Mərkəzi Kitabxana Sisteminə gələn nazir buradakı iş şəraiti, kitabxanaya oxucuların cəlb olunması, yeni nəşrlərlə təminat və digər məsələlərlə maraqlanıb.
Sonra Ə.Qarayev rayon Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkib. Nazirə məlumat verilib ki, muzey binasının əsaslı təmirə və yenidənqurmaya ehtiyacı var. Bildirilib ki, bina yaxşı vəziyyətdə olmadığı üçün muzeyin eksponatları müvəqqəti olaraq Xanoğlan Məmmədov adına Neftçala şəhər Mədəniyyət və İncəsənət Sarayında yerləşdirilib. Əbülfəs Qarayev muzey binasında təmir və yenidənqurma işlərinin aparılması üçün müvafiq tədbirlərin görüləcəyini söyləyib.
Şəhər Mədəniyyət və İncəsənət Sarayına gələn nazir buradakı vəziyyətlə maraqlanaraq müvafiq tapşırıqlarını verib. Binada yerləşdirilmiş Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarına baxış keçirilib. Qeyd olunub ki, 16 mindən çox eksponatı olan muzeyin müasir ekspozisiya zalının qurulmasına ehtiyac var.
Mədəniyyət və İncəsənət Sarayında yerləşən Neftçala Dövlət Rəsm Qalereyası ilə də tanış olan nazirə məlumat verilib ki, burada 100-ə yaxın əsər nümayiş etdirilir.
Əbülfəs Qarayev daha sonra Neftçala
rayon uşaq incəsənət
məktəbinə gəlib. Məktəbin binası və tədris
şəraiti ilə maraqlanan nazir bildirib ki, yaxşı vəziyyətdə olmayan bu binada
da müvafiq təmir-bərpa
işləri görülməlidir.
AZƏRTAC
Azərbaycan.- 2015.- 26 iyun.- S. 11.